O, rəhbərlik etdiyi xəstəxananın stomotoloqundan rüşvət almaqda günahlandırılır
“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir ki, Mübariz Zeynalovu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. O, rəhbərlik etdiyi xəstəxananın stomotoloqundan rüşvət almaqda günahlandırılır.
İddia olunur ki, xəstəxanada həkim-stomatoloqunun istifadəsinə veriləcək stomatoloji qurğunun tibb müəssisəsinin hesabına alınmasından ötrü direktor 2000 manat rüşvət istəyib. Bunun da 1000 manatını oktyabrın 19-da xidməti otağında alanda saxlanılıb.
Faktla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub.
Mübariz Zeynalovun ittihama münasibəti məlum deyil.
Mübariz Zeynalovun adı bundan əvvəl başqa bir cinayət işində keçirdi. Həmin işdə o, zərərçəkmiş qismində tanınmışdı. İddia olunurdu ki, təqsirləndirilən şəxslər onu şəxsi həyatına aid görüntü və məlumatları yaymaqla şantaj edərək, ondan pul alıblar.
Təqsirləndirilən şəxslər isə bildirirdi ki, bu iddia yalandır. Mübariz Zeynalov 130 min manatı Sumqayıt Mərkəzi Xəstəxanasına baş həkim təyin olunmaq üçün vermişdi.
"Sumqayıta baş həkim kimi işə düzəlmək istəyirdi. Pulu da ona görə verib. Bir neçə dəfəyə mənə 130 min manat verib. Onu yalandan istintaqda öyrədiblər ki, belə desin. Mübariz həkimi Sumqayıtın icra başçısı ilə görüşdürəcəkdik. İş alınmasa, pulunu geri qaytaracaqdıq. Artıq Mübariz həkim mənim dayım Ələkbər Həsənovu da tanıyırdı. İşi də dayımın köməkliyi ilə həll edəcəkdik", – təqsirləndirilən Elşən Hümbətov belə deyirdi.