Ramin Hacılı yenidən cəza almamaq üçün prezidentdən kömək istəyir

Ramin Hacılı. Mənbə: Azadlıq Radiosu

Hərəkat sədri özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilir

“Azərbaycan Avropa Hərəkatı”nın həbsdə olan rəhbəri Ramin Hacılı hazırda mühakimə olunduğu cinayət işi üzrə ona ağır cəza verilə biləcəyi ehtimalını nəzərə alaraq, Prezident İlham Əliyevə müraciət edib. O, dövlət başçısından bu prosesin qarşısını almaq üçün kömək istəyib.

“İnanıram ki, hər bir azərbaycanlının prezidenti olaraq, siyasi iradənizlə ölkədə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində belə bir ədalətsizliyə imza atılmasına icazə verməyəcksiniz. Faktları, dövlətimiz qarşısındakı xidmətlərimi, müraciətlərimi nəzərə alıb, mənə yardımçı olmağınızı xahiş edirəm”, – Ramin Hacılı müraciətində yazır.

O, xarici ölkələrə iş, səyahət və daimi yaşayış üçün getmək istəyənlərə səfirliklərdən viza, sonradan həmin ölkələrdə oturum almağa kömək vəd edərək, onların pulunu alıb aldatmaqda ittiham olunur. Ona qarşı dələduzluq, saxta sənəd hazırlama, onlardan istifadə etmə və başqa maddələrlə ittiham irəli sürülüb. Lakin Ramin Hacılı özünü təqsirli bilmir. Deyir ki, 10 ay davam edən istintaq dövründə bu ittihamlar təsdiqini tapmayıb:

“Təqsirləndirildiyim 18 epizodun heç birində kiməsə qarşı dələduzluq etməyim faktı yoxdur, heç kim zərərçəkmiş qismində tanınmayıb. Heç bir qurumun blankını, möhürünü və səlahiyyətlərini saxtalaşdırmamışam. Heç bir halda, hansısa səfirlik nümayəndəsilə qanunsuz əməkdaşlığım olmayıb. Heç bir vətəndaşı xarici ölkəyə aparıb, orada miqrasiya orqanlarına təhvil verməmişəm”.

O vurğulayıb ki, hazırda ittiham olunduğu əməllərə görə, bundan əvvəl iki dəfə cəza alıb. Sonuncu məhkəmə hökmüylə 3 il 6 ay azadlıqdan məhrum edilib və o cəzanı 16 saylı cəzaçəkmə müəssisəsində çəkir.

Ramin Hacılı müraciətində yazıb ki, hazırda ittiham olunduğu cinayət işi üzrə 2016-cı ildən bu yana onlarla adama ittiham verilsə də, həbsdə olan yalnız odur.

“İttiham tərəfi qondarma cinayət işi ilə məni məhkəmə qarşısına tək çıxardığı halda, sənədlərdə mütəşəkkil dəstə üzvü kimi göstərib. Kim və ya kimlərdi digər dəstə üzvləri? Rəhbəri kimdi bu “mütəşəkkil dəstə”nin? Mütəşəkkil dəstə üzvləri arasında iş bölgüsü necə olub və mənim vəzifəm nədən ibarət olub? Bu sualların cavabları nə istintaq materiallarında var, nə də ittiham aktında. Bu hal isə kobud qanun pozuntusu və və hüquq dövləti prinsipinə münasibətdə sayqısızlıqdır”.

Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilir. Deyir ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər.

İttihamda göstərilib ki, viza almaq prosesində Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. Ramin Hacılı müxtəlif şəxslərdən 1000 manatdan 18 min manata qədər pul alıb, onları aldatmaqda təqsirləndirilir.

Onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır. Lakin onlar həbsdə deyil.

Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Ana səhifəSiyasətRamin Hacılı yenidən cəza almamaq üçün prezidentdən kömək istəyir