Apelyasiya məhkəməsi ony təqsirli bilsə də, əvvəlki hökmü dəyişib
2010-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olmuş Rasim Quliyev martın 16-da Bakı Apelyasiya Məhkəməsində həbsdən azadlığa buraxılıb. İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 3 il həbs hökmünü dəyişib.
Rasim Quliyevi bu məhkəmə də Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilib. Lakin cəzası 2 ilə endirilib, bu müddət də şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Rasim Quliyev son sözündə özünü təqsirli bilmədiyini, əksinə, özünü və ailəsini zərərçəkmiş hesab etdiyini bildirib.
O, Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-memarlıq abidəsi sayılan binanın sökülməsi, yerində yeni hündürmərtəbəli binaların tikilməsi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verməkdə ittiham olunur. Lakin Rasim Quliyev deyir ki, Dilarə Əliyeva 141 və 145 ünvanında tarixi binaların sökülməsi və yerində yeni hündürmərtəbəli binaların tikintisi haqda hələ 2012 və 2015-ci illərdə Hacıbala Abutalıbovun sərəncamları olmuşdu. O da həmin sərəncamlara əsaslanaraq, 2018-ci ildə növbəti sərəncama imza atıb.
Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. 2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.
Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib. Bundan sonra o, YAP Mərkəzi Aparatında işə təyin olunub.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.