Rəsmi Yerevan: Azərbaycana qarşı iddiaları geri götürmək barədə hələ qərar yoxdur

Əliyev, Tramp və Paşinyan Foto: Azərtac

Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Karen Andreasyan bəyan edib ki, ölkə beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırılan iddiaların geri götürülməsini müzakirə etmir.

OC Media yazır ki, Andreasyan çərşənbə günü jurnalistlərə deyib ki, “nə mənim sələfim dövründə, nə də mənim vəzifəm zamanı heç bir iddia geri götürülməyib və belə bir müzakirə də yoxdur. Belə bir şey olarsa, bu barədə mütləq məlumat veriləcək”.

Andreasyan Ermənistanı bütün məhkəmə proseslərində, o cümlədən Azərbaycanla dövlətlərarası işlər, arbitraj prosesləri və Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) işlərdə təmsil edir.

Andreasyan jurnalistlərə verdiyi açıqlamada əlavə edib ki, ofisinə heç bir hüquqi işdən geri çəkilmək təklifi daxil olmayıb və gələcək qərarların ictimaiyyətə açıqlanacağını vurğulayıb.

“Əgər Ermənistan Respublikası – istər hökumət, istər Milli Məclis, istərsə də Konstitusiya Məhkəməsi – məhkəmə prosesinin dayandırılmasını nəzərdə tutan sazişi nə vaxtsa ratifikasiya etmək qərarına gəlsə, siz bu barədə məndən əvvəl öyrənəcəksiniz”, – Andreasyan bildirib.

Şərh avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında paraflanan sülh sazişi layihəsinin 15-ci maddəsinə uyğun gəlir. Həmin maddədə deyilir ki, tərəflər “hər hansı və bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, icraatları və mübahisələri […] bu Sazişin qüvvəyə mindiyi tarixdən bir ay ərzində istənilən hüquqi forumda geri götürməli, rədd etməli və ya başqa şəkildə həll etməlidir”. Buraya həmçinin bir bənd daxildir ki, heç bir tərəf digərinə qarşı bu cür iddialar irəli sürməyəcək və ya yeni iddialara qarışmayacaq.

Bu bəndin yer aldığı layihə mətninə baxmayaraq, Andreasyan təsdiqləyib ki, Ermənistan indiyədək öz iddialarını geri götürmək üçün heç bir addım atmayıb və belə bir proses getmir. Buna görə də çoxsaylı beynəlxalq hüquqi işlərin statusu aktiv olaraq qalır.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən bəri Ermənistan AİHM-də Azərbaycana qarşı dörd dövlətlərarası şikayət edib. Bunlara Azərbaycanda qanunsuz həbs edilmiş və məhkum olunmuş şəxslərin hüquqlarının pozulması, Dağlıq Qarabağ əhalisinin zorla Azərbaycan tərəfindən köçürülməsi də daxildir.

Öz növbəsində, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində ayrıca şikayətə baxılır.

Hələ Vaşinqton sazişi imzalanmamışdan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan və Azərbaycan sülh sazişini imzalasa, beynəlxalq məhkəmələrə ehtiyac qalmayacaq.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərRəsmi Yerevan: Azərbaycana qarşı iddiaları geri götürmək barədə hələ qərar yoxdur