Millinin 13-cü baş məşqçisi
AFFA icraiyyə komitəsinin iclasında “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin də baş məşqçisi təyin edilib.
AFFA prezidenti Rövnəq Abdullayev Q.Qurbanovla altı illik müqavilənin bağlandığını
deyib
. Q.Qurbanov milliyə 2020 və 2024-cü illərdə Avropa çempionatının və 2022-ci il dünya çempionatının seçmə oyunlarda rəhbərlik edəcək. Bununla belə Q.Qurbanov “Qarabağ” klubunda da baş məşqçiliyini davam etdirəcək.
Amma müqavilənin maddi tərəfi barədə məlumat verilməyib.
Q.Qurbanov baş məşqçi postunda xorvat Robert Prosineçkini əvəz edib.
Təyinatdan sonra keçirilən brifinqdə, Q.Qurbanov üzərinə düşən məsuliyyətin ağırlığını anladığını bildirib.
“Azarkeşlərin gözü milli komandadadı. Mən özüm də millinin oyunlarında azarkeş kimi iştirak etmişəm və onların millidən yaxşı nəticə gözlədiklərini bilirəm. Çalışacağıq ki, daha uğurlu nəticə əldə edək”., – Q.Qurbanov deyib.
O, bildirib ki, bu qısa müddətin işi deyil və uzun müddətli proqramımız olmalıdı.
“Pillə-pillə irəli getməliyik. Çalışacağıq ki, milli daha da peşəkar olsun, irəli getsin. Bu işin görülməsi üçün əlimdən gələndən artığını etməyə çalışacam”, – yeni baş məşqçi bəyan edib.
Q.Qurbanov SSRİ dağılandan sonra formalaşan Azərbaycan millisinin 13-cü baş məşqçisidir. O, məşqçilər arasında 9-cu yerli məşqçidir.
Zaqatalada futbol karyerasına başlayan Q.Qurbanov, Azərbaycanın bir neçə klubunda oynadıqdan sonra Gürcüstan və Rusiyada legioner həyatı yaşayıb.
1992-ci ildən 2005-ci ilə qədər millinin üzvü olan Q.Qurbanov 67 oyunda 14 qol vurub və hələlik yığmada ən çox qol vuran oyunçudur.
Məşqçilik karyerasına 2006-cı ildən “Neftçi” klubunda başlayıb. Bir mövsüm sonra tutduğu vəzifədən istefa verib.
2009-cu ildə “Qarabağ” klubuna baş məşqçi təyin edilib. Onun rəhbərlyi altında klub son dörd il ardıcıl olaraq Azərbaycan çempionu olub, son üç il ölkə kubokunun qalibidir.
Son üç il “Qarabağ” ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsində oynayır. “Qarabağ” Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubudur. Qrupda İngiltərənin “Çelsi”, İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” kimi klubları ilə birlikdə oynayan “Qarabağ” dörd turdan sonra iki xal toplayıb.