Oyun “Qarabağ”ın qələbəsi ilə başa çatdı
Avqustun 15-də Çempionlar Liqası pley-off mərhələsinin ilk görüşü keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda “Qarabağ” “Kopenhagen”i qəbul edib.
Oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllif 25-ci dəqiqədə fərqlənən Mahir Mədətov olub.
Oyundan sonra komandaların baş məşqçiləri matç haqda danışıb.
“Korner.az”-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov deyib ki, rəqib çox ağır komandadı:
“”Kopenhagen”ə qarşı güc sərf etdik. Futbolçularımız dəqiq oynadı, əlindən gələni etdi. Bir neçə real qol şansımız oldu. Bu qələbə hələ heç nə demək deyil. Bizi daha çətin oyun gözləyir, çünki rəqib öz meydanında daha güclü oynayır. Cavab matçında da daha dəqiq oynamağa çalışacağıq. Bizi çətin 90 dəqiqə gözləyir”.
Jurnalistlərin “Rəqibin baş məşqçisi sizi favorit sayır. Razısızmı?” sualına Qurban Qurbanov deyib:
“”Kopenhagen” bu hesaba hazır bir komandadı. Bunu təcrübədə göstəriblər. Evdən qol buraxmamaq çox yaxşıdı, həmişə buna üstünlük demişəm, amma yenə də bu gün də mən şansları bərabər dəyərləndirirəm. Rəqibin komandası çox təcrübəlidi”.
“Çempionlar Liqasının himnini eşitmək sizə hansı hissləri yaşatdı”- sualını baş məşqçi belə cavablandırıb:
“Çempionlar Liqasının himini eşitmək məni qürurlandırdı. Bu turnirə addım atmış kimi hiss etdik. Bir qədər buna duyğulandım və şad oldum ki, Azərbaycanda bu himni eşitdilər”.
Qurban Qurbanov onu da deyib ki, transfer axtarışları davam edir:
“Bir neçə futbolçunun klubuna transfer məbləği də təklif etmişik. Ancaq hələlik alınmır. Buna baxmayaraq mütləq transfer etməliyik”.