Rəsmi Tehran Azərbaycandan əmindir

Azərbaycan-İran. Foto: OnePixelStudio/shutterstock

Səfir deyib ki, Azərbaycan İranla İsrail arasında baş vermiş qarşıdurmada prinsipial mövqe nümayiş etdirib

“Rəsmi Tehran tam əmindir, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz və Azərbaycan dövləti buna heç zaman imkan verməz”.

Bunu İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu Azərbaycan Prezidenti İlham Əliyev lə görüşdə deyib.

Bu gün İlham Əliyev İranın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib.

İlham Əliyev öncə İranın Prezidenti Məsud Pezeşkianın bu ilin aprelin 28-də Azərbaycana rəsmi səfərini xatırladıb və deyib ki, görüş iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açıb.

Azərbaycan Prezidenti söhbətində İsrailə İran arasında baş verən 12 günlük hərbi qarşıdurmadan da danışıb.

Onun sözlərinə görə, bu qarşıdurmada Azərbaycan öz mövqeyini ifadə edən ilk ölkələrdəndir və bölgədəki gərginliyi qınayır.

Prezident çıxışında deyib ki, İsraillə İran arasındakı gərginliklə əlaqədar “bəzi dairələr və media təmsilçiləri Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yayıblar”.  İlham Əliyev bunları “cəfəngiyyat” adlandırıb.

Yeni səfir Müctəba Dəmirçilu İranın ali rəhbərliyinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb.

Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını deyib.

O deyib ki, Azərbaycan İranla İsrail arasında baş vermiş qarşıdurmada prinsipial və qəti mövqe nümayiş etdirib və İran tərəfi də bunu yüksək qiymətləndirir və təşəkkür edir.

İsrail 2025-ci il iyunun 13-də İranda bir sıra hərbi və strateji hədəflərə qarşı hava hücumlarına başlayıb.

Əsasən İranın nüvə proqramı ilə əlaqəli obyektləri, eləcə də yüksək rütbəli hərbi şəxslər və nüvə alimləri hədəfə alınıb.

İyunun 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarlı Abbas Əraqçi ilə telefonla danışıb. Onu əmin edib ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə mümkün deyil.

XİN-in telefon danışığı ilə bağlı açıqlamasında İranı “qonşu və dost ölkə” adlandırılıb.

Azərbaycan İsrail müttəfiq ölkələrdir. Azərbaycanın İranla münasibətləri son illərə qədər gərgin olub. Məsud Pezeşkian İranın yeni Prezidenti seçiləndən sonra iki ölkə arasındakı münasibətlərin normallaşdığı müşahidə edilir.

İsraillə İran arasında iyunun 24-dən müvəqqəti atəşkəs razılaşması olub və hər iki tərəf münaqişədə özünü qalib elan edib, lakin bölgədə vəziyyət hələ də gərgin və qeyri-sabit olaraq qalır.

Ana səhifəSiyasətRəsmi Tehran Azərbaycandan əmindir