Ramana sakinləri öz evləri ola-ola kirayədə yaşamağa məcburdurlar


“Burada uşağı necə tərbiyə etmək olar? Necə sağlam böyütmək olar ki, bu uşaq da böyüyəndə xalqına yararlı övlad olsun? Burda uşaq böyütmək olar, sizcə?”

Sabunçu rayonu Ramana qəsəbəsindəki Plastik Boru Zavodu ərazisinin sakinləri evlərini qoyub Bakının başqa rayonlarında kirayədə qalırlar. Onların bu məcburiyyətinin səbəbi evlərinə dolan kanalizasiya sularıdır. “Özümüz xəstəyik, cəhənnəmə, uşaqlarımız bu yaşda revmatizmadan əziyyət çəkir”- deyən şikayətçilərin tək əlacı kameraya danışmaqdır. Deyirlər ki, müraciət etmədikləri idarə, nazirlik qalmayıb. Lakin bir nəfər də olsun problemləri ilə maraqlanmır.


“Allah haqqı, 6 yaşı var uşağın, xəstədir, bu dəqiqə evdə yatır. Səhərdən ağlayır ki, ayaqlarımı ov. Hamısı bu suyun nəticəsidir. Revmatizmadır. Mən bu uşağı tək buraxmıram məktəbə. Əsas yola qədər bir ayaqqabı, sonra isə başqa ayaqqabı geyinir. İldə iki ayaqqabı alırıq bu uşağa”.


“İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, “Azərsu”ya müraciət etmişik. Lakin indiyə qədər heç bir nəticəsi olmayıb. Oktyabr ayından biz bu vəziyyətdəyik. Mən sudan evimə keçə bilmirəm. Yol, qapının qarşısı, evin arxası, dörd tərəfimiz sudur. Evi qızdıra da bilmirik”.

Sakinlər bu qədər problemin içində bir də üfunət iyindən şikayətlənir. Onlar deyir ki, yolların bərbad vəziyyətdə olmasına görə təcili yardım da əraziyə gələ bilmir. Uşaqların oyun meydançasının olmaması isə heç dilə gətirilmir. Sakinlər bu suyun nə vaxt quruyacağını düşünür və aidiyyatı orqanların məsələ ilə bağlı tədbir görəcəyi günü gözləyirlər.


“Gəlsinlər, yoxlasınlar. Mən qoca arvadam. Xəstə adamam. İydən, üfunətdən həyətə düşə bilmirəm. Belə şey olmaz!”


“Göz qabağındadır. Belə yaşamaq olmaz. Tüpürüm belə yaşamağa. Biz də insanıq, əziyyət çəkirik”.


“Bu evi birtəhər tikmişəm. İndi də su basıb. Yaşamaq mümkün deyil. 200 metr o tərəfdə kanalizasiya var. Çəksinlər, düzəltsinlər. Mən dayımın evində yaşayıram. Dayım da 10 günə gəlir, çıxmalıyam evdən”.


“Vallah, elə qazandığımızın hamısı həkimlərdədir. Təcili yardım gələ bilmir. Qalmışıq zülümdə. Nə edək, bilmirik”.

Meydan TV Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, problemlə bağlı sualları qəsəbə nümayəndəsi Şamil müəllimə ünvanlamaq lazımdır. Lakin iki gün ərzində edilən çoxsaylı zənglərə baxmayaraq, adıçəkilən şəxsi iş yerində tapmaq mümkün olmayıb.

Ana səhifəVideoRamana sakinləri öz evləri ola-ola kirayədə yaşamağa məcburdurlar