Rafiq Tağının vəfatından 3 il ötdü
Noyabrın 23-ü yazıçı-publisist, həkim Rafiq Tağının vəfatından 3 il ötdü. Bu münasibətlə yaxınları, dostları və Dalğa Gənclər Hərəkatının üzvləri yazıçının məzarını ziyarət etdilər. Yazıçını yad edənlər onun haqqında düşüncələrini bölüşərək, yazıçının Azərbaycan tarixindəki yerindən danışdılar
Rafiq Tağının böyük qardaşı Alim Tağıyev söylədi ki, yazıçın dəyəri müəyyən zaman keçdikdən sonra veriləcək: “Rafiq Tağı Azərbaycan millətinin sayılıb, seçilən oğullarından biridir. Onun dəyərini hələ indi vermək mümkün deyil. Deyir, o uca dağ yaxından görünməz. Zaman keçdikcə, Rafiq Tağının qiyməti bilinəcək”.
Şair Rasim Qaraca yazıçının gənclər üçün xüsusi nümunə olduğunu vurğuladı : “Rafiq Tağının təcrübəsi çox qiymətlidir. Gələcək nəsillərə örnəkdir. Burada dostlarımızın söylədiyi kimi, o, bir nümunədir ki, bu nümunəyə xüsusən, gənclərin çox böyük ehtiyacı var”.
Rafiq Tağının oxucusu Cəmşid Rafiq Tağının qatillərinin qorxaq olduğunu dedi: “O qədər qorxaqdırlar ki, insana düşüncəsinə görə bıçaq vururlar. Mən insanın qarşısında baş əyirəm. Vicdanın qarşısında. Rafiq Tağı, sən vicdansan! Mən baş əyirəm sənin qarşında”.
Dalğa Gənclər Hərəkatının üzvü Ramin Hacılı isə Rafiq Tağı ilə bağlı xatirəsini bölüşdü : “ Mənim çox ciddi təsirləndiyim bir an olmuşdu. Biz xəstəxanaya gedəndə, həkim dedi ki, biz Rafiq Tağını əməliyyat masasına alanda, onu yumağa ehtiyac qalmadı. O qədər təmiz idi ki, birbaşa əməliyyat etdik. Bu, paklıq rəmzidir”.
Rafiq Tağının qardaşı İlqar Tağının söylədiyinə görə, o, qatilin tapılacağına inanır: “Cəhalət sevinməsin qoy. Qatil də tapılacaq. Qatil o cəhalətin görünən tərəfi idi. Əslində, cəhalət Azərbaycanda çox dərindədir. Amma Rafiq Tağının xətti davam edəcək. Mənə elə gəlir ki, Azərbaycanın işıqlı gələcəyi üçün Rafiq lazım idi. Rafiq missiya olaraq, Azərbaycanda doğuldu”.
Yazıçının qızı Qəmər Tağı bildirdi ki, Rafiq Tağıya vurulan bıçaq zərbələri azad sözə vurulan zərbələrdir:
“Demək istəyirəm ki, Rafiq Tağıya vurulan bıçaq zərbələri azad sözə vurulan zərbələrdir. Rafiq Tağı unudulmayacaq”.
Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən hücuma məruz qalaraq bıçaqlanıb. Yazıçı xəstəxanaya çatdırılıb, əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rafiq Tağınının qatili hələ də tapılmayıb.