“Moskvaya bilet qiymətləri 1000 manatdan başlayır, od qiymətinədir”
Son 4 ay ərzində Azərbaycanı 330,6 min əcnəbi ziyarət edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Dövlət Sərhəd Xidmətinin (DSK) məlumatında belə deyilir.
Bildirilir ki, həmin 330,6 min nəfər dünyanın 151 ölkəsindən gəlib.
Gələnlər içində ruslar çoxluq təşkil edir: 26,2 faiz.
İkinci yerdə Türkiyədən gələnlərdir ki, bütün rəqəmin 25,3 faizini əhatə edir.
İrandan gələnlər 6,1, Gürcüstandan gələnlər 3,2, Ukraynadan gələnlər 2,6 faiz olub.
Növbəti sırada Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistan, Qazaxıstan, Küveyt, Böyük Britaniya vətəndaşları gəlir.
2021-ci ilin ilk dörd ayı ilə müqayisədə xarici ölkələrə gedən azərbaycanlıların sayı da 2,5 dəfə artıb: 400,2 min nəfər olub.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, karantin qaydalarının yumşaldılması, yeni turizm mövsümünün yaxınlaşması Azərbaycana gələn xaricilərin sayında da özünü göstərib:
“Yeni turizm mövsümü başlayır. 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu ilin ilk aylarından etibarən Azərbaycana gələnlərin sayında artımın olmasına baxmayaraq, hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır”.
İqtisadçı bildirib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Hətta pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın olub:
“Bu sektor həmçinin, məşğulluğa da xüsusi töhfə verir. Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər”.
Statistikaya görə, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlib.
Vüqar Bayramov deyir ki, pandemiyadan öncə həmin insanlar Azərbaycana gəlmək üçün daha çox quru sərhədlərdən istifadəyə üstünlük verib:
“Bu ilin 4 ayında da Azərbaycana gələn turistlərin 72.3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər”.
Səyahət blogeri Azər İsmayıl deyir ki, ölkəyə gələnlərin ötən illə müqayisədə çox olmasının səbəbi Azərbaycana gəlməklə bağlı karantin qadağalarının aradan götürülməsidir:
“Bu qadağalar bir çox ölkəyə münasibətdə götürülüb. Üstəlik, əlavə təyyarə reysləri də açılıb. Bu da gələnlərin sayını artırıb”.
Bloger deyir ki, ümumi statistikada həmişə Rusiya, Türkiyə, İrandan Azərbaycana gələnlərin sayı çox olub.
İndiki halda isə Rusiyadan gələnlərin faizlərinin daha da qalxması şübhəsiz ki, orada yaşayan soydaşların müharibəyə görə ölkəyə qayıtmağıdır:
“Eyni zamanda, Rusiya iqtisadiyyatında baş verən mənfi hallar da bu ölkədən insan axınını artırıb. Nəticədə Azərbaycan statistikasına əlavə say qatılıb”.
Xaricə gedən azərbaycanlıların sayına gəlincə, bloger deyir ki, sayın artmasına səbəb dünya ölkələrinin pandemiya qadağalarını götürməsi və əlavə reyslərin açılmasıdır. Keçən il bu imkanlar məhdud olub:
“Eyni zamanda, peyvənd olunanların sayı artıb. Onların başqa ölkələrə getmələrində hər hansı problem yoxdur. Düzdür, qiymətlər xeyli bahadır. Məsələn, Türkiyəyə gediş-gəliş aviabiletinin ortalama qiyməti 450-500 manat arası dəyişir. Gecəlik qalmağın qiymətini isə təxmini 50 manatdan hesablaya bilərik. Beləliklə, 4 gecəlik səyahət və əlavə xərclərlə birlikdə İstanbula səfər 800-1000 manat arası tutur”.
Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin açılmasına gəlincə, Azər İsmayıl bunu may ayında gözləyib. Hələ də ümidi var ki, açılacaq. Deyir, dünyada barmaqla sayılacaq qədər az ölkə var ki, onun quru sərhədləri bu gün də qapalıdır:
“Təəssüf ki, onlardan biri də Azərbaycandır. İyunun 1-də Gürcüstan hökumətinin quru sərhədlərini açmasının üzərindən 1 il ötəcək. Amma Azərbaycan hökuməti Gürcüstanın bu addımını cavabsız qoyub. Təəssüf ki, hökumət indiyədək bunun hər hansı məntiqli açıqlamasını da təqdim etməyib. İnsanlar bilmirlər ki, niyə Naxçıvandan quru yolu açıq olduğu halda, Gürcüstanla, Rusiyayla sərhədlər açılmır”.
Bloger deyir ki, hazırda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar dünyada Rusiya aviaşirkətlərinə ciddi sanksiyalar tətbiq edilib.
Onların beynəlxalq uçuşları məhdudlaşdırılıb, yalnız bəzi ölkələrə, eləcə də qonşularına kiçik tutumlu təyyarələrlə uça bilirlər:
“Təyyarələrin tutumunun kiçik olması, eyni zamanda, tələbin həddən artıq çox olması, təklifin baha başa gəlməsinə zəmin yaradır. Nəticədə, həm də Azərbaycandan Rusiyaya gedib-gəlmək qiymətləri kəllə-çarxa çıxıb. Yeni açılmış Samara-Bakı reysinə biletin qiyməti 970 dollardır. Bu, normal qiymətlərdən 7-8 dəfə bahadır. Moskvaya da bilet qiymətləri 1000 manatdan başlayır, od qiymətinədir. Elə bu səbəbdən quru sərhədlər açılmalıdır ki, soydaşlarımız, Azərbaycan vətəndaşları ölkələrinə rahat gəlib-gedə bilsinlər”.
Azər İsmayıl əlavə edir ki, quru sərhədlərin açılması turizmə dəstək olacaq, gələnlərin sayı artar. Eyni zamanda, Gürcüstana gələn əcnəbilər asanlıqla Azərbaycana keçib, buraları gəzə bilərlər.
Azərbaycanın quru sərhədlərini bağlamasının üstündən 2 ildən çox vaxt keçib.
Naxçıvanla İran və Türkiyə quru sərhəddini çıxsaq, qalan bütün sərhədlər qapalıdır və insanlar xaricə yalnız hava yolu ilə gedib-gələ bilirlər.
Pandemiyanın başlanğıcında Azərbaycana qonşu ölkələr də sərhədlərini qapatmışdı. Lakin zaman-zaman əksəriyyəti qapıları insanların üzünə açdı.
Məsələn, 2021-ci il iyunun 1-dən Gürcüstan bütün quru sərhədlərini açıb. Qarşılıqlı gediş-gəlişin olması üçün Azərbaycan tərəf də sərhədini açmalıdır, ancaq açmır.
Koronavirusla bağlı 2020-ci il fevralın sonu İranla, martın əvvəli isə Gürcüstan və Rusiya ilə gediş-gəliş məhdudlaşdırılıb.
Yalnız yük maşınları gedib-gələ bilir. Bir də xüsusi izinlə vətəndaşlar. Məsələn, Gürcüstanda olan Azərbaycan vətəndaşı Azərbaycan Səfirliyinə müraciət edib, günlərlə gözləməklə Azərbaycana quru yolla keçmək izni alır. Dönüş üçünsə birmənalı olaraq təyyarədən istifadə edilməlidir.
İrana getmək üçünsə Azərbaycan vətəndaşı əvvəlcə Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Yalnız xüsusi hallarda izin verilir. Məsələn, müalicəyə gedirsə, xəstəlik sənədini və şəxsiyyətini təsdiq edən sənədləri XİN-ə təqdim edir. 1 həftə ərzində izin çıxır.
Sonra vətəndaş həmin izin kağızını İran Səfirliyinə təqdim edir. Bir həftə də buna görə gözləyir. Bundan sonra isə nəhayət, İrana getmək mümkün olur.