Teyfurə Əliyeva: ”Rasim istəmirdi ki, Cavid kimi birisi onu və ölkəsini təmsil etsin”
Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Camal Məmmədovun vəkili Vüqar Hüseynzadə çıxış edərək bildirib ki, Camal Məmmədovun cinayət işində təqsiri olmayıb.
Daha sonra Rasim Əliyevin anası Teyfurə Əliyeva çıxış edib. O, bildirib ki, Rasim işlədiyi yerdə bir neçə nəfərə rəhbərlik edib: “Onun babası deputat olub, idman ustası olub. Rasim idmanının da , əxlaqın da nə olduğunu yaxşı bilirdi. Rasim ölkəsini, ailəsini sevirdi. O, istəmirdi Cavid kimi biri onun ölkəsini təmsil etsin. Rasim jurnalist kimi fikrini bildirdi. Bu da Cavidin və onun qohumlarının xoşuna gəlmədi. Cavidin etdiyi hərəkəti hər kəs görmüşdü. Onlar Rasimi axtarıb tapdılar, söydülər, təhqir etdilər. Hiylə ilə çağırıb döydülər. Rasim Əliyev təqsirləndirilən şəxslərin heç birini əvvəlcədən tanımayıb. Rasimi döyməsəydilər, o da xəstəxanaya düşməzdi. İndi hamısı günahı başqasının üstünə atır. Bu sırf Cavidin və Elşənin təşkil etdiyi işdir. Heç biri özünü günahkar hiss etmir ki, bir insanın həyatına son qoyublar. Ötən prosesdə fasilə zamanı mən qapıdan çıxanda Elşən dedi ki, yaxşı edib. Bu, sübutdur ki, Elşən özünü təqsirli bilmir”.
Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri replika hüququndan istifadə ediblər. Arif Əliyevin vəkili Fəxrəddin Əliyev bildirib ki, prokuror qərəzli çıxış edib. Samir Mustafayevin vəkili Ruslan Həsənov müdafiə etdiyi şəxsin cinayət işində əli olmadığını deyib. O, bu məsələnin nəzərə alınmasını məhkəmədən xahiş edib. Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev çıxışında bildirib ki, Rüstəm Usubovun qəbulunda olublar: “Onun qəbulunda da bildirdik ki, Rasimin xəstəlik kağızı saxtalaşdırılıb. Həkimlər ona düzgün diaqnoz qoymayıblar. Ona narkoz da vurulmayıb. Məhkəmə də qərəzli mövqe tutdu və verdiyimiz vəsatətlər təmin edilmədi”.
Elşən İsmayılovun vəkili Səfər Hüseynov da çıxışında bildirib ki, Rasim həkim səhlənkarlığının qurbanı olub.
Məhkəmə iclasında təqsirləndirilən şəxslərə son söz demək təklif olunsa da, onlar çıxışa hazır olmadıqlarını deyiblər və məhkəmədən hazırlaşmaq üçün vaxt istəyiblər.
Məhkəmə prosesi martın 17-də davam etdiriləcək.
Fevralın 23-də keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Hazırda Səbail rayon Məhkəməsində Cavid hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.