Samir Mustafayevin anası insult keçirib
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində təqsirləndirilən şəxslərdən Samir Mustafayevin atası Şakir Mustafayev prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ali Məhkəmənin hakimi Ramiz Rzayevə müraciət ünvanlayıb.
Meydan TV-nin məlumatına görə, Ş.Mustafayev müraciətində qeyd edib ki, məhkəmələrin günahsız insanlara cəza verməsini qəbul etmir: ““Qəbələ” Futbol Klubunun oyunçusu Cavid Hüseynova himayədarlıq edən şəxslər onun azad edilməsini təşkil ediblər. Jurnalist Rasim Əliyevin faciəli şəkildə qətlə yetirilməsi ilə əlaqədar ailəmiz dərin təəssüf hissi keçirir. Samir Mustafayev bir vətəndaş kimi Rasim Əliyevin vəfatı ilə bağlı onun ailəsinə, dostlarına dərin hüznlə başsağlığı verib.
İctimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, Samir Mustafayev Rasim Əliyevin döyülməsi və bunun nəticəsində vəfat etməsi faktına görə Bakı şəhər Prokurorluğu tərəfindən aparılan cinayət işi ilə əlaqədar ittiham elan edilib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılıb və Bakı şəhəri Səbail rayon Məhkəməsinin ilkin həbs qərarı ilə barəsində həbs seçilmiş şəxslərdən biri olub. Daha sonra barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanunsuz qərarına əsasən hökm qüvvədə saxlanılıb.
Samir Mustafayev cinayət işi üzrə heç bir təqsirinin olmadığını dəfələrlə bildirib. Azərbaycan cəmiyyətində təqsiri olmayan şəxsin cəzalandırılması institutunu yaradıb inkişaf etdirən hakimlər evlərində gözünü necə yumub yatırlar? Görən bu qanunsuz hökmləri qəbul edən hakimlərin ürəyi partlamır?
Rasim Əliyevin döyülməsi prosesində iştirakı olmayan Samirin missiyası davanın qarşısını almaqdan ibarət olması məhkəmə istintaqında şahidlərin və digər şəxslərin sözləri ilə tam təsdiqini tapıb. Məhkəmələr həmin işi araşdırsa da, yüksək tapşırığa əsasən və Avropa Şurasının nəzarətini bəhanə gətirərək Samiri məhkum etməyə məcbur edildiklərini bildiriblər. Kamera çəkilişindən görünür ki, Samir Mustafayev Rasim Əliyevin zorakılığa məruz qaldığını görən kimi dərhal qaçaraq hadisə yerinə gəlib və hadisəyə müdaxilə edərək onu hücum edən şəxslərdən qurtarmağa çalışıb. Həmin müdaxilə ilə Rasim Əliyev hücum edən şəxslərin əlindən xilas ola bilib və hadisə yerindən uzaqlaşıb. Belə olan halda Samir Mustafayevə Rasim Əliyevin ölümü ilə əlaqədar başlanan cinayət işində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi üzrə məhkum edilməsini tam əsasız hesab edirik. Məhkəmənin çıxartdığı hökm tam ədalətsiz olmaqla yanaşı təsir altında hökm etdiyi hamıya məlumdur.
Samir Mustafayev özünü bu cinayət işi üzrə özünü təqsirli saymır və tezliklə ədalətin bərqərar olacağına inanır.
Bu hadisədə Samir Mustafayevin heç bir günahı olmadan təqsirləndirilməsi onun yaşlı anası Səmaya Mustafayevanın sağlamlığını ciddi sarsıdıb və bunun nəticəsində hazırda, o, insult keçirib. Dənizçilər Xəstəxnananın yerləşdirilib və möcüzə nəticəsində sağ qalıb”.