Qurtuluşumuz – suallardadır!

Həqiqət isə məhz disputun, debatın, dialoqun olduğu yerdədir.

Foto: Meydan TV


Biz sabit həqiqətlərlə – doqmalarla, ehkamlarla yaşamağa məcbur edilmişik

Azərbaycanlı valideynlərin öz uşaqlarına ən sevimli iradlarından biri budur: "Sən nə çox sual verirsən?"

Uşaqlar daim təəccüblənirlər, heyrətlənirlər, maraqlanırlar, bilmək və öyrənmək istəyirlər, fərqi yoxdur, nə haqda.

Üstəlik, bilmək, öyrənmək istədikləri nəsnələr valideynlərdən heç də dərin elmi bilik, intellektual-baqaj zad tələb etmir, çox sadə şeylər, sevimli qəhrəmanları Karlsonun dili ilə desək, adi həyat hadisələri haqqında soruşurlar.

Və bir qayda olaraq ata-ananın sərt, öfkəli reaksiyası ilə qarşılaşırlar. Bu reaksiya ən yaxşı halda "böyüyəndə bilərsən" olur, əksərən isə övladları onlardan "Az danış", "Başını hər şeyə soxma", "Sən nə çox sual verirsən?" kimi təpkilər eşidirlər.

Bunun başlıca səbəbi odur ki, bizim camaat sual verməyi xoşlamır. Sual vermək onun təbiətinə yaddır , o, uzun illər siyasi və dini basqı, təzyiq altında yaşadığı üçün sual verməkdən çəkinir, sual verməyi özünə başağrısı yaratmaq kimi qavrayır. Qınamalı deyil: toplum olaraq, hazır cavablara öyrəşmişik. Cavablar bizə həmişə diqtə olunub. Sorğulamaq isə yasaqlanıb.

Onillərin, yüzillərin bu acı gerçəkliyi altşüurumuzda sual verməyə, soruşmağa qarşı bir xof, bir çəkingənlik, bir ürkəklik yaradıb. Beynimizi məşğul edən məsələlər haqda "Soruşub özümü niyə zibilə salım?" düşüncəsi formalaşdırıb. Hətta o qədər ki, övladlarımızın uşaq marağından irəli gələn suallarına belə dözümsüz, səbirsiz yanaşırıq. Bu suala qarşı camaat olaraq daxili qorxumuzun görsənişidir, başqa da heç nə!

Biz sabit həqiqətlərlə – doqmalarla, ehkamlarla yaşamağa məcbur edilmişik. Hələ də buna məcbur edilməkdəyik. Həyatımızdakı tabuların sayı-hesabı yoxdur. Keçmişimiz və bu günümüz toxunulmaz nəsnələrlə doludur.

Şübhəçilik – düşmənçilik kimi qəbul olunur. Din haqda tərs bir şey soruşursan, fətvan hazırdı. Klassiklər barədə yüngül tənqid yazırsan, əli yabalı, baltalı, dəhrəli adamlar tökülüşür üstünə. Siyasi motivli quşqular, bu cür quşqulardan doğan suallarla bağlı isə kor-kor, gör-gör, hər şey onsuz da aydındır: "vətən xaini" damğası vuran kim, cibinə nəşə atdıran kim, "erməni dəyirmanına su tökdüyünü" söyləyən kim…

Halbuki yaşadığımız çağda şübhəçiliyə bu qədər amansız, aqressiv reaksiya verən cəmiyyətin yüksəliş imkanı əsla və əsla yoxdur.

Sual verməkdən bu qədər çəkinən, qorxan, qıcıqlanan toplumun çağdaş dünyayla ayaqlaşa bilməsi boş xəyaldır, filfilo söhbətdir.

İstədiyiniz qədər "ASAN xidmət" yaradın, istədiyiniz qədər "Formula-1" keçirin, istədiyiniz qədər neft pulunuz olsun, yaşlı məmurları istədiyiniz qədər gənclərlə əvəzləyin, mənasız işdir: əgər təhsiliniz tənqidçi, sorğulayıcı fərdlər yetişdirmirsə, tam əksinə "şəxsiyyətə pərəstiş" kimi geriçi, çağdışı tendensiyaya təslim olubsa, toplumun mütləq əksəriyyəti sual verməkdən qorxur, hətta məmləkətin diplomluları belə, doqmaların əsiri, tabuların girovudursa, modern, mədəni dünyanın bir parçasına çevrilməyiniz mümkünsdüzdür.

XXI yüzillikdə sual verməkdən çəkinən, ürkən istənilən heç bir cəmiyyət sözün həqiqi mənasında tərəqqiyə, rifaha qovuşa bilməz. O, yalnız yalan, talan bataqlığında çapalaya bilər.

Bir dəfə də yazmışam: suallar polemika ortamı yaradır. Suallar dartışma mühiti yaradır. Suallar disput mədəniyyəti, debat kültürü yaradır. Suallar monoloqdan dialoq aparır bizi.

Həqiqət isə məhz disputun, debatın, dialoqun olduğu yerdədir. Polemikanbın olduğu yerdədir. Fikirlərin ayrışdığı, düşüncələrin toqquşduğu yerdədir.

Azərbaycanda sual verənlər nə qədər çox olsa, dartışmalı, mübahisəli baxışlar, fikirlər nə qədər çox olsa, biz də yeni dünya ilə, yeni zamanla o qədər ayaqlaşa, gerçək yüksəlişə o qədər yaxınlaşa bilərik.

Azərbaycanda sual verənlər nə qədər çox olsa, yalanların ifşa olunmaq imkanı da o qədər artar, bu yalanlar hətta ayaq açsa belə yerimək imkanı o qədər azalar.

Qısası – bizi hazır, şablon cavablar bədbəxt elədi. Bizi soruşmamaq, sorğulamamaq bədbəxt elədi.

Gec də olsa artıq başa düşməli, dərk və qəbul etməliyik:

Qurtuluşumuz suallardadır!

Xilasımız soruşmaqdadır!

Ana səhifəXəbərlərQurtuluşumuz – suallardadır!