Erkin Qədirli: “Dəyişən o oldu ki, böyük neft pulu gəldi və bunun sayəsində siyasi səhnəni qapatdılar”
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oktyabrın 25-də Prezident yanında İdarəçilik Akademiyasındakı çıxışı hələ də müzakirə olunur. Kadr böhranından danışan Ramiz Mehdiyev bildirib ki, 70 il əvvəl kommunistlərin səyi ilə ləğv olunan savadsızlıq yenidən qayıdır. Eyni zamanda,administrasiya rəhbəri vətəndaşların və məmurların marksizm-leninizm təfəkkürünə xas olduğunu da deməyi unutmayıb. Meydan TV Ramiz Mehdiyevin sual dolu iradlarını REAL İdarə Heyətinin üzvü Erkin Qədirli iləmüzakirə etdi.
–
Erkin bəy, siz də Facebook səhifənizdə çıxışa münasibət bildirmisiniz. Ramiz Mehdiyevin çıxşıyla hakimiyyətin postneft dövrünə hazırlaşdığı qənaətini ortalığa qoymusunuz. Nədən başlayır bu qənaətiniz?
– Təbii ki, yazdıqlarım mənim fərziyyəmdir. İstəməzdim ki, oxucular fikirlərimi hazır hərəkət kimi qəbul etsunlər. İddia etmirəm ki, söylədiklərim məhz iqtidarın planlaşdırdığıdır. Ancaq uzun illərdir bu iqtidarı tanıyırıq və heç zaman hakimiyyətin özünü açıqda tənqid etdiyini görməmişik. Hakimiyyətdən həmişə cəmiyyətə nəql olunan fikirlər özünü tərifdən ibarət idi və bu, o dərəcədə kəskin mənfi hala çevrilmişdi ki, qarşı tərəf olan müxalifət də özünü tərifə məcbur olmuşdu. Cəmiyyətimiz ritorik düşərgələrə bölünmüşdü: iqtidar da, müxalifət də özünü tərifləyirdi. Təbii ki, tənqid də ancaq qarşı tərəfə ünvanlanıb. Beləliklə, bugünə qədər özünütənqid heç bir düşərgədə olmayıb. Əvvəlki müsahibələrimdə də demişəm ki, mövcud durumda əsas məsuliyyət hakimiyyətin üzərinə düşür. Bütün resurslar hakimiyyətdə olduğu üçün onlar özünütənqidə başlamayınca müxalifət də buna başlamayacaq. Eyni zamanda, hakimiyyətin gördüyü doğru işləri dəyərləndirməyəcək. İndiyə qədər hakimiyyətin belə addım atmadığı aşağı-yuxarı bəlliydi. Xüsusilə 2003-cü ildən bəri böyük neft pullarının axını elə bir hal yaratmışdı ki, iqtidarda əminlik böyük pik nöqtəsində çatmışdı. Və riskləri azaltmaq üçün idarəetməni peşəkarlıq deyil, daha çox loyallıq üzərində qurmuşdular. Yəni şəxsi sədaqət. Bu isə məhz neft pullarının paylanması vasitəsilə olurdu. El arasında da bu söhbətlər var və bir çox jurnalist araşdırmalarında da görmüşük. Bəlli olaraq patron münasibətləri var, buna şərti olaraq oliqarxik münasibətlər də demək olar, amma mahiyyət etibarıyla oliqarxiya deyil. Sadəcə, hərənin öz adamı var və bunlar vasitəsilə funksiyalar icra olunur, yəni keyfiyyətə yox, sədaqətə baxılır. Nə qədər ki, sadiqsən, pul da alacaqsan, iş görəcəksən, bununla da yeyintidə də bir az sərbəst olacaqsan. Təki sabitlik olsun!
–
Bəs Ramiz Mehdiyevin çıxışı nə idi?
– Ramiz Mehdiyevin çıxışı o demək idi ki, pul azalır, artıq əvvəlki qədər böyük pullar hesabına sədaqəti təmin etmək mümkün olmayacaq. Eyni zamanda, bu qədər şişirdilib monstra çevrilmiş dövlət aparatını saxlamaq mümkün olmayacaq. Bir-birini əvəzləyən, bir-birini yoxlayan dövlət orqanları, müfəttişlər, komitələr, hələ alt qurumlar cəmiyyətin inkişafını, xüsusən iqtisadi inkişafı çox əngəlləyirdi. Həm də siyasi hakimiyyətin içində məlumatlaşmanı əngəlləyirdi.
–
O, sovet dövrünün partiya məktəbindən örnək gətirib…
– Bəli. Yeri gəlmişkən, Ramiz Mehdiyevin çıxışında o da var. Düzdür, Mehdiyev bunu elmi araşdırmalar şəkilində deyib, amma söhbət yalnız bundan və sosioloji sorğulardan getmir. Ümumiyyətlə, söhbət dürüst siyasi məna kəsb edən məlumatlardan gedir. Bugünə qədər hakimiyyətin qurduğu məlumatlandırma sistemi əməliyyat-axtarış məlumatları səviyyəsindəydi. Yəni hakimiyyət cəmiyyət barədə məlumatları xüsusi xidmət orqanlarından toplayırdı. Polis, MTN və bəlkə də başqa qurumlar var ki, əməliyyatsayağı məlumat verirdi. Məsələn, Natiq Cavadlıyla Erkin Qədirli filan yerdə görüşdülər və 1 saat filan mövzudan danışdılar. Amma bu cür məlumatlar o qədərdir ki, kanal tıxanır, yəni məlumat kanalı bir dənədir. Canlı yayım yox, müzakirələr yox, televiziya və radiolar nəzarətdə, eyni zamanda, cəmiyyətdə dialoq yoxdur, ümumiyyətlə, iqtidar-müxalifət münasibəti və parlamentdə fraksiyalar da yoxdur. Beləliklə, heç bir siyasi müzakirə olmadığı halda yeganə kanal əməliyyat-axtarış sayağı məlumatlardır. O da tıxanır, mənasız məlumatlarla dolduğundan, hansını ki, təhlil etmək mümkün olmur. SSRİ vaxtında da belə olmuşdu, ən məlumatlı qurum DTK idi, amma nə oldu?!
–
Ancaq Ramiz Mehdiyev sovet dövründə, yəni indiki akademiyanın partiya məktəbi olduğu zaman elmi şəkildə təhlillər apardığını vurğulayıb. 25 oktyabrda akademiya rəhbəriyinə buna görə irad bildirdi…
– Aparılırdı, əslində o zaman həmin təhlillərin keçərliyi ondaydı ki, hər şeyə partiya nəzarət edirdi və ölkə dövlətin əlindəydi.Ona görə anlayışlar da marksist-leninçi nəzəriyyələrə uyğun sistemləşdirilmişdi, təhlil də hər beşilliyə hesablanan hesabatlılıq məlumatlarıydı.
–
Onun çıxışında bir ziddiyyət sezilirdi: həm 70 il əvvəl marksist-leninizm nəzəriyyəsinə əsaslanan kommunistlərin savadsızılığı ləğvindən danışır, həm də insanların və məmurların marksist və leninçi düşüncəyə malik olduğunu vurğulayır.
– Bu, ziddiyyət yox, universitetlərdə akademik azadlığın olmaması, universitelərdə dərs deyən kadrların yeniləşməməsi deməkdir. Məsələ ondadır ki, totalitar rejimlər həmişə savadsızlığı ləğv etməyi qarşılarına məqsəd kimi qoyub. Totalitar rejimlər ona görə hamını savadlandırırlar ki, totalitar təbliğat hamıya çatsın, hamı partiyanın proqramını oxuya bilsin.
–
Bəlkə məmurları marksist-leninist hesab etməklə onların maddiyata çox bağlı olduğunu demək istəyir?
– Yox, maddiyatçılıq tamam başqadır. Senzuranın qalması, canlı müzakirələrin olmaması və kadrların yeniləşməməsi nəticəsində durğunluq yaranıb. Bu saat araşdırın, görün universitetlərdə fəlsəfədən kimlər dərs deyir, həmin o marksist-leninçi professorlar. O cümlədən, tarixdən və hüquqdan.Mən onları qınamıram, sadəcə, zamanları bitib. Mehdiyev sözgəlişi həmin fikri dedi.
–
Yəni Ramiz Mehdiyev kimi yüksək rütbəli məmur sözgəlişi fikir işlədir?
– Mən sizi inandırıram ki, o heç Marksı da oxumayıb, bilmir də.
–
Amma marksizm tərbiyəsi alıb…
– O başqa, cansıxıcı mühitdə başqa ədəbiyyat da yox idi.
–
Bütün hallarda Mehdiyevin çıxışını “Yeni Müsavat”ın yazdığı kimi hakimiyyətin böyük dəyişikliklər anonsu hesab edirsinizmi?
– Yox, bu çıxış hələ çox kövrək bir başlanğıcdır. Hələ nə demək olduğu bilinmir. Ona görə əhəmiyyətini böyüdüb çox da yanlış gözləntilər yaratmağın heç bir mənası yoxdur. Ardını gözləyək, çünki Mehdiyev akademik müəssisədə bir çıxış edib, düzdür, onun rütbəsini nəzərə alsaq, ehtimallar irəsi sürüb “bu, nəyinsə başlanğıcı ola bilər” deyə bilərik. Amma olmaya da bilər.
–
Xatırlayırsınızsa, Ramiz Mehdiyev 3-4 il əvvəl televiziyalar barədə sərt məqalə yazmışdı, ancaq heç bir dəyişiklik olmadı…
– Əlbəttə, dəyişmədi. Ona görə deyirəm ki, bir çıxışla vəziyyət dəyişmir.
–
Bəs sonuncu çıxışıyla nə demək istəyir?
– Sadəcə, yavaş-yavaş anlayırlar ki, yalnız pulla, sədaqətlə məsələ düzəlmir, yəni loyallıq vacibdir, ancaq peşəkarlıq da lazımdır. Amma peşəkar bəlli bir sərbəstlik istəyəcək, peşəkar odur ki, özünə hörmət edir, biliyinə güvənir və biliyinə uyğun da hörmət gözləyir. Yəni siz məni muzdlu işçi kimi götürürsünüzsə, yəqin ki, biliyimə güvənib bu addımı atıbsınız, o zaman biliyimə uyğun da sərbəstlik verin. Başımın üstündə məndən aşağı səviyyədə məmur təyin etməyin, yaxud etdiyim hər hansı hərəkəti siyasi loyallıq baxımından dəyərləndirməyin, yalnız işin nəticəsini tələb edin.
–
Bəs özünüzün yazdığınız kimi riskləri azalda biləcəklərmi?
– Onu mən necə bilim?Bunu sistemin içində olanlar bilər.
–
Ehtimalınız nədir?
– Çox çətindir. Bilirsiniz, peşəkar kadrlar götürə bilərlər, amma işlədə bilməyəcəklər. O qədər olub ki, xaricdə oxuyanlar gəlib dövlətdə işləmək istəyiblər, bəlli bir müddətdən sonra müxtəlif bəhanələrlə kənara çəkiliblər. Ya özəl sektora gediblər, ya da xaricə qayıdıblar. Ramiz Mehdiyevin çıxışında o məqam da var, akademiyanın məzunlarının əksəriyyəti dövlət vəzifələrində işləmək istəmirlər, özəl sektora üz tuturlar.Çünki özəl sektorda pulla yanaşı rahatlıq da var. Dövlət bu tələbatı, güvəni təmin edə bilməyib, həm də peşəkarlığın mühitini təşkil edə bilməyib. Universitetləri götürək, akademik azadlıq olmayan yerdə hansı bilik öyrədə bilərlər, müəllimin də həvəsi öləcək, tələbənin də həvəsi olmayacaq.
–
Erkin bəy, söhbətimizi Ramiz Mehdiyevin çıxışının sonunda “nə baş verir” sualına sizin cavabınızı bilməklə bitirmək istərdik. Sizcə, ölkədə nə baş verir?
– Bu suala cavab vermək çox çətin olacaq, çünki geniş açıqlama tələb edir. Azərbaycanda çox mənfi şeylər baş verir. Ölkə tənəzzülə uğrayır, iqtisadiyyat inkişaf etmir, siyasi səhnə qapadılır, insan haqları pozulur, təqiblər artır, hansını anladasan ki, ağlabatan cavab olsun. Biz hardaydıq, hara getdik. Bugündən 90-cı illərə baxanda tamam başqa mənzərə görürük, o zaman da narazıydıq, amma o illər daha rahat və azad idik. 90-cı illərdə QHT-lər sərbəst idi, parlamentdə müxalifət var idi, telekanllarda canlı yayım olurdu, mitinqlər keçirilirdi, yüz min tirajı aşan qəzetlərimiz var idi. Bir sözlə, televiziyalarda ucuz şoular yox, ciddi siyasi müzakirələr gedirdi. Eyni xalq, eyni televiziyalar və mediadır, bəs nə dəyişdi? Dəyişən o oldu ki, böyük neft pulu gəldi və bunun sayəsində siyasi səhnəni qapatdılar.
–
Və insanların vicdanını “abort” etdilər?
– İndi bu, mistik bir ifadədir, sadəcə, insanlar uyğunlaşmağa başladılar. Pul var, hamısusur, amma pul qurtarır və iqtidar başa düşür ki, bu qədər şişmiş dövlət aparatı hakimiyyətin özünün siyasi məqsədlərinə uyğun gəlmir, hətta təhlükə yaradır. Çünki onları idarə etmək üçün o qədər pul olmayacaq. Belə olanda ixtisara salmaq lazımdır, ixtisara salırsan, sosial gərginlik yaranır, ixtisara salmırsan, işini əngəlləyir, havayı maaş alır, peşəkar olmadığından gördüyü iş də yaramır. Ona görə ardını gözləyək, əgər islahat istəkləri varsa, bir-birini təkrarlayan dövlət qurumlarını ləğv etməli, yaxud bir xeylisini birləşdirib böyük qurumlar yaratmalıdır. Beləliklə, azsaylı məmurla geniş səlahiyyətli hökumət qura bilsələr, onda hakimiyyətin açılıma doğru getməyə başladığını demək olar.