Ali Məhkəmənin sədri Ramiz Rzayev həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
Trend-in məlumatına görə, Ali Məhkəmənin sədri bu məsələ ilə bağlı konkret qərar qəbul olunmadığını deyib: “Bununla bağlı müraciət olubsa, Ali Məhkəmə müraciəti plenuma çıxaracaq. Lakin artıq hər hansısa müraciətə baxılıbsa və qərar qəbul edilibsə, Ali Məhkəmə ikinci dəfə məsələyə baxmayacaq. Bu işlə bağlı ya müraciət olunmalıdır, ya da Baş Prokurorluq protest verməlidir. Bu müraciətlər olmasa, biz hər hansısa işə baxa bilmərik”.
Xədicə İsmayılın vəkillərindən biri Yalçın İmanov Meydan TV-ə R.Rzayevin fikirləri ilə bağlı açıqlama verib: “Belə başa düşürəm ki, hörmətli Ramiz Rzayevin Xədicə İsmayılın şikayətinin hansı mərhələdə olmasından xəbəri yoxdu. Xədicə İsmayılın işindən kassasiya şikayəti verilibdi. Ali Məhkəmə sədrinin dediyi isə əlavə kassasiya şikayəti və yaxud da kassasiya protesti mərhələsində olanları nəzərdə tutur. Hazırda Xədicə İsmayılın barəsində 25 noyabr 2015-ci il tarixində Bakı Appelyasiya Məhkəməsinin qərarından həm kassasiya şikayəti, həm də kassasiya şikayətinə əlavələri təqdim etmişik. İş Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatındadı. Konkret baxılma günü təyin olunmayıb və ümid edirik ki, tez bir zamanda təyin olunar”.
Vəkilin sözlərinə görə, kassasiya mərhələsindəkinə baxan məhkəmənin qərarından sonra Ramiz Rzayevin dediyi mərhələ başlayır: “Əlavə kassasiya şikayəti və yaxud kassasiya protesti mərhələsini keçməmiş sədrin dediyi mərhələdən danışmağa və yaxud tətbiq etməyə qanunvericilik imkan vermir”.
Xatırladaq ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
Hökmdən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Jurnalist Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.
“Amnesty International” Xədicə İsmayılı vicdan məhbusu elan edib.