Ramil Usubov Eldəniz Quliyevin 1 il azadlıqdan məhrum olunmasını istəyir

“Hər şeydən görünür ki, nəyin bahasına olursa-olsun məni aktiv ictimai-siyasi fəaliyyətdən təcrid etmək istəyirlər”

Source:


“Hər şeydən görünür ki, nəyin bahasına olursa-olsun məni aktiv ictimai-siyasi fəaliyyətdən təcrid etmək istəyirlər”

Oktyabrın 20-də Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyevdən şikayəti üzrə proses davam edib.

Prosesdə nazirin vəkili çıxış edib. Vəkil irəli sürdükləri iddiada göstərdikləri hər iki maddə üzrə, yəni Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə mənə üst-üstə 1 il həbs cəzası verilməsini istəyib.

“Bu, həmin maddələrlə maksimum cəzadır. Məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istədik. Yəqin ki, növbəti prosesdə məhkəmə öz qərarını elan edəcək. Hər şeydən görünür ki, nəyin bahasına olursa-olsun məni aktiv ictimai-siyasi fəaliyyətdən təcrid etmək istəyirlər. Görünən dağa nə bələdçi… Yenə deyirəm, mən heç kimi təhqir etməmişəm, belə fikrim olmayıb, indi də yoxdur. Sadəcə bunu təhqir kimi yozurlar. Özləri bilər, Allahları bilər”, – deyə Eldəniz Quliyev mediaforum.az-a bildirib.

Nazir Ramil Usubovun iddiasına baxış sentyabrın 8-də başlayıb. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Eldəniz Quliyev “Feysbuk” səhifəsi vasitəsilə Ramil Usubova müraciət ünvanlayıb. “Moderator.az” saytında da dərc olunan müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazan Eldəniz Quliyev naziri konkret addımlar atmağa səsləyib.

8 sentyabr prosesində hakim Eldəniz Quliyevin Facebook statusunda gedən bəzi ifadələrin məhkəmə linqvistik ekspertizasına təqdim olunmasına qərar verib. Ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib.

Növbəti proses oktyabrın 22-də olacaq.

Ana səhifəXəbərlərRamil Usubov Eldəniz Quliyevin 1 il azadlıqdan məhrum olunmasını istəyir