Zərdüşt Əlizadə
Bəşəriyyət, Yer üzünün əşrəfi insan çox sadə bir məsələnin həllinin öhdəsindən gələ bilmir
Məşhur bir deyim var: “xarici siyasət daxili siyasətin davamıdır”. Dünyada baş verən bütün hadisələr bu deyimin dürüstlüyünü təsdiq edir.
Bəzən bu “daxili siyasət” o qədər “daxili” olur ki, ta ondan daxilisini təsəvvür etmək çətindir. Məsələn, ABŞ Prezidenti Uilyam (Billi) Klintonun öz şəhvəti qarşısında təslim olub Ağ Evə təcrübə toplamaq üçün gəlmiş cazibədar Monika Levinski ilə cinsi əlaqəyə girməsi, bu işin üstünün açılmasından sonra müxalif Respublikaçılar Partiyasının prezidentin impiçmenti məsələsini ABŞ senatına çıxarması, hakimiyyətlə bağlı bu məsələni cəmiyyətin diqqət mərkəzindən qaçırıb arxa səfə keçirmək məqsədilə dünyanın ən qüdrətli dövlətinin 1998 və 1999-cu illərdə dalbadal üç hərbi əməliyyat keçirməsi – İraqı üç gün bombalaması, Sudan və Əfqanıstanda guya ki, terrorçüların bazalarına raket zərbələri endirməsi və sonda
Yuqoslaviyanı NATO təyyarələri ilə 78 gün bombalaması – arasında nə əlaqə var? Bu əlaqəni anlamaq istəyən zəhmət çəkib “Wag the dog” (Quyruq itini bulayır) filminə tamaşa etsin. İt quyruğunu deyil, quyruq itini bulayır.
“Quyruq itini bulayır” filmi 1997-ci ildə ekranlara çıxıb. Bu filmi rejissor Barri Levinson yazıçı Larri Beynhartın “Amerikan qəhrəmanı” romanı əsasında çəkib. Baş rollarda parlaq Hollivud ulduzları Dastin Hofman və Robert de Niro çəkilib. Filmin süjet xətlərini 1998-1999-cu illərdə ABŞ öz xarici siyasəti ilə demək olar ki, 100% dəqiqliklə Ağ Evdə, ABŞ senatında və dünyanın üç bədbəxt ölkəsində – İraq, Sudan və Yuqoslaviyada – təkrar edib.
Billi Klintonun Monika Levinski elə eşq macərasını kölgədə qoymaq və prezidenti impiçmentdən xilas etmək üçün ABŞ-a heç bir təhlükə törətməyən üç zəif ölkənin guya ki, dünyanın ən qüdrətli dövlətinin milli təhlükəsizliyinə xətər törətməsi bəhanəsi ilə vurulması, bunun üçün media fırıldaq texnologiyalarının işə salınması – budur, əgər filmə və gerçək tarixi həqiqətlərə inansaq, ABŞ daxili siyasətinin onun xarici siyasətinə təsiri.
Filmə baxın və özünüz müəyyən edin, ABŞ prezidentinin Monika Levinski ilə sevişməsi və impiçment təhlükəsindən qurtulması üçün xarici siyasətdə müharibə üsullarına üstünlük verilməsi nə qədər inandırıcı görünür.
Zaman keçdikcə daha aydın görünür ki, nə zavallı İraq, nə miskin Sudan, nə də can verən Yuqoslaviya ABŞ kimi qüdrətli dövlətə heç bir təhlükə törətmirdi və onlara hücum həqiqətən ictimai rəyi azdırmaq, ən mühüm hakimiyyət məsələsini hədsiz şişirdilmiş ikinci dərəcəli məsələlərin kölgəsində gizlətmək məqsədinə qulluq edirmiş.
Rusiyanın Ukraynaya təcavüzünün arxasında nəhəng büdcə pullarını oğurlamış Federal Təhlükəsizlik Xidməti (FSB) generallarının Putinə yalançı məlumat təqdim etməsi, bu məlumata inanmış Putinin üçcə gün ərzində rus ordusunu gül-çiçəklə qarşılayan yerli əhalinin alqış sədalarının müşayiəti ilə Kiyevdə qələbə paradı keçirəcəyinə və reytinqinin yenidən “Krım naş” kəlləçarxına çıxacağına ümidi dururdu.
İsraildəki bu gün cərəyan edən qanlı hadisələrin mahiyyəti barəsində mən ən dəqiq məlumatı İsrail ordusunun ehtiyatda olan podpolkovniki, ali məktəbdə siyasətşünaslıqdan dərs deyən Arie Zaydendən eşitmişəm. Podpolkovnik Zaydenin fikrinə görə, bu işlərin arxasında Baş nazir Bibi Netanyahunun ona qarşı elə-hey yürüdülən üç cinayət işinə bilmərrə xitam vermək istəyi, koalision hakimiyyətdə nazir vəzifələrinə yiyələnmiş mürtəce və qatı dindarların ərəblərin qanuni tələblərini yox edən həlledici hərbi qələbəni əldə etmək əzmi durur. Məhz bu əzm İsrailin beş dəfə məhkəmə qərarı ilə ifratçı və terrorçu elan edilmiş ümumi təhlükəsizlik naziri Ben Qviri son aylarda bir neçə dəfə müqəddəs Hərəmu-l-Əqsa məscidinə soxulmağa sövq etmişdir.
HƏMAS bu təxribata uymuş, oktyabrın 7-də hamıya məlum əməliyyatı keçirmişdir. İndi Ğəzza (Qəzza) zolağında cəhənnəm yaşanır.
Bu məqamda diqqəti bir mövzuya yönəltmək istərdim. Guya vətənini sevən və düşmənə barışmaz ədavət bəsləyən tərbiyəsiz və mədəniyyətsiz məxluqatın öz hərəkətləri ilə həmin bu vətənə vurduqları ağır yaralar millətin ümumi mənafeyini heçə endirir. Məsələn, əməliyyat başlayanda döyüşçülər musiqi festivalı keçirən gənc oğlan və qızlara hücum etmiş, silahsız 260 insanı öldürmüşlər. Öldürmüş və bu vəhşiliyin mənzərəsini çəkib İnternetə qoymuşlar.
Yer üzündə dünənə qədər Fələstin xalqının haqq işinə rəğbətlə yanaşan milyonlarla insan bu barbarlara lənət oxumuş, “Fələstin qəziyyə”sinə ikrah bəsləməyə başlamışdır.
Vətəni sevmək insanlığı unutmağa bərabər deyil. Heç bir vətən sevgisi cinayətə bəraət qazandırmır. Təəssüf ki, bütün müharibələr, içi bizim müharibə olmaqla, ölüb-öldürməyə xidmət edir. Lakin bəşəriyyət hətta bu qeyri-insani əməl olan müharibə üçün də qanunlar icad etmiş və yazmışdır. Onlar bəşəriyyətə “Cenevrə qanunları” kimi tanışdır. Onları pozmadan döyüşən insan məsumdur, onları pozanlar canidirlər.
Bu Cenevrə qanunlarından əvvəl peyğəmbər aleyhi-s-səlam buyurmuşdur ki, ey müsəlman, silahsıza, qadına, uşağa, əlilə, əsirə və yaralıya əl qaldırma, onu himayə et. Müharibə dövründə peyğəmbərin kəlamını və Cenevrə qanunlarını pozanlar müsəlman və vətənpərvər deyil, canidirlər.
İndi Yaxın Şərqdə nə gözləmək olar? İsrail HƏMAS-ı yer üzündən siləcəyəm deyir. Bunun üçün İsrail ordusu Ğəzzaya girir.
HƏMAS deyir ki, hər hərbi əməliyyat günü bir nəfər girovu güllələyib edam çarxını İnternetə qoyacağam.
Beləliklə, Yaxın Şərqdə Ölüm Formula -1 yarışı başlanacaq: Netanyahu HƏMAS-ı daha tez məhv edəcək, ya Həmas yəhudi edamlarını davam etdirərək hərbi əməliyyatın dayandırılmasına və onunla siyasi danışıqların başlamasına nail olacaq?
Bu minvalla hadisələr onillərdir ki, davam edir. Bəşəriyyət, Yer üzünün əşrəfi insan çox sadə bir məsələnin həllinin öhdəsindən gələ bilmir. Ziddiyyət, görünür ki, çox dərindir. Ərəb “səlam”, yəhudi isə “şolom” deyir. Buna necə dözəsən?