“Artıq 5 nəfər həbs edilib, bir neçə qəzet və qurum o pozuculara dəstək verdiyi üçün qapadılıb”
Avqustun 31-də Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfər edib.
Haberler.com saytının məlumatına görə, Ramil Usubov Ankarada Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Əfqan Ala çıxışında bildirib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas məsələdir və hər cür terror təşkilatlarına qarşı təsirli birgə əməkdaşlıq var. Nazir Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması istiqamətində çalışdıqlarını da vurğulayıb.
Ramil Usubov isə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu nəzərə çatdırıb: “Biz 15 iyul tarixində Türkiyənin müstəqilliyinə, konstitusiyasına qarşı olan bu hərəkəti qətiyyətlə pislədik. Burada qeyd olundu, cənab prezidentimiz bu hadisədən sonra açıqlama verdi. Eyni zamanda bu hadisədən sonra hüquq-mühafizə orqanları və digər qurumlarla toplantı keçirib, FETÖ-nun, Fətullah Gülənin Azərbaycana sızmış əlaqələrinin müəyyənləşdirilməsi haqqında qərar qəbul edildi. Məlumat vermək istəyirəm ki, avqustun 12-də prokurorluq tərəfindən cinayət işi başlanıb, artıq 5 nəfər həbs edilib, bir neçə qəzet, ANS telekanalı və qurum o pozuculara dəstək verdiyi üçün qapadılıb. Bu işlər bu gün davam etdirilir”.