Ramzan Kadırov 17 yaşlı oğluna yeddinci vəzifəni verib

Foto: Chechnya today

Çeçenistan rəhbəri Ramzan Kadırov 17 yaşlı oğlu Adəm Kadırova bələdiyyə təşkilatlarında əmlak vergilərinin ödənilməsinə nəzarət etməyi tapşırıb.

Kadırov qərarını çərşənbə günü Çeçenistan hökumətinin üzvləri ilə regionun sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasında açıqlayıb. Təyinat barədə yerli “Chechnya Today” xəbər agentliyi məlumat yayıb.

OC Media yazır ki, rəsmi açıqlamada yeniyetməyə konkret hansı səlahiyyətlərin verildiyi, bu iş üçün nə qədər əmək haqqı və ya başqa formada mükafat alacağı göstərilmir. Adəm Kadırovun hansı müddətə bu vəzifəyə cavabdeh olacağı və hansı bələdiyyə şirkətlərinin onun nəzarətinə keçəcəyi də qaranlıq qalır.

Bu, Adəm Kadırovun 2023-cü ildən bəri aldığı yeddinci rəsmi vəzifədir. O, həmin il istintaq təcridxanasında Quranı yandırmaqda təqsirləndirilən rusiyalı Nikita Juravelə hücum edərək ictimaiyyətin geniş diqqətini cəlb edib.

Adəm Kadırov atasının şəxsi təhlükəsizlik xidmətinin rəhbəri, Çeçenistan Təhlükəsizlik Şurasının katibi, Qudermesdəki Xüsusi Qüvvələr Universitetinin nəzarətçisi, Çeçenistanın Benoa Baisanqur və Şeyx Mənsur batalyonlarının (Müdafiə Nazirliyinin tərkibində) nəzarətçisi, Çeçenistan Xarici İşlər Nazirliyinin maliyyə təşkilatının “nəzarətçisi”, Çeçenistan Daxili İşlər Nazirliyində baş məsləhətçidir.  O, həmçinin, Qəzza zolağının sakinləri üçün humanitar yardıma nəzarət edir.

Adəm Kadırov yetkinlik yaşına çatmamasına və siyasi təcrübəsinin olmamasına baxmayaraq təyinatlar alıb. Onun məktəbi bitirib-bitirmədiyi bəlli deyil — ictimai elanlara görə, o, 2015-ci ildə birinci sinfə başlayıb, lakin o vaxtdan onun akademik uğuru barədə məlumat yoxdur. Ramzan Kadırov oğlunun məktəbi kənardan bitirib-bitirmədiyini açıqlamayıb, ona görə də Adəm Kadırov hazırda yalnız 10-cu sinifdə oxumalıdır.

Kadırovun Adəmi öz varisi kimi hazırlaması və hakimiyyətin ona ötürülməsi üçün hüquqi və ya siyasi mexanizm axtarması ilə bağlı geniş fikirlər yayılıb. Rusiya qanunlarına görə, rəsmi dövlət vəzifələrinin birbaşa ailə üzvlərinə ötürülməsinə icazə verilmir və regionun rəhbəri olmaq üçün minimum yaş həddi 30-dur.

Bu həftənin əvvəlində jurnalistlər Adəm Kadırovun ”Jacob & Co” saatı taxdığını yazıblar –  bu 104 brilyant daşla bəzədilmiş Epic SF24 modelidir. Saatın qiymətinin 500.000 dollardan çox olduğu təxmin edilir. Toyunda o, yüzlərlə brilyantla bəzədilmiş ”Milyarder ASHOKA” saatını taxıb. Bu saatın təxmini dəyəri təxminən 7 milyon dollar idi.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəDünyaRamzan Kadırov 17 yaşlı oğluna yeddinci vəzifəni verib