“Ralf, bəs sən niyə burda deyilsən?”

Ülviyyə Əli

Ülviyyə Əli. Foto: Facebook şəxsi səhifəsindən


“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əlinin saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktubu:

2019-cu ilin aprelində reper Rüzgar oxuduğu “Yenə gedirəm mal-mal dalınca” parçasına görə 30 gün müddətinə inzibati qaydada həbs olunanda ifadə azadlığı kontekstində onu müdafiə edən status yazmışdım. Tanışlarımdan biri statusumu qınayaraq demişdi ki: “İndi də narkomanları müdafiə edirsən?” Xeyli intellektual olan bu adamın sözləri məni çox çaşdırmışdı. Çünki həmin adam Azərbaycanda insanların törətmədikləri əməllərə görə haqsız yerə həbs olunduqlarından bixəbər deyildi. Sonradan başa düşdüm ki, bu elə susqunluğun bəraətidir. Haqsız yerə həbs olunanları müdafiə cəsarəti çatmayanlar onların həbsinə don geyindirməyə çalışırlar. Axı əbləh olmadığını vicdanına necəsə açıqlamaq lazımdır…

Rep özlüyündə etiraz musiqisi olsa da, bir sözə görə başına gələcəkləri bilmək bu azadlığı boğur. Məhz bu səbəbdən Azərbaycanda rep sənəti əsl mahiyyətini yaşaya bilmir. Əlbəttə, bu, ölkədə oxuduğun musiqiyə görə həbslə cəzalandırılmaqla bitən ilk və son hadisə deyildi.

Həmin ilin dekabrında reper Paster rep qarşıdurmasından (battle) bir neçə gün sonra ictimai asayişi pozmaqda və polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunaraq 30 gün müddətinə inzibati həbs cəzasına məruz qalmışdı. Hamı onun əslində “Gang” klipində “götürəcəm ölkəni necə “Paşa Bank”(monopoliyaya işarə) cümləsinə, həmçinin battle-da səsləndirdiyi tənqidi fikirlərinə görə cəzalandırıldığını bilirdi. Lakin bu, Pasterin ifadə azadlığından istifadə etdiyinə görə ilk həbsi deyildi. O 2011-ci ildə də dövlət tərəfindən təqibə məruz qalaraq “Fuck dent” parçasına görə inzibati qaydada həbs olunmuş və işgəncə görmüşdü.

Ölkədə heç nəyin müsbətə doğru dəyişmədiyinin işarəsi də bu ilin iyul ayında baş tutan rep qarşıdurmasından sonra baş verən həbslərdir. Pasterin çıxdığı battle-da rəqibi EPİ inzibati qaydada həbs olunub. O da hakim ailəyə məxsus “Paşabank” və “Kapital Bank”ın adlarını çəkib deyə Pasterin aqibətini yaşadı və 30 gün müddətinə həbs olundu. Həmin battle-da Paster tədbiri təşkil edənləri “ilişən var və bu gün kontrakta salınan  bir şərt var” bəhanəsi ilə onu senzuralamaqda ittiham edib. Buna haqq qazandırmasam da səbəb aydındır: qadağan olunmaq qorxusu.

Təəccüb doğurmayan ardıcıllıq bu dəfə də pozulmayıb, həmin gün eyni battle meydanında çıxış edən FTB də EPİ-dən cəmi bir gün sonra açıq havada söyüş söydüyünə görə İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmama maddələri ilə 25 gün müddətinə inzibati həbs cəzası alıb. Söyüş söyməyin həmin maddənin tərkib hissəsini yaratması hüquqi baxımdan qeyri-müəyyən olmaqla bərabər, məsələ açıq havada söyüş söyməkdirsə, bu ölkədə ilk dəfə açıq havada söyüş söyülən rep tədbiri də deyil. Söyüş söydüyünə görə tutulmadığı, maddələrin formallıq daşıdığı o qədər açıq-aşkardır ki, özünün dəvət olunaraq getməsinə baxmayaraq məhkəmə qərarında hakim polisin qanuni əmrinə tabe olmama maddəsinin altına da imzasını atıb.

Yuxarıda sadaladığım şəxslərin heç birinin məqsədi ifadə azadlığına xidmət etmək deyil, əslində heç kimin buna borcu da yoxdur. Heç dövlət üçün də bunun əhəmiyyəti də yoxdur, vacib olan onun müəyyən etdiyi çərçivədən kənara çıxmamaqdır. İncəsənət ifadə azadlığının ən güclü silahlarında hesab olunsa da, nəyəsə xidmət etməməlidir, o sadəcə azad olmalıdır. Bu insanlar da sadəcə sənətlə məşğul olduqlarına görə cəzalandırılıblar. Ölkədəki vəziyyətdən hamı xəbərdar olsa da, narazı kütlənin qulağını oxşayan xırda iynələyici söz onların qulağından tikan çıxarır. Dövlət də bunu bildiyi üçün bu xırda qığılcımlardan ilham alaraq kiminsə od püskürməsini istəmir və başqalarına görk olsun deyə hərəkətə keçir. Lakin sənətçi üçün özünü senzuralamaq onun yaradıcılığının intiharıdır.

Bu həbslər fonunda Azərbaycanın bu il də söz və mətbuat azadlığının vəziyyətinə görə  “böhran vəziyyətində” olan ölkələr sırasında olduğunu, Qlobal İfadə Hesabatında (Global Expression Report) 161 ölkə arasında 144-cü yeri tutduğunu xatırlatmaq yerinə düşər.

“Vətəndaş itaətsizliyi” məqaləsində yazıçı Henri Toro “günahsızların həbsə salındığı dövlətdə ədalətli adamların əsl yeri həbsxanadır” yazır. Toro cənub plantatorlarının mənafeyi üçün Meksika ilə aparılan müharibəyə etiraz olaraq dövlətə can vergisi ödəməkdən imtina edir və buna görə həbs olunur. Bir əhvalata görə, Ralf Emerson gəzinti zamanı təsadüfən həbsxana pəncərəsində Toronu görüb soruşur: “Henri, sən niyə ordasan?” Toro cavabında “Ralf, bəs sən niyə burda deyilsən?” deyir.

İndi isə biz də burdayıq: Jurnalistlər həbsdə, siyasətçilər həbsdə, ictimai fəallar, hətta reperlər də həbsdə.

Ana səhifəXəbərlər“Ralf, bəs sən niyə burda deyilsən?”