”Rabitə işi”: Təqsirləndirilən şəxs yoldaşlarını təhqir etdi

Vəkil prosesə xərəkdə gətirilən Bayram Vəliyevin ev dustaqlığına çıxmasını istədi

Source:


Vəkil prosesə xərəkdə gətirilən Bayram Vəliyevin ev dustaqlığına çıxmasını istədi

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinə təqsirləndirilənlərdən  Bayram Vəliyev yenə xərəkdə gətirilib.

İclasda çıxış edən B.Vəliyevin vəkili deyib ki, müvəkkilinə lazimi tibbi yardım göstərilmir:

“Bayram Vəliyevin sinir sistemi ilə bağlı ciddi problemi var. Ona əvvəl ağrıkəsici iynələr vurulurdu. Ancaq indi həmin iynələr də təsir etmir. Adam əzab çəkir. Təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini yerinə yetirə bilmir. Xahiş edirik ki, onun barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilsin və o, ev dustaqlığına buraxılsın”.

Məhkəmədə B.Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. Bundan sonra vəkil məhkəmə heyətinə etiraz edib. Vəkil bildirib ki, təqdirləndirilən şəxsin bu vəziyyətdə olduğu halda məhkəmənin davam etdirilməsi qanunsuzdur.

Digər təqsirləndirilən şəxslər isə vəsatətə münasibət bildirərkən bu məsələni məhkəmənin səlahiyyətinə buraxdıqlarını deyiblər. B.Vəliyev isə onları təhqir edib:

“Bilirsiniz onlar bu etirazı niyə qəbul etmir? Çünki onlar günahkardır. Hamısı şərəfsiz və qeyrətsizdirlər”.

Vidadi Zeynalov

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov da vəsatətlə çıxış edib. O bildirib ki, ittiham aktı 2009-2015-ci illərdə baş verən hadisələri əhatə edir. Vəkil qeyd edib ki, Vidadi Zeynalovun olduğu iddia edilən 67 əmlaka həbs qoyulub:

“Həmin əmlaklardan cəmi ikisi Vidadi Zeynalovun mülkiyyətindədir”.

Vəkil Vidadi Zeynalovun adına olan və üzərinə həbs qoyulmuş əmlakların satılaraq dəymiş zərərin ödənilməsi məqsədi ilə həbs qərarın götürülməsini istəyib.

Təqsirləndirilən şəxslərdən Namazalı Məmmədov və Anar Mustafayevin vəkilləri vəsatətlə çıxış edərək yenidən ekspertiza keçirilməsini, ittihamda mənimsənildiyi qeyd edilən məbləğləri yazan ekspertlərin yenidən dindirilməsini istəyiblər. Bu vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə prosesi martın 29-da davam edəcək.

İttihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Ana səhifəXəbərlər”Rabitə işi”: Təqsirləndirilən şəxs yoldaşlarını təhqir etdi