Akademikin artıq vəkil tutduğu bildirilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ona böhtan atanları məhkəməyə verəcək. Bu barədə AMEA-nın rəsmi
saytı
nda məlumat verilib. Bildirilir ki, Ramiz Mehdiyev artıq vəkil tutub.
AMEA-nın məlumatında “
Təzadlar
” qəzetinin yazdıqlarına aydınlıq gətirilib. Qeyd olunub ki, sentyabrın 9-da bu qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib. AMEA prezidenti isə siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib.
“Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb”, – məlumatda qeyd olunur.
Qurum bəyan edir ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməyib. AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir.