Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev çıxış edərək həkimlərin və əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev bildirib ki, müstəntiq “Rasim Əliyevin həyatını xilas etmək olardı” sualının qoyulmasında əvvəlcədən maraqlı olmayıb. Əsabəli Mustafayev səhiyyə naziri Oqtay Şirəliyevin məhkəməyə dəvət olunmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Sonra Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev ilkin ekspertizanı keçirən Hadi Hüseynov və komisyon ekspertizanı keçirən Ziyafəddin Məmmədovun prosesə çağırılıb dindirilməsi barədə vəsatət verib. Bu vəsatət təmin olunub.
Proses fevralın 16-da davam etdiriləcək.