Ramiz Mehdiyevin təqdimatlar günü

Yoxsa Ramiz müəllim də “yıxılana balta çalmaq” prinsipiylə işləməyə başlayıb?

Source:
Ramiz Mehdiyev
Ramiz Mehdiyev


Yoxsa Ramiz müəllim də “yıxılana balta çalmaq” prinsipiylə işləməyə başlayıb?

Bütün gözləntilərin, yayılan xəbərlərin əksinə olaraq Ramiz Mehdiyev yerində qaldı. Növbədənkənar prezident seçkisindən sonra, hələ qalib gəlib-gəlmədiyi dəqiq bilinmədiyi günlərdə İlham Əliyev növbədənkənar sərəncamla Ramiz Mehdiyevə 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeni də verdi. Bir çoxu bu ordeni “boz kardinal”a təqaüd hədiyyəsi kimi dəyərləndirdi. Bəziləri düşünürdü ki, seçkidən sonra formalaşdırılacaq komandada Ramiz Mehdiyev post tutmayacaq. Bu ödül də onun könlünü xoş etmək üçün hədiyyə edilib. Administrasiya rəhbəri postu Paşayevlərə yaxın şəxslərdən birinə veriləcək. Ancaq seçkidən sonra yeni komanda, demək olar, tam formalaşdırılıb və Mehdiyev hələ də yerindədir. Üstəlik, bu dəfə tənqidi mövqeyi ilə gündəmə gəlib.

Ölkənin rüşvət, korrupsiya bataqlığına yuvarlanmasının başlıca səbəbkarlarından biri olaraq (1993-cü ildən üzü bəri kadrların seçilib yerləşdirilməsində, deputat mandatı alverində onun söz sahibi olduğu dəfələrlə vurğulanıb. Elşad Abdullayev-Gülər Əhmədova olayında pulla dolu diplomatın “otvyorka” ilə açılması məsələsi və s.) onun bu gün kimlərisə bunda ittiham etməsi maraq doğurmaya bilməz.

Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrini kollektivə Ramiz Mehdiyev təqdim edib. Yayılan informasiyalarda bildirilir ki, artıq keçmiş sədr sayılan Nazim İbrahimov da dünən komitədə olub və kollektivlə sağollaşıb. Ancaq o, kollektivlə Ramiz müəllim ora gəlməzdən qabaq görüşüb. Saytlarda yayılan fotolarda Nazim İbrahimovun kollektivlə səmimi ayrılması əksini tapıb. Böyük bir kollektiv çox xoş ovqatda Nazim müəllimlə şəkil çəkdirib. Bu şəkillərdə keçmiş sədrə simpatiya açıq-aşkar duyulur.

Ramiz Mehdiyevin deputat Fuad Muradovu kollektivə təqdim etdiyi barədə yayılan xəbərlərdə paylaşılan şəkildə isə kollektiv adına 18-20 nəfər var. Həmin təqdimatda Ramiz Mehdiyev deputat kimi hansısa fəaliyyəti ilə yadda qalmayan Fuad Muradovu kollektivə tərifləyib: “Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”. Niyə, hansı səbəbə tərifləyib? Bunu zaman göstərəcək…

Yeni sədri göylərə qaldıran PA rəhbəri əvəzində keçmiş sədri korrupsiyada, dövlətin ayırdığı pulları mənumsəməkdə ittiham edib: “…Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib. Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Nazim İbrahimov bu posta 2008-ci ilin noyabrında gətirilib. Həmin vaxt N.İbrahimovu kollektivə kimin təqdim etdiyini xatırlamıram. Ancaq onda İbrahimov qardaşlarının hamısının ulduzunun parlayan vaxtıydı. Böyük bir biznes imperiyası yaratmışdılar. Son illərdə bu qardaşlarla bağlı hakimiyyətin problemləri yaranıb. Tağı İbrahimovun ATV-si əllərindən alınıb, Hacı İbrahimin biznesinə əl qoyulub, o biri qardaşlar da artıq görünmür. Sonuncu zərbə Diaspor sədrinə vuruldu. Maraqlıdır, 2008-dən bəri keçən 10 ildə nədən Nazim İbrahimovun korrupsioner olduğu, dövlət əmlakını mənimsədiyi barədə kimsə bir söz deməyib, o sıradan Ramiz Mehdiyev? Ölkədə bütün sahələrə nəzarət edən Ramiz müəllim, doğrudanmı, bu “korrupsionerin” əməllərindən indi xəbər tutub? Korrupsiyaya qarşı mübarizə aparanlar hara baxıb? İllik hesabatlarında korrupsiya ilə mübarizədə müəllimdən, bağça tərbiyəçisindən, MİS müdirindən uzağa getməyən bu qurum nədən “öz ünvanına çatmayan maliyyə yardımını” görməyib?

Bəs Hesablama Palatası yoxlamaları necə aparıb? Niyə mənimsəmələri ortaya çıxara bilməyib? Prezident Administrasiyası rəhbərinin bu mesajından sonra heç onları sorğulayan olacaqmı?

Ramiz Mehdiyev iştirak etdiyi başqa bir təqdimatda da, Dövlət Miqrasiya Xidmətinin yeni rəhbəri Vüsal Hüseynovu (yeri gəlmişkən, o, 2011-ci ildən Ramiz Mehdiyevin Administrasiyasında işləyib – R.H.) kollektivə təqdim edərkən, gedənin dalınca danışıb. Yoxsa Ramiz müəllim də “yıxılana balta çalmaq” prinsipiylə işləməyə başlayıb? Yayılan xəbərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbərini korrupsiyada ittiham etdiyi bildirilir. O, bir az da qəzəbli danışıb və buna son qoyulmasını tələb edib: “Azərbaycan prezidenti hesab edir ki, korrupsiyaya son qoymaq lazımdır və xidmət şəffaf işləməlidir. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. Əgər Dövlət Miqrasiya Xidməti Azərbaycana hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”. Bilməyənlər üçün deyək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 2011-2014-cü illərdə bu “lazımsız qurumda” rəisin 1-ci müavini olub. O səbəbdən Ramiz müəllimin Dövlət Miqrasiya Xidmətində baş verənlərdən indi xəbər tutmasına kimsəni inandırmaq mümkün deyil. Bəs bu qədər susmaqda məqsəd nə olub? Axı cinayəti bilib susmaq özü cinayət sayılır. Bəlkə, bu ifşada başqa səbəblər var…

Ancaq ən maraqlısı Ramiz Mehdiyevin yeni “Qaçqınkom” sədrini kollektivə təqdim edərkən korrupsiyadan, rüşvətxorluqdan danışmamasıdır. Azərbaycanda ən korrupsioner qurumlardan sayılan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 20 ilə yaxın müddətdə rəhbərlik edən Əli Həsənov haqqında onun susmasıdır. Əli Həsənov özü çıxışlarının birində demişdi ki, son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunub. Az məbləğ deyil, Ramiz müəllim!

P.S.Görəsən Dövlət Gömrük Komitəsi sədrinin təqdimatına getsəydi, Ramiz Mehdiyev nədən danışacaqdı?!”

Ana səhifəAnalitikaRamiz Mehdiyevin təqdimatlar günü