“Rasim Məmmədovu Ramiz Mehdiyevin yaxınları həbs etdirib”

Yerli media fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin Rasim Məmmədovun biznes şəriki olduğunu, bütün pul əməliyyatlarının T.Mehdiyevə məxsus olan “VTB Bank” üzərindən edildiyini yazıb.

Source: Meydan.TV


Vəkilləri Rasim Məmmədovla görüşə bilmir

“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov yanvarın 28-də həbs edilib.

İş adamının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Yanvarın 29-da vəkilləri Elçin Sadıqovla Bəxtiyar Hacıyev onunla görüşmək istəsələr də, icazə verilməyib. Bu barədə vəkil Elçin Sadıqov “Facebook” hesabından paylaşım edib:

“Rasim Məmmədovla görüşə gəlsək də, Dövlət Təhlükəsizliyi Xidməti qanunsuz olaraq bizim Rasim Məmmədovla görüşümüzün qarşısını alır. Əlimizdə order, qalmışıq DTX-nin qarşısında, əlaqə saxladıq, dedilər ki, rəhbərlik icazə verməlidir. DTX-ya teleqram da göndərmişik, bizə cavab verən yoxdur”.

Vəkil daha sonra yazıb:

“Bu arada mətbuatda Rasim Məmmədovun guya AMEA prezidenti Ramiz Mehdiyevin “qara kassa”sı olması barədə deyilənlər həqiqəti əks etdirmir. Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub”.

Yerli media fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin Rasim Məmmədovun biznes şəriki olduğunu, bütün pul əməliyyatlarının T.Mehdiyevə məxsus olan "VTB Bank" üzərindən edildiyini yazıb.

Meydan TV-yə daxil olan məlumata görə, Rasim Məmmədova CM-nin 178.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.5 (mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə hərəkəti ağır nəticəyə səbəb oduqda) maddələri ilə cinayət işi açılıb.

Bildirilir ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyevin şikayətlərində Rasim Məmmədovun onlardan külli miqdarda pul aldığını deyib:

“Şikayət ərizəsində göstərilib ki, Rasim Məmmədov birindən 4, digərindən 3,5 milyon dollar alıb, qaytarmayıb. Əslində isə məslə başqadır. Bakıdakı “Oxford” məktəbi Rasim Məmmədova məxsusdur. Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanı “Oxford” məktəbinə şərik etməyi təklif etsələr də, o, razılaşmayıb. Bundan sonra ona qarşı təzyiqlər başlayıb”.

Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company”nin ətrafında yaranmış qalmaqal zaman-zaman yerli medianın gündəmi olub. İş adamı Nurəddin Zülfiqarlı və keçmiş deputat Nazim Məmmədov (Bəydəmirli) onlara məxsus zavodun əllərindən alınaraq həmin şirkətə verildiyini deyir. Tərəflər arasında uzun müddət məhkəmə çəkişmələri gedirdi.

Ana səhifəSiyasət“Rasim Məmmədovu Ramiz Mehdiyevin yaxınları həbs etdirib”