”Rabitə işi”: Təqsirləndirilən şəxs məhkəməyə xərəkdə gətirildi

Hakim iclası təxirə salıb

Source:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Hakim iclası təxirə salıb

Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzinTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi olub.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə təqsirləndirilən Bayram Vəliyev xərəkdə gətirilib. Vəkili onun belində olan yırtıqdan bir neçə gün əvvəl əməliyyat edildiyini deyib. Buna görə, hakim iclası aprelin 5-dək təxirə salıb.

Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, onun yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub. Onlar yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmir-tikintisi və s. işlərin yerinə yetirilməsi üçün hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45 faiz hissəsini nağdlaşdırıb, B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

Ana səhifəXəbərlər”Rabitə işi”: Təqsirləndirilən şəxs məhkəməyə xərəkdə gətirildi