Ramiz Mehdiyev ətrafında baş verənlər hakimiyyət mediasının Sovet dövründən gələn donos mahiyyətini bir də üzə çıxardı. Bir vaxtlar müstəqil mediada Mehdiyev və ətrafının korrupsiya şəbəkəsi ifşa edilirdi, hakimiyyət mediasında isə ya səssizlik hökm sürürdü, ya da Mehdiyevin adamlarının fikirləri tirajlanırdı.
Amma Mehdiyev ətrafında cinayət işi açılandan sonra hakimiyyət mediasında intensiv “vurma əməliyyatı” başlandı. Bir vaxtların “boz kardinalının” adamları haqqında yazılar yazıldı, Qafqazinfo saytının əməkdaşları Mehdiyevin villasının qarşısında xəbər hazırladı, keçmiş Prezident Administrasiyasının rəhbərinə yaxın insanların onun əleyhinə ifadələri yayılmağa başladı. Şərhlərdən aydın olur ki, bu ikiüzü rəftar cəmiyyətdə də ikrah hissi doğurur.
Hakimiyyət mediasında İlham Əliyevin köhnə komandasının hər birinin adı çəkilir, onlar Mehdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunurlar. Tənqidçilər deyirlər ki, Ramiz Mehdiyev elə özünün quruculuğunda baş rolda olduğu avtoritar sistemin qurbanına çevrilir. İlham Əliyev atasından hakimiyyəti miras alanda, ATƏT-in də tanımadığı seçkilərlə hakimiyyətə gələndə yanında məhz Ramiz Mehdiyev var idi.
Hakimiyyət mediası Ramiz Mehdiyevin biznes imperiyasından da yazmağa çəkinmir. Bu həmin biznes imperiyasıdır ki, “boz kardinalın” qılıncının, necə deyərlər, “dalının və qabağının kəsdiyi zamanlarda” hazırda həbsdə olan jurnalistlər onları üzə çıxarıb, ifşa ediblər. Hafiz Babalı, Aynur Elgünəş, Şəmşad Ağa, Sevinc Vaqifqızı və digər jurnalistlər bu gün məhz korrupsiya araşdırmalarına görə həbsdədir. Beynəlxalq təşkilatlar onların məhz siyasi motivli həbslərini əsas gətirib, azadlıqlarını tələb edirlər.
Taleyin və ya avtoritar rejimin ironiyası ondan ibarətdir ki, bir vaxtlar Mehdiyev və ətrafının total nəzarətində olan, müxalifləri, müstəqil medianı şərləməklə məşğul olan media subyektləri indi Ramiz Mehdiyevin cinayətlərini sıralamaq üçün yarışırlar.
Amma hakimiyyət mediası bugünlərdə bir neçə faktı sorğulamağa cəhd etmir. Məsələn, Ramiz Mehdiyev özünün biznes imperiyasını kimin razılığı ilə qurub? Ölkə Prezidenti məmur talançılığına niyə göz yumub? Əgər Ramiz Mehdiyev və köhnə məmurlar korrupsiyaya bulaşıbsa, niyə vaxtında onları tənqid edən jurnalistlər elə bu saytlarda “uğuru gözü götürməyən”, “xarici qüvvələrin əlaltısı” adlanırdı?
İlham Əliyevin Mehdiyevi Şərəf, İstiqlal, Heydər Əliyev ordenləri ilə təltif etməsi faktı da danışılmayanlar arasındadır. Hakimiyyət mediasında elə təəssürat yaradılır ki, sanki bütün bu əməllər Əliyev yox, başqa bir prezidentin zamanında baş verib.
AbzasMedia kollektivi yeni məmurların korrupsiya əməllərini ifşa etdiyi üçün həbs ediləndə hakimiyyət mediası onları xarici qüvvələrə işləməkdə, ölkənin inkişafını gözü götürməməkdə, qarayaxmalarda ittiham edirdi. Amma Ramiz Mehdiyevin başına gələnlər göstərir ki, avtoritar rejimlər ən sadiq adamlarına da rəhm etmir.
Hakimiyyət mediası istəsə, bugünkü nazirlərin də biznes imperiyalarını sorğulaya bilər. Meydan TV saytının araşdırma bölməsi İlham Əliyev də daxil onun məmur ordusunun korrupsiya əməllərinə dair sənədli arxiv rolunu oynayır. Mehdiyev hər zaman diqqəti əsas obrazdan yayındırmaqda istifadə olunub. Bir vaxtlar Prezident İlham Əliyev üçün yaradılmış “özü yaxşıdır, ətrafı pis” nağılı ilə bunu edirdi, indi də “dövlət çevrilişi teatrı” ilə funskiyasını yerinə yetirir.