Qusarda oteldə yanğın olub, 4 nəfər həyatını itirib

Foto: Meydan TV

Daha 6 nəfər xəsarət alıb

Yanvarın 22-də saat 4 radələrində Qusar rayonunda yerləşən “Park Qusar” hoteldə yanğın baş verib. Yanğın nəticəsində 4 nəfər həyatını itirib. Bu barədə Meydan TV-yə Qusar Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala əsasən, yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib.

Yanğın nəticəsində həlak olanların kimliyi də məlumdur. Bunlar 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşdur.

Babayevlərin bir ailənin üç üzvü olduğu bildirilir.

Həmçinin, yanğın zamanı 6 nəfər – 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü  Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Ana səhifəBölgəQusarda oteldə yanğın olub, 4 nəfər həyatını itirib