“Şura Ukraynada müharibənin qarşısını ala bilməyib”
BMT-nin baş katibi Kiyevə səfəri zamanı öz təşkilatının Təhlükəsizlik Şurasını tənqid edib.
Antonio Quterreş deyib ki, şura Ukraynada müharibənin qarşısını ala bilməyib, bitməsinə təsir göstərməyi bacarmayıb və müharibə bu gün də davam edir.
“Bu, böyük məyusluqdur və eyni zamanda, qəzəb yaradır. Açıq danışacağam, BMT bu müharibənin qarşısını almaq və bitirmək üçün əlindən gələni edə bilmədi”, – o əlavə edib.
15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurası xüsusi olaraq qlobal sülh və təhlükəsizliyin təmin edilməsi vəzifəsini daşıyır.
Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bu yana şura hərəkətə keçmədiyi üçün Ukrayna hökuməti və ətrafdan tənqidlər alıb.
Rusiya qurumun beş daimi üzvündən biridir və münaqişə ilə bağlı birdən çox qətnaməyə veto qoyub.
Quterreş aprelin 28-də Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında danışıb və Təhlükəsizlik Şurasını tənqid edib: “Mən sizə cənab prezidentə və Ukrayna xalqına demək üçün buradayam, biz təslim olmayacağıq. Lakin etiraf etməliyəm ki, Təhlükəsizlik Şurası “iflic vəziyyətinə düşərkən” BMT başqa tədbirlər görür”.
Zelenski brifinqdə Quterreşə bildirib ki, Rusiyanın Ukraynada törətdiyi “bütün hərbi cinayətlərin” ilkin şahidi olmaq şansı var.
O, Rusiyanın Ukraynadakı hərəkətlərini “soyqırım” kimi qiymətləndirib.
BMT rəhbərinin səfəri zamanı Kiyevin mərkəzi Şevçenko rayonunda iki partlayış baş verib, şəhər merinin dediyinə görə, 10 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Cənab Quterreş Ukraynanın Rusiyanı müharibə cinayətləri törətməkdə ittiham etdiyi bir neçə sayta da baş çəkib.
Kiyevin şimal-qərbindəki Borodyanka şəhərində cənab Quterreş zərbələr və atəş nəticəsində dağılmış binaların qarşısında jurnalistlərə danışıb.
O, Ukraynadakı müharibəni “21-ci əsrdə absurdluq” adlandırıb: “Ukraynanın cənubundakı Mariupol şəhərində minlərlə insanı xilas etmək lazımdır. Bu şəhər həftələr ərzində Rusiyanın ağır bombardmanları nəticəsində dağıdılıb. Mariupol böhran içərisində böhrandır. Minlərlə mülki vətəndaşın həyatını qurtarmaq üçün yardıma ehtiyac var. Onların içində yaşlı və tibbi yardıma ehtiyacı olanlar çoxdur. Bəzilərinin hərəkət qabiliyyətləri məhduddur”.
Rusiya indiyədək Kiyevin Azovstal sənaye zonasında qalan son ukraynalı müdafiəçilərin və mülki şəxslərin təxliyə edilməsinə icazə verilməsi ilə bağlı dəfələrlə etdiyi müraciətləri rədd edib.
Quterreş bildirib ki, Rusiya prezidenti Vladimir Putin mülki əhalinin şəhəri tərk etməsinə “prinsipcə” razılaşıb.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.