Rasim Məmmədov: “Tez-gec hər şey açılacaq, prezidentə sübut edəcəm ki, mən oğru deyiləm”

Rasim Məmmədov. Foto: Rasim Məmmədovun yaxınlarının arxivindən

“Məni niyə cənab prezidentin gözündən salmalıdılar?”

“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, iki ilə yaxındır həbsdə olan Rasim Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prokuror onun 15 il azadlıqdan məhrum edilməsini, özünün və qohumlarının adına olan 70 milyonluq əmlakın müsadirə olunmasını istəyib. Prosessual qaydalara görə, prokurordan sonra vəkillər müdafiə çıxışı etməlidir. Vəkillər isə hesab edir ki, ümumiyyətlə, məhkəmə istintaqı hələ başa çatmamalıydı. Çünki bir çox vacib məsələləri məhkəmə araşdırmayıb.

Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Noyabrın 28-də keçirilən məhkəmə iclasında vəkillər vəsatət qaldırıb ki, məhkəmə istintaqı yenilənsin, bir çox məsələ araşdırılsın.

“Bizim sübutlarımız məhkəmədə araşdırılmayıb. Zərərçəkmiş qismində tanınan “Baku Steel Company”nin nümayəndəsi nə istintaqda dindirilib, nə də məhkəmədə. Xarici satışla bağlı məsələlər də araşdırılmamış qaldı.

İş materiallarında iki flaşkart var, onlar maddi sübut kimi tanınıb. O flaşkartlara məhkəmə baxış keçirmədi, iş üçün vacib olan məlumatlar araşdırılmadı. Biz ötən məhkəmə iclasında istintaqın yekunlaşacağını, prokurorun çıxış edəcəyini gözləmirdik. Düşünürdük ki, məhkəmə belə vacib məsələləri araşdıracaq, maddi sübutlara baxış keçirəcək”, – vəkil Zibeydə Sadıqova bildirib.

Digər vəkil Pərviz Məmmədov deyir ki, bu cinayət işində nə qədər şirkətlərin adları çəkilir. Lakin məhkəmə araşdırmayıb ki, belə şirkətlər var, yoxsa yox, onların nizamnamələrində nə yazılıb.

Bundan başqa, vəkil xatırladıb ki, iş materiallarında Rasim Məmmədovun qeyd dəftərçəsi var və orada bir çox vacib məsələr öz əksini tapıb. Onlardan biri də həbsilə bağlıdır. Rasim Məmmədov həbsindən təxminən 3 həftə əvvəl – 2021-ci il yanvarın 6-da qeyd dəftərçəsində yazıb ki, onu həbs eləmək istəyirlər. Yanvarın 28-də isə həbs edilib. Məhkəmə həmin dəftərçədə yazılanları da araşdırmayıb.

Rasim Məmmədov özü də araşdırmalardan narazılıq edib. O bildirib ki, istintaq altında olduğu 19 ay ərzində də heç kim onu danışdırmayıb, suallar verməyib ki, o da cavablandırsın. 185 milyon manatlıq yeyintidə ittiham olunduğunu yada salan iş adamının sözlərinə görə, onun bu qədər pul mənimsəməsi mümkün deyildi:

“Bu qədər qazanc ola bilməzdi axı ki, mən də onu mənimsəyim. Qazanılan pulların hara xərcləndiyi Mübarizin (zavodun maliyyə direktoru olmuş Mübariz Yusifov) təqdim etdiyi flaşkartlarda var. Niyə araşdırılmadı? Məndə də var o flaşkartlar, məhkəmədə də. Mən istintaq dövründə əmlaklarımı satıb, 22 milyon qaytarmışam. Amma niyə ödəmişəm, kimin borcunu qaytarmışam, hələ də mənə məlum deyil. İnsanı onun çəkisinə uyğun ittiham edərlər. Yazıblar ki, guya xarici satışdan 60 milyon manat qazanc əldə olunub. Bu rəqəmləri hardan götürüblər, bilinmir. Məni bu dərəcəyə gətirib çatdırmaqda məqsəd nədir? Hər şeyin əvvəli və axırı var. Orada götürüb 300 milyon yazsaydılar, məhkəmə də qəbul edəcəkdi ki, 300 milyon mənimsəmişəm?”.

Rasim Məmmədov vurğulayıb ki, prezidentə onun adından yalan məlumat verib.

“Məni niyə cənab prezidentin gözündən salmalıdılar? Tez-gec hər şey açılacaq. Prezidentə sübut eləyəcəm ki,
mən oğru deyiləm. Nə vaxtsa sənədlər ortaya çıxanda cənab prezident hər şeyi biləcək. Bunun apelyasiyası var, Ali Məhkəməsi var. Mən Azərbaycanın düşməni deyiləm. Hardadır o 185 milyon, neyləmişəm onu? Əgər olsaydı məndə, verib canımı qurtarardım da. Vətən Müharibəsində, pandemiya dövründə – nə vaxt kömək lazım olub, eləmişəm. Vəsatətlərimizi, sənədlərimizi qəbul eləmirsiz, bəs mən günahsızlığımı necə sübut edim? Hər şeyim satılıb, özümə də 15 il həbs cəzası verilsin. Əcəb ədalətdir. Yaxşı ki, belə cəza yoxdur, yoxsa mənim dərimi soyub asardılar…”, – Rasim Məmmədov bildirib.

Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıqovdan ibarət hakimlər kollegiyası məhkəmə istintaqının yenilənməsiylə bağlı vəsatəti təmin etməyib.

Vəkil Zibeydə Sadıqova müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün 2 həftə vaxt verilməsini, eləcə də məhkəmə iclas protokollarıyla tanış olmağa şərait yaradılmasını istəyib:

“16 cildlik işdir. Kifayət qədər böyük və mürəkkəb işdir. 23 məhkəmə iclası keçirilib. İclaslardan ikisində mən iştirak etməmişəm. İclas protokollarıyla tanış ola bilmirik ki, görək orada nə yazılıb…”

Hakimlər vəkillərə çıxışa hazırlaşmaq üçün bir həftə vaxt verib.

Rasim Məmmədovun məhkəməsi dekabrıb 5-də davam edəcək.

“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

Ana səhifəSiyasətRasim Məmmədov: “Tez-gec hər şey açılacaq, prezidentə sübut edəcəm ki, mən oğru deyiləm”