Onlar hökuməti İlqar və Məlahət Nəsibovların hüquqlarının pozulmasına son qoymağa çağırıblar
Nüfuzlu beynəlxalq “Rafto” mükafatının 12 laureatı Azərbaycan hakimiyyətinə Naxçıvanda İlqar və Məlahət Nəsibovların hüquqlarının pozulmasına son qoymaq çağırışı ilə müraciət ediblər.
Müraciətdə deyilir: “Bizə 21 avqust 2014-cü il tarixində həyat yoldaşı Məlahət Nəsibova 2009-cu il “Rafto” mükafatının laureatı olan jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibova qarşı amansız hücum törədildiyi haqqında məlumat gəlib.
Yerli xəstəxanada ona zəruri təcili yardım göstərildikdən sonra Məlahət Nəsibova yeni təhdidlər alıb, nəticədə o, həyat yoldaşını təhlükəsizlik məqsədilə xəstəxanadan çıxarıb.
Beynəlxalq hüquq müdafiə QHT-ləri səylərini birləşdirərək, Nəsibovun müəyyən həcmdə müalicəsinə nail olublar, amma onun sağalması üçün hələ də mütəxəssis həkimlərin köməyi lazımdır.
Sentyabrın 20-də Nəsibova qarşı onu döyənlərdən birinə hücum etmək ittihamı irəli sürüldükdə hadisə daha da xoşagəlməz istiqamətdə inkişaf edib. Bu ittihamlar əsasında ondan və həyat yoldaşından yaşadıqları yeri tərk etməmək haqqında iltizam alınıb, odur ki, onlar Naxçıvanı tərk edə bilmirlər.
Biz, “Rafto” mükafatı laureatları və insan hüquqları müdafiəçiləri Məlahət və İlqar Nəsibovlara Azərbaycanda azadlıq və Demokratiya uğrunda mübarizələrində dəstəyimizi ifadə edir və Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb edirik:
* İlqar Nəsibovun ixtisaslaşmış tibbi yardım əldə etməsini, o cümədən müalicə üçün Bakıya və ya xaricə maneəsiz getməsini təmin etməyi;
* İlqar Nəsibovun və həyat yoldaşı Məlahət Nəsibovanın yerdəyişmə azadlığını qaytarmağı;
* İlqar Nəsibova qarşı ittihamları ləğv etməyi;
* Təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün İlqar Nəsibova qarşı amansız hücumun səmərəli, qərəzsiz və şəffaf araşdırılmasına başlamağı.
Hüquq müdafiə fəaliyyəti ilə əlaqədar Nəsibova və onun ailə üzvlər uzun illərdir fiziki və psixoloji zorakılığa məruz qalırlar. Resurs Mərkəzi Naxçıvanda çətin vəziyyətdə olan, hüquqları pozulan insanlara yardım edən və ədalətin bərqərar olması uğrunda mübarizə aparan yeganə müstəqil təşkilatdır.
Biz Azərbaycan hakimiyyətinə insan hüquqlarına riayət olunması üzrə üzərinə götürdüyü öhdəlikləri xatırladır və onları hüquq müdafiəçilərinin təqiblərdən qorunması və BMT-nin hüquq müdafiəçiləri haqqında 9 dekabr 1998-ci il tarixli Bəyannaməsində nəzərdə tutulduğu kimi, insan hüquqlarının müdafiəsi üzrə onların maneəsiz işinin təmin edilməsi üçün səmərəli tədbirlər görməyə çağırırıq”, deyə müraciətdə bildirilir.
Müraciəti imzalayanlar arasında Nobel mükafatı laureatı, İranlı hüquq müdafiəçisi Şirin Ebadi də var.