Ramin Deko ev dustaqlığına buraxılmadı

Ramin Deko

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək

Fevralın 4-də Xətai rayon Məhkəməsində “MeydanTV işi” üzrə həbs edilən jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyərək jurnalist haqqında qətimkan tədbirini dəyişməyib.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, vəsatət reportyor barəsində istintaq hərəkətlərinin aparılmamasına əsaslanıb.

“Həbs-qətimkan tədbirin özü də heç bir sübut, dəlil olmadan seçilib. Hazırda da heç bir istintaq hərəkəti aparılmır. Biz hesab edirik ki, belə olan halda Ramin Cəbrayılzadənin həbsdə qalması üçün heç bir əsas yoxdur. Təəssüf ki, məhkəmə vəsatətimizi təmin etməyib”, – vəkil Nemət Kərimli vurğulayıb.

Vəkilin sözlərinə görə, məhkəmədə R.Deko həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

2024-cü il dekabrın 6-da Meydan TV-nin jurnalistləri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Dekabrın 8-də jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV və saxlanılan jurnalistlər ittihamları rədd ediblər.

Onlar məhz jurnalist fəaliyyətinə görə həbs olunduqlarını, peşə fəaliyyətlərilə bağlı təzyiqlə üzləşdiklərini deyiblər.

Meydan TV Azərbaycan hakimiyyətinin qanunsuzluqlarını, korrupsiya faktlarını işıqlandıran müstəqil media orqanıdır.

Bu səbəbdən həm ölkədəki insan hüquqları fəalları, həm də beynəlxalq təşkilatlar bu repressiyaların Azərbaycan hakimiyyətinin sifarişi ilə həyata keçirildiyini bəyan ediblər.

Ana səhifəSiyasətRamin Deko ev dustaqlığına buraxılmadı