Onlara mütəşəkkil dəstə tərkibində dələduzluq və digər maddələr üzrə ittiham verilib
“Azərbaycan Avropa Hərəkatı”nın sədri Ramin Hacılı ilə eyni cinayət işi üzrə saxlanılanların kimliyi məlum olub. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-dən Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev və Akif Əsədov cinayət məsuliyyətinə cəlb olunub.
Adları çəkilən şəxslərdən Ramin Hacılı da daxil olmaqla, bir qismi həbs olunub. Bəzilərinin barəsində isə istintaq dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə ittiham verilib. Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər ABŞ, Kanada, Avropa ölkələrinə köçüb, orada yaşamaq istəyən azərbaycanlıların gedib o dövlətlərdə “siyasi sığınacaq” almasına əsas yaratmaq üçün saxta sənədlər hazırlayıblar. Söhbət “siyasi mühacir” statusu almaq istəyən şəxslərin hüquq-mühafizə orqanlarına çağrılmasını təsdiqləyən çağırış məktubu, guya xəsarət almasına dair tibbi arayış, və başqa sənədlərdən gedir. Həmçinin səfirliklərdən viza ala bilmələri üçün o vətəndaşların adlarına bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaklarının olmasına dair mülkiyyət sənədlərinin də saxtalaşdırıldığı qeyd olunub.
Eyni zamanda, “No Border Travel Agency” MMC-nin rəhbəri olan Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə sosial media hesabında onun sifarişlə həbs olunduğunu yazıb.
Adları çəkilən şəxslərin bir müddət əvvəl Almaniyadan deportasiya olunaraq Azərbaycana göndərilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.
Bu cinayət işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Cinayət Məcəlləsinin 178.3.1 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.