"Təzyiq edirlər ki, yaxınlarının müqavilə imzaladığı vəkillərdən imtina etsin"
Yanvarın 28-də həbs olunan “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov vəkillərlə görüşə bilmir.
Bu barədə Rasim Məmmədovun yaxınları Meydan TV-yə məlumat veriblər.
Onların sözlərinə görə, Rasim Məmmədova təzyiq edirlər ki, yaxınlarının müqavilə imzaladığı vəkillərdən imtina etsin: "Hətta Rasim Məmmədova həbsindən apelyasiya şikayət vermək də qadağan edilib".
Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə bu barədə danışmaq istəməyib.
İqtisadçı-alim Nazim Bəydəmirli də Rasim Məmmədovdan şikayət edib.
Bəydəmirli Meydan TV-yə bildirib ki, fevralın 1-də Dövlət Təhlükəsizlik Xidmətinə ərizəylə şikayət edib: “İddiamın əsasını Rasim Məmmədovun 2012-ci ilin iyun ayında bizim müəssisəyə öz dəstəsiylə hücumu nəticəsində ciddi maddi ziyanı təşkil edir. Ümumilikdə 5 milyon manatdan çox ziyan vurub və bunun ödənməsini tələb edirəm. Eyni zamanda, istintaqın məni zərərçəkmiş kimi tanımasını və Rasim Məmmədova qarşı irəli sürülən ittihamlardan əlavə quldurluq, soyğunçuluq, insan şəxsiyyətini alçaldan cinayətlərin də əlavə olunmasını istəyirəm”.
Nazim Bəydəmirli Rasim Məmmədova qarşı irəli sürülən ittihamların inandırıcı olmadığını deyib: “Həm iqtisadçı, həm sahibkar kimi təxmin edirəm ki, onun qeyri-rəsmi sahiblərinin gəlirlərini gizlətməsi il ərzində bir neçə 100 milyon civarında ola bilər. Rasim Məmmədov vergi ödəməkdə də müxtəlif maliyyə mexanizmləriylə yayınıb, ona məmur sahibkarlığı dəstək olub və bizə qarşı törətdiyi cinayətləri ört-basdır edənlər hələ vəzifələrdədir. Hörmətli akademik Ramiz Mehdiyevin qohumlarının adının açıqlanması isə Rasim Məmmədovu yazıq qismində cəmiyyətə təqdim etmək məqsədi daşıyır. Çünki ictimaiyyətdə AMEA prezidentinə və yaxınlarına antipatiya mövcuddur. Ona görə Rasim Məmmədovun adının bu səpkidə hallandırılması məqsədli şəkildə onun məsuliyyətdən yayındırılmasına və günahlarının azaldılmasına xidmət edir. Cəmiyyət diqqəti daha Rasim Məmmədovun sahibkarlara qarşı qanunsuz hərəkətlərinə yönəltməlidir. Onsuz da Azərbaycanda müxtəlif vəzifə daşıyanlar məmur sahibkarlığı ilə məşğuldurlar və bir-birindən oğurlayırlar. Amma Rasim Məmmədov işində Ramiz Mehdiyevin yaxın qohumlarını idddiaçı kimi təqdim edilməsi onun cəzalarının ictimai baxımdan yüngülləşdirilməsini istiqamətlənib. Rasim Məmmədov dövlətə daha çox ziyan vurub, iqtisadi fəaliyyəti məhdudlaşdırıb, adam ölkəyə düşmənçilik edib”.
“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov yanvarın 28-də həbs edilib.
R.Məmmədivun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Rasim Məmmədova CM-nin 178.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.5 (mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə hərəkəti ağır nəticəyə səbəb oduqda) maddələri ilə cinayət işi açılıb.