Maşınların içərisindən oğlanlı-qızlı, kişili-qadınlı 30-40 nəfər düşdü. Tez-tələsik bu insanları paltar dəyişmə konteynerlərinə ötürdülər. Bir də gördük, həmin adamlar təzə kombenezon, parlaq kaska, eynək, yeni əlcəklər və “botinka” geyinmiş halda gözümüz önündə peyda oldu. Qara kostyumlu, qlastuklu, qara eynəkli birisi həmən kütləyə yaxınlaşıb onları platformaya sarı yönəltdi. Beləcə, tam başqa insanlar bizim əvəzimizə prezidentlə görüşməyə getdi. Mən artıq prezidenti görmək şansımın puça çıxdığını anlamışdım.
Əziz həmvətənlərim! Şahidi olduğum bir əhvalatı yazmaq istəyirəm sizlər üçün.
Amma bu başdan deyim biləsiz ki, Tomas Xarrisonun müəllifi olduğu “Quzuların susması” romanı kimi dəhşətli, tükürpədici hadisə deyil.
Deməli, düz on il bundan qabaq, Zığda “Şahdəniz” lahiyəsi üçün yığılmaqda olan TPC-500 dərin-qazma platformasında tamamlama işləri başa çatmaq üzrə idi. Sübh tezdən işçilərə bildirdilər ki, bəs bu gün bütün işlər təxirə salınır, nahara yaxın cənab prezident iş sahəsinə gələcək və platfromanı ona təhvil verəcəyik.
Azərbaycanın zor vaxtları idi. Proyekt-proyektin dalıyca, neftin qiyməti də dəf kimi, çal oynasın, vur çatlasın idi ölkədə. Böhran, krizis, sözləri leksikonda hələ yox idi. Şirvanın* at oynadan vaxtları idi.
Ömrümdə ilk dəfə idi ki, yaşadığım ölkənin prezidentini yaxından, canlı görmək şansı qazanmışdım. Amma məni ən çox şad eliyən, həmin gün daha işləməyəcəyimə əmin olmağım idi. Müdriyyət tərəfindən ismarıc gəldi ki, bəs əyin-başuvuzu təmiz saxlayun, çox iş görməyin, birdən içivizdən qabağ sıralara düşən olar, prezident görər, yaxşı deyil, bir sözlə təmizkar və səliqəli olun.
Üstündən bir az keçmişdi ki, əraziyə iki “İkarus” avtobusu gəldi. Maşınların içərisindən oğlanlı-qızlı, kişili-qadınlı 30-40 nəfər düşdü. Tez-tələsik bu insanları paltar dəyişmə konteynerlərinə ötürdülər. Bir də gördük, həmin adamlar təzə kombenezon, parlaq kaska, eynək, yeni əlcəklər və “botinka” geyinmiş halda gözümüz önündə peyda oldu. Qara kostyumlu, qlastuklu, qara eynəkli birisi həmən kütləyə yaxınlaşıb onları platformaya sarı yönəltdi.
Beləcə tam başqa insanlar bizim əvəzimizə prezidentlə görüşməyə getdi. Mən artıq prezidenti görmək şansımın puça çıxdığını anlamışdım.
İşçilər çaşqın halda bir-birinə baxırdı. Beş-on dəqiqə keçmişdi ki, yenidən başqa, bu dəfə artıq iki qara kostyumlu insan, bizi onların dalınca getməyə çağırdı. Hər ikisinin prezidentin mühafizə xidmətinin işçiləri olduğu aydın idi.
Bizi dörd tərəfdən taxta çəpərlə əhatəyə alınmış elədə böyük olmayan sahəyə saldılar. Bu ərazidən çıxış yolunu kraskası qopmuş şlaqbaumla bağlayıb, bildirdilər ki, səbirli olun, tədbir bitincə buraxacayıq. Özləri də həmən şlaqbaumun önündə əllərin sinələrində çarpazlayıb dayandılar.
Hava soyuq idi, aramızda da yaşlı insanlar. Biri ayaq yoluna istəyirdi, başqası sadəcə çay içib qızınmaq həvəsində idi. Kimisi kənarda sakitcə siqaret çəkərək, gözlərini yerə zilləmişdi. Bir başqası əlləri cibində cangüdənləri süzürdü. Bir neçə nəfər qıraqda toplaşmışdı, sakitcə söhbət edirdi. Cavanlar başqa küncdə zarafatlaşırdılar. İçərimizdə səbri tükənib, evə getmək istəyənlər də tapıldı. Bir-iki cavan oğlan yığışıb, çıxışın qarşısnda dayanan cangüdənlərə məsələni anlatsada, “teloxronitel” qardaşlar “yox” deyib durmuşdular.
Mən və iş yoldaşım Kamil hasarların yanında yığılmış içi boş, paslı çəlləklərin üstündə oturmuşduq. Ərazidə olan insanlar azca hündürlükdən bizə çox gülməli görünürdü. Qırmızı rəngli kurtkalar hamını oxşar edirdi. Kamil özü kənd uşağı idi. İndi mühacirət edib. Norveçdə yaşayır.
Kamil bir xeyli susub, ətrafımızda məqsədsiz dolaşan insanları müşahidə edərək dedi:
“Bilal, bilirsən, nə düşünürəm? Gör, biz necə də quzu sürüsünə bənzəyirik. Susqun, məzlum, biçarə quzu yığını. Bu toplaşdığımız ərazidə bizim kərəskə*. Mən bu cür kərəskəni adətən babamla düzəldərdim. Uşaq vaxtı babam, qardaşım, əmim oğlu və mən qamışlardan hörülmüş çəpərə dirsəklənib, quzulara tamaşa edərdik. Ən yağlı heyvanı seçərdik. Quzuların sayın bilərdik. Ətlik heyvanı nişanlıyardıq. Bir quzu artıq çıxanda sevinərdik.
Çünki onlar bizim qazanc mənbəyimiz idi. Yağını, südünü, qatığını, yununu satıb, kef çəkirdik. Elə bilirəm, indi də kimsə içəri keçib bizim yunumuzu qırxacaq, südümüzü sağıb, bir-iki nəfəri də qoltuğunun altına vurub aparacaq kabablığa, şişə çəkməyə. Dərd orasıdır ki, qardaş, hərənin öz kərəskəsi var, öz yaşayışına uyğun. Bizimki burda, çöldə, açıq havada, səma altındadır. Başqaların ki, kabinetlərdə, ofislərdə. Biz bir quzu sürüsüyük, susqun quzular”.
Elə Kamil monoloqunu təzəcə bitirmişdi ki, kimsə zarafat naminə mələdi. İşçilərin yarıdan çoxu cavan idi deyənə, məzələnmək abu-havası yaranmışdı. Naməlum mələyənə bir başqası eyni ilə cavab verdikdən sonra ara qarışdı. Şlaqbaumun önündə durmuş cangüdənlər əvvəlcə gözləri bərəlmiş bizə baxırdılar. Xəfiyyə, gizli agent roluna girdiklərinə görə, sifətləri ciddi, baxışları qəzəbli idi. Amma onlarda sonradan bizlə brilikdə gülməyə başladılar. Beləcə, iki saatdan çox davam edən tədbirdən sonra, üç yüzə yaxın işçi sərbəst buraxıldı. Mən isə prezidentimi yenə də canlı görə bilmədim.
Gürcüstan əhlinin Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş hüququ qazanmağı ölkəmizdə ajiotaj yaratdı. Açığı, mən də özümü intelliqent, intelektual bloqqer, yaxud da xarizmatik yazar kimi aparıb, bir-iki gün google-də çətin tələffüz olunan sözlər arayıb bir məqalə yazıb, guya vətəndaş borcumu yerinə yetirmiş olardım. Ancaq bu məsələdə, necə deyərlər baş sındırmağa dəyməz. Hər şey göründüyündən asan, adi, sadə və bəsitdir. Avropaya pəncərəmizi açmamışdan öncə, əvvəla gərək kərəskəmizin qapısını dağıdaq.
Məsələn, iş yoldaşım Kamil bunu bacardı. Artıq neçə illərdi, ayrı ölkədə yaşayır. Deyə bilmərəm ki, Kamil düz, yaxud da səhv edib. Onu qınamaq haqqım yoxdur. Reallıq odur ki, mən və mənim kimi bir çox insanlar hələ də həmən çərçivənin, kərəskənin içərisindəyik. Hər gün, hər an, qırxılmağımızı, sağılmağımızı dinməzcə, sakitcə gözləyirik.
Kərəskə*-Qoyun damının bir tərəfində, quzular üçün ayrılmış yer.
Şirvan*-manatdan qabaq milli valyuta.
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…