“Prezident və mən xətalardan sığortalı olmamışıq”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev növbəti məqaləsini yayıb. Məqalə AMEA-nin
saytı
nda dərc olunub.
“Tənqidlə böhtanı səhv salanlar, yaxud ötən yazılarımın izi ilə…” başlıqlı məqaləsində şair Mirzə Ələkbər Sabirin misralarından sitat gətirən akademik sonuncu məqaləsinə münasibətdən təəssüflənir:
“Təəssüflə qeyd etməliyəm ki, tanış olduğum rəylər və şərhlər məndə jurnalistlərimizin və ekspertlərimizin hələ də ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyünü, gələcəyini təhdid edən reallıqların mahiyyətini və miqyasını dərk edə bilmədiyi təəssüratını yaratmış oldu. Doğrudur, baş verənlərdə hər vəchlə şəxsim ətrafında yaradılmış ucuz şounu uzatmağa, ona daha çox tamaşaçı cəlb etməyə çalışan qaraguruhçuların, şəxsi bacarıqsızlığı ucbatından həyatda heç bir ciddi mövqe qazana bilməyib, bunun təqsirini məndə axtaranların da rolu az deyil. Özlərini gözə soxmaq, süfrə qır-qırıntısından pay almaq üçün dəridən-qabıqdan çıxan həmin şəxslər ictimaiyyətin diqqətini xalqımızın və dövlətimizin gələcəyi baxımından olduqca vacib olan məsələlərdən yayındırıb, onun başını nağıllarla qatmaqla xalqımıza böyük pislik edirlər. 20 faiz torpaqları düşmən tapdağı altında olan, pandemiyanın doğurduğu sosial-iqtisadi çətinliklərlə mübarizə aparan bir ölkənin gündəmini Ramiz Mehdiyevin nəvəsinin məclisi ilə məşğul etməkdə maraqlı görünənlərin dövlətimizə dost olmadığı gün kimi aydındır”.
Ramiz Mehdiyev bir daha xatırladıb ki, karantin günlərində müxtəlif məclislər təşkil edənlər hələ əlləri qandallı məhkəmə önünə çıxarılmayıb:
“Ədalətdən söz düşmüşkən, mən ilk açıqlamamdakı müraciətimi bir daha yada salmaq istəyirəm. Üzümü millət vəkillərimizə və media nümayəndələrinə tutaraq xatırladıram ki, karantin günlərində müxtəlif məclislər təşkil etməklə, inzibati xəta törədən və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən yüksək vəzifəli şəxslərin heç biri hələ də əlləri qandallı məhkəmə önünə çıxarılmayıb”.
O, bu xüsusda Prezident İlham Əliyevin 31 avqust tarixli çıxışını da misal çəkib:
“Prezident İlham Əliyev bir daha hər kəsin qanun qarşısında bərabər olduğunu və kimliyindən asılı olmayaraq qanunları pozanların cəzalandırılacağını xüsusilə vurğulayıb. Obyektivlik naminə qeyd etmək lazımdır ki, dövlət başçısı bu fikri hər zaman, xüsusilə də karantin rejiminin ilk günlərindən etibarən dəfələrlə səsləndirib. Ancaq nədənsə qanunların icrasına gəldikdə məsul qurumlar və mətbuatımız pozuntulara xüsusi seçim qaydasında yanaşmağa üstünlük verirlər. Heç şübhəsiz ki, bu seçimin, bu “diqqətin” meyarları bütün cəmiyyətimiz kimi mənim üçün də qaranlıq qalır. İnanmaq istəyirəm ki, qanun keşikçiləri və qanunun aliliyi haqqında ağızdolusu danışmaq üçün bir-birilə qızğın rəqabətə girişmiş qələm sahiblərimiz və millət vəkillərimiz ölkə başçısının çağırışlarına qulaq verəcək, özlərində qətiyyət toplayaraq bütün günahkarları ifşa edə biləcəklər. Bu, Prezidentin onların qarşısında qoyduğu vəzifə və mənəvi öhdəlikdir. Dövlət başçısının tapşırıqları isə istisnasız, vaxtlı-vaxtında icra olunmalıdır”.
“Satılmaq istəyənlər satılacaq…”
AMEA prezidenti sonuncu yazısına verilən reaksiyalardan təəccüblənsə də, fikrində qaldığını vurğulayıb:
“Mən kimin nə deməsindən asılı olmayaraq yenə də öz fikrimdə qalıram. Bu həyatda hər kəs öz mənəvi prinsipləri çərçivəsində, dünyagörüşünə, özü üçün müəyyən etdiyi ləyaqət kodeksinə uyğun yaşayır. Hər zaman belə olub, belə də olacaq. Satılmaq istəyənlər satılacaq, əqidəsini dəyişmək istəyənlər dəyişəcək və belə insanların öz hərəkətlərini əsaslandırmaq üçün həmişə bir bəhanəsi tapılacaq”.
Akademik yazısında din tarixindən sitat gətirib:
“Dini mətnlərin bildirdiyinə görə, Adəmdən həzrəti Məhəmmədə qədər bəşəriyyətə minlərlə peyğəmbər göndərilib. Lakin onlar nəinki bütün insanlığı, bəzən heç ətrafındakı səhabələrini belə bütünlüklə islah etməyə müvəffəq olmayıblar. İsa peyğəmbəri satan və ondan üz döndərən bəzi həvarilərin xəyanəti, Məhəmməd peyğəmbərin ölümündən sonra səhabələr arasında baş verən nifaqlar, onun nəvəsi İmam Hüseynin ailəsi ilə birlikdə özünü müsəlman hesab edən bir cəmiyyətin qorxaqlığı və hərisliyi səbəbindən xaincəsinə şəhid edilməsi insan xislətinin naqisliyinə dəlalət edən danılmaz tarixi sübutlar deyilmi? Peyğəmbərlərin belə öhdəsindən gələ bilmədiyi bir missiyanın yerinə yetirilməsini məndən gözləyənlər ya çox sadəlöhv, ya da hədsiz dərəcədə qərəzli şəxslərdir”.
“Mən təbiətim etibarı ilə sağlam, qərəzsiz tənqidə açıq insanam”
Ramiz Mehdiyev Azərbaycan mətbuatının problemləri və onun inkişaf perspektivlərinin daim onu narahat etdiyini deyib:
“Mən bu barədə öz fikirlərimi yazmışam və KİV redaktorları ilə görüşlərimdə də mövqeyimi dəfələrlə onlara çatdırmışam. Administrasiyanın rəhbəri olduğum dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti məni əsla qane etməyib. Onu da qeyd etməliyəm ki, bəzi şəxslərin bu məsələdə zaman-zaman mənə təklif etdikləri dekorativ, aldadıcı dəyişikliklərin qəti əleyhinə olmuşam. Televiziyaların loqolarını və studiyalarını, saytların dizaynlarını dəyişməklə, köhnə aparıcıları, qonaqları yenilərilə əvəzləməklə, əsassız tənqid dozasını artırmaqla azad, mütərəqqi, cəmiyyətin problemlərinə həssas yanaşan, əqidəli mətbuat yaratmaq cəhdləri əbəsdir. Çünki sadaladıqlarım mahiyyətcə mətbuatın islahatı yox, islahatın imitasiyası deməkdir. İmitasiya isə müvəqqəti həll yoludur, onun sonu isə daha böyük məyusluqdur. Məsələnin həlli mətbuatın roluna sistemli baxışdan və ictimai iradədən keçir. Bu iki amil formalaşmadan KİV-lərdən keyfiyyət dəyişikliyi gözləyənlər özünüaldatma ilə məşğul olur, mənasız ümidlərlə yaşayırlar. Mənim mətbuat haqqındakı mülahizələrimə münasibət bildirən bəzi şəxslərin ittihamları isə ümumiyyətlə gülüncdür. Onlar məni guya Qərbin aparıcı KİV-lərinin Bakıdakı ofislərini bağlamaqda, onların ölkəmizdəki fəaliyyətinə qadağa qoymaqda günahlandırırlar. Deyəsən, belə bəsit ittihamlar səsləndirənlər unudurlar ki, mən Prezident Administrasiyasının rəhbəri olmuşam. Bu vəzifənin səlahiyyətləri qanunla müəyyən olunub və tənzimlənir. Mən həmişə öz səlahiyyətlərimin, hüquqlarımın sərhədlərini dəqiq bilən bir şəxs olmuşam. Ona görə də ixtiyarımda olmayan məsələlərə görə məsuliyyət daşımaq, yaxud tənqid eşitmək niyyətindən uzağam. Ümumiyyətlə, mən təbiətim etibarı ilə sağlam, qərəzsiz tənqidə açıq insanam. Lakin məni az qala Azərbaycanda keçmişdə baş vermiş və gələcəkdə baş verəcək bütün günah və cinayətlərdə ittiham edənlərin məntiqi həqiqətən də ağlasığmazdır. Xarici İşlər, Mədəniyyət, Təhsil, Səhiyyə, Milli Təhlükəsizlik sahələrinin öz rəhbərləri olduqları halda, oradakı bütün qüsurları mənim üzərimə atmaq nə deməkdir? Bu yanaşma kimin işinə yarayır?”
“Dəyişikliklər zaman məsələsidir və onlar mütləq baş verəcək”
Akademik ölkədə ziyalılığın və ziyalıların vəziyyəti məsələsinə də obyektiv yanaşmağa, problemin həqiqi köklərini anlamağa çağırır:
“Sirr deyil ki, ötən əsrin 30-40-cı illərində baş vermiş Stalin repressiyalarından sonra keçmiş ittifaqın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da ziyalı sinfinin qaymaqları amansızcasına məhv edildi. Əgər biz repressiyaya məruz qalanların kimliyini diqqətlə araşdırsaq, görərik ki, cılız intriqaların və M.Bağırovun şəxsi ədavətinin qurbanı olanlar istisna olmaqla, qətlə yetirilənlərin böyük əksəriyyətini Xalq Cümhuriyyəti dövründə və onun yaranması ərəfəsində yaşayıb-yaratmış ziyalılar təşkil edib. Bu seçim təsadüfi deyildi. Çünki, Qırmızı imperiya üçün müstəqilliyin dadını görmüş, milli təfəkkürün, azad fikrin nə olduğunu bilən, şəxsi mövqeyi olan ziyalılar olduqca təhlükə mənbəyi idi. Ona müasir kompüter texnologiyasının dili ilə desək, rejimin ideyalarına, idarəçilik fəlsəfəsinə uyğun format edilmiş, bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər gərək idi. Əfsus ki, bu ənənənin fəsadları hələ də tam şəkildə aradan qaldırıla bilməyib. Həmin neqativ irsin təsirlərində məni, yaxud bir başqa müasirimizi günahlandırmaq doğru olmazdı. Ziyalıların konyuktura uyğun formalaşdırılması ənənəsinin kökü kəsildikcə, tədricən azad, öz baxışı və iradəsi olan yaradıcı nəsillər yetişəcəkdir. Belə dəyişikliklər zaman məsələsidir və onlar mütləq baş verəcək. Təbii ki, bu o demək deyil ki, cəmiyyətimiz əl-qolunu sallayaraq fəaliyyətsiz qalmalı və yeni dövrün intizarını çəkməlidir. Cəmiyyətimiz təfəkkürünü islah etmək, mədəniləşmək, mənəviyyatını saflaşdırmaq, intellektini artırmaqla özü bu dövrü yaxınlaşdırmalıdır. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Hər hansı bir qövm öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz”. (Rəd surəsi, 11-ci ayə)”.
AMEA yekunda xatırladıb ki, istər cənab Prezident, istərsə də özü insan materialı ilə işləyiblər:
“Heç birimiz xətalardan sığortalı olmamışıq. Nə keçmiş, nə də gələcək rəhbərlərin də heç birinin belə bir sığortası olmayıb və olmayacaqdır. İnsan qəlbinin incəlikləri, onun daxili niyyətləri, məqsəd və arzuları heç zaman heç kimə dəqiqliklə məlum ola bilməz. Ona görə də ixtiyarımızda olan kadrların arasından ən uğurlu seçimi etməyə çalışmışıq. Seçimimiz hər zaman uğurlu alınıbmı? Əlbəttə ki, yox! Məsələn, uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi. Bənzər nümunələr çox olub. Vaxtilə rayonlardan birinə rəhbər təyin edilən və acgözlüyü, hərisliyi səbəbindən yerli sakinlərin narazılığı ilə vəzifədən uzaqlaşdırılmış rəhbər şəxslərdən biri onunla aparılmış söhbətdən sonra islah olacağına dair söz vermiş, nəticədə ona yenidən etimad göstərilmişdi. Ancaq qısa zamandan sonra onun bütün tənbehlərə baxmayaraq nəinki islah olmadığı, əksinə, daha çox çirkaba bulaşdığı məlum oldu. Doğrudur, həmin şəxs vəzifədən uzaqlaşdırıldı, ancaq hadisə göstərdi ki, insan təbiəti dəyişməzdir. Nankorluq və hərislik onun təbiətində, fitrətində bərqərardır. Nə qədər gülməli səslənsə də, bu gün həmin şəxs mənim ünvanıma böhtanlar və uydurmalar səsləndirənlərlə əlbirdir”.
Ramiz Mehdiyevin sözlərinə görə, niyyəti hər zaman Azərbaycan dövlətinə xidmət etmək, Ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə etibarlı silahdaş kimi kömək etməkdən ibarət olub:
“Cənab Prezidentin məni “Heydər Əliyev” ordeni ilə təltif edərkən dediyi sözləri nəzərə alsaq, mən öz vəzifəmi kifayət qədər məsuliyyətlə və uğurla yerinə yetirə bilmişəm. Ömrümün sonuna qədər də öz amallarımdan və sədaqətimdən əl çəkmək niyyətində deyiləm. Müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şah əsəridir. Bu əsərin yaradılmasına töhfə verə bildiyim üçün özümü xoşbəxt hesab edirəm! Ümumiyyətlə, isə xidməti fəaliyyətimin hər bir səhifəsinə, verdiyim qərarların hamısına indi də eyni əminliklə imza atmağa hazıram. Nailiyyətlərimin və xətalarımın heç birindən imtina etmək niyyətində deyiləm. Qəbul etdiyim qərarlar, atdığım addımlar, qələmə aldığım əsərlər mənə məxsusdur. Onların hamısı mənim irsim, mirasımdır. Həmin irsin obyektiv qiymətini isə zaman özü verəcək”.
Bu fikirlər Ramiz Mehdiyevin sentyabrın 1-də yaydığı açıqlamasında yer alıb.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. O, ötən ildən AMEA-nin prezidentdir.
Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızının toyu olub. Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Adıçəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib.
Həmin məclisdə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov və onun xanımı, Ombudsman Səbinə Əliyevanın da iştirak edib. Buna görə YAP Siyavuş Novruzova töhmət verib. Bir gün sonra isə o, YAP-dakı vəzifəsindən çıxmaqla bağlı istefa ərizəsi verib.
Toyda iştirak edən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, deputat Siyavuş Novruzov, Ombusman Səbinə Əliyeva və digər şəxslər xüsusi karantin qaydalarını pozduqlarına görə, 400 manat cərimə olunublar.
Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar.
Koronavirus pandemiyası ilə bağlı, martdan bəri Azərbaycanda toylara qadağa var.