İş adamının 70 milyon manatlıq əmlakına həbs qoyulub
“Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, iki ildir həbsdə olan Rasim Məmmədovun məhkəməsi yekunlaşıb. Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə çıxarılan hökmə əsasən, o, 14 il azadlıqdan məhrum edilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Rasim Məmmədov bu cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Hökmə əsasən, Rasim Məmmədov və yaxınlarına məxsus çoxsaylı əmlaklar müsadirə olunub. Onların sırasında bağ evləri, Bakıda mənzillər, torpaq sahələri, obyektlər və sair var. Həmçinin Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən “Baku Oxford School”un binası da müsadirə olunan əmlaklar arasındadır. Bu məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə üzərinə həbs qoyularkən bu əmlak 22 milyon manat qiymətləndirilib.
Hakim hökmü elan edərkən bildirib ki, istintaq dövründə üzərinə həbs qoyulmuş və prokurorun müsadirə olunmasını təklif etdiyi əmlaklardan üçünün üzərindən həbs götürülüb. Onlardan biri torpaq sahəsi, ikisi isə Bakının Səməd Vurğun küçəsində mənzillərdir. Qalan əmlaklar isə müsadirə olunur. Ümumilikdə müsadirə olunan əmlakların dəyəri 70 milyon manata yaxındır.
Rasim Məmmədov isə təqsirsiz olduğunu, heç bir cinayət törətmədiyini bildirib, bəraət hökmü çıxarılmasını istəmişdi.
“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.