Rəsmi: AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb fiziki və texniki xarici müdaxilədir

Фото: Reuters

Nazir: “Yerdə olan təyyarə qalıqları və şahid ifadələri kənar müdaxilənin olduğuna əsas verir”

AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğradığına dair məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmaların ilkin nəticələri və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb. Buna görə də Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən Bakıdan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün jurnalistlərə bildirib ki, sərnişinlər və sağ qalan təyyarə bələdçiləri Qroznı üzərində olarkən partlayış səsi eşidiblər:

“Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fyuzelyajda (gövdə) və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.

Rəşad Nəbiyevin sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri kənar müdaxilənin olduğuna əsas verir.

Rəşad Nəbiyev. Foto: Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi

“Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.

“İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”, – nazir deyib.

Rəşad Nəbiyevin sözlərinə görə, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də dekabrın 28-də hadisə yerində olacaqlar.

“Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, – nazir vurğulayıb.

AZAL-ın Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Ana səhifəSiyasətRəsmi: AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb fiziki və texniki xarici müdaxilədir