Ekspert: “Ölkədə heyvandarlığın inkişafına dəstək olmadığı üçün idxaldan asılılıq artacaq”
Qurban bayramına sayılı günlər qalsa da, ölkənin heyvan bazarlarında durğunluq yaşanır.
Bahalıq, əsasən də, xırdabuynuzlu heyvanlarda, xüsusilə quzu ətinin qiymətində müşahidə olunur.
“Əsl bayramı qəssablar edir”
Daimi heyvan alıcı və satıcıları bunu isti hava şəraiti, baha ot və yem ehtiyatı ilə əlaqələndirsə də, tək qazanan qəssablar və heyvan alışı ilə məşğul olan dəllallardır.
Bərdə heyvan bazarının daimi dəllalı olan Elməddin İbayev son üç həftədə ölkənin qərb və aran bölgələrindəki bazarlarda eyni vəziyyətin yaşandığını deyir.
Onun sözlərinə görə, dana və qoyun ətinin qiyməti satışda 13-14, quzu əti isə 18 manata satılsa da, diri çəkidə heyvan satanlar 3-4 manat uduzur:
“Əsl bayramı qəssablar edir. Qurbanlığa görə 20 minə yaxın heyvan gətirirlər. Hamı baha satacağını düşünüb gətirir. Heyvan sayının çoxluğu və isti hava şəraiti, xəstəliklər də 15-20 faiz bazara təsir edir, ancaq durğunluğun tam səbəbi bəlli deyil. Bakıda 15, regionda 13-14 manata ət satan qəssaba bir ay öncə ətin kiloqramı 12 manat 70 qəpiyə düşürdüsə, indi 10 manata, 10 manat 60 qəpiyə düşür. 300 manatlıq quzu ətindən qəssab 360 manat qazanır”.
“3000-3500 manatlıq iribuynuzlu südlük heyvanlar 1800-2000 manata düşüb. Yerli sortları isə 1100-1800 manatadır. Xırdabuynuzlu heyvanlarda isə çox artım oldu. 300 manatlıq balalı qoyun 500 manata olub. 12-18 kiloqramlıq heyvanlar 200-300 manat arasındadır. Balalı, xarici sort 600-700 manat civarındadır. Quzunun əti diri çəkidə ötən il 13-14 manat, indi olub satışda 18 manat. Quzunu ucuz alıb ətini baha satırıq. Heyvanda alıcılıq ucuzlaşıb, satıcılıq bahadır”, – deyə heyvan alıcısı vəziyyətin avqusta qədər belə davam edəcəyini vurğulayır.
Heyvan alıcıları bildirir ki, durğunluqdan dolayı ətlik çəkisi 20 kiloqramdan çox xırdabuynuzlu heyvanlarda 30-50 manat, yüz kiloqramdan çox iribuynuzlu heyvanlarda isə 200-220 manat ucuzlaşma var.
“Xırda heyvanlarda 70-100 manat bahalaşma fərqi var”
Ölkənin regionlarına görə isə nisbətən heyvanların ətində qiymət fərqi var.
Xaçmazda olan heyvan satıcısı Cabir Mustafayev deyir ki, orada ətin qiyməti 10 manatdan 19 manata qədər dəyişir.
Alıcılıq qabiliyyəti az, heyvan çox olduğundan tələbat xırdabuynuzlu heyvanlara və erkək danalaradır:
“100 kiloqramdan aşağı dişi danadırsa, ətin kiloqramı 10-11, erkək danada isə 16-17 manata düşür. 100 kiloqramdan yuxarı olanda isə ətin qiyməti təminən 12-13 manata düşür. Bazarın 90 faizi alverçidir, orada kəndli ancaq 5 faiz təşkil edir. Onların da heyvanı gələn kimi ucuz alınır. Xırda heyvanlarda 70-100 manat bahalaşma fərqi var. Dana əti bizdə 14 manatdır. İribuynuzlu heyvanların 100 kiloqramlığında iki manat fərq var. Xaçmazda südlük heyvanların satış qiyməti 3000-6000 min arası, yerli sortlarda isə 900-2500 arası dəyişir. Alıcılıq qabiliyyəti zəifdir, insanların maddi durumu yaxşı deyil. Yem, ot baha, saxlanma şərtləri ağırdır, qazanc vermir. Ona görə alıb satanlara sərf edir, heyvan saxlayanlara yox”.
“Yaydır deyə ətlik heyvan sərf etmir”
Quzu ətinin ən baha olduğu bazarlar Beyləqan, Göyçay və İsmayıllı bazarlarıdır.
Beyləqan sakini Qulu Əliyev deyir ki, 15 kiloqramlıq xırdabuynuzlu hazırda 250 manata, 17-18 kiloqramlığı isə 270-280 manatadır.
Onun sözlərinə görə, son iki həftədir ki, heyvanlarda ucuzlaşma var:
“Qışda ətin qiymətini diri çəkidə 12 – 12.50 manatla alırdılarsa, indi 11-11.50 manata alırlar. İndi yaydır deyə ətlik heyvan sərf etmir. Hazırda Beyləqanda dana əti 12.50-13 manata, quzu əti 19-20 manatadır. Qiymətlərdə 2-3 manat artım var”.
“Əvvəl 5-6 baş iribuynuzlu saxlayırdım, indi sərf etmir”
İsmayıllı bazarından mütəmadı heyvan alıb-satan Sadiq Səmədov da qiymətlərdən narazıdır:
“Böyük heyvan sərf etmir, ondansa 2-3 xırdabuynuzlu alıb saxlamaq sərfəlidir. Saxlanılası quzuların qiyməti kiloqramına görə 19-20, hətta 22 manatdır. Əvvəl 16-17 manat idi. Əslində çəki deyil, görkəmi diqqət çəkir və qiymət də ona görə verilir. 70 kiloqramlıq dana var ki, 800 manat etmir, 60 kiloqramlıq cins dava var ki, 1200 manata satırıq. Cır heyvanlar 1000-1400 manata, cinslər isə 2500-4000 minə qədər satılır”.
“İki ay öncə 150 manatlıq erkək quzu indi 230-250 manata olub. Heyvan yemi də bahadır. Ot indi sahələrdə 3-4 manatdır, mövsüm bitsin 6-7 manat olacaq, hətta 8 manata qədər arta da bilər. Əvvəl 5-6 baş heyvan saxlamışam, indi sərf etmir, süddən kəsilən kimi satıram”, – deyə o qeyd edib.
“İnflyasiya gedir, qiymətlər aşağı düşür, çünki gəlir artmır”
İqtisadçı ekspert Akif Nəsirli deyir ki, heyvan bazarlarında durğunluq alıcılıq qabiliyyətinin aşağı olması, bazar inhisarçılığı və artan inflyasiya səviyyəsi ilə bağlıdır.
Onun fikrincə, əhalinin də alıcılıq qabiliyyəti aşağı düşəndə iribuynuzlu heyvanlara tələbat artır:
“Xırdabuynuzlu heyvanlara tələbat artır, çünki əhalinin gücü ona çatır. Tələbat yarananda təklif də az olanda qiymət ətin satışında artır, diri çəkidə yox. İnflyasiya gedir, qiymətlər aşağı düşür, çünki gəlir artmır. Bazar inhisarçılığı da qiymətlərə təsir edir. Kəndlilər heyvanını birbaşa Bakı bazarlarına çıxara bilmir və vasitəçi olanda qiymət fərqi olur. Çünki bunun yol, kəsim, yerin icarə haqqı xərcləri var”.
“Ölkədə ət istehsalı kəskin aşağı düşüb və idxal edilən ət artıb”
Ekspert ölkədə heyvan sayının azalmasının əsas səbəbi kimi 2015-ci ildən başlayan pambıqçılığı görürür. Çünki ot və örüş yerləri pambıq əkininə ayrılıb.
O qeyd edir ki, son on ildə heyvandarlıq ciddi şəkildə sıxışdırılıb, nəticədə bazarda ciddi idxal asılılığı yaranıb:
“Heyvandarlıqla məşğul olan fermerlərin, kəndlilərin örüş sahələri, torpaq ehtiyatları əlindən alınıb pambıq əkəndə heyvandarlıq ciddi sıxışdırıldı. İlbəil ot və yem bazası üzündən heyvandarlıqla məşğul olmaq çətinləşir, səmərəsiz bir fəaliyyət olub. Qüvvəli yem komponentləri və keyfiyyətli otun qiyməti 2-3 dəfə artıb. Subsidiya dəstəyi də çox zəif və demək olar ki, yoxdur”.
“Perspektivsiz pambıq əkininə subsidiya verilir, heyvandarlığa yox. Nəticədə ölkədə ət istehsalı kəskin aşağı düşüb və idxal edilən ət artıb. Bu ilin ilk beş ayında ümumi 2500 ton ət idxal olunub. Bu da 6 min ton ət edir. Halbuki 7-8 il öncə bu rəqəm üç dəfə az idi, yəni iki min ton idi. Nə qədər ki, ölkədə heyvandarlığın inkişafı üçün dəstək olmayacaq, yem bazası yaradılmayacaq idxaldan asılılıq artacaq”, – deyə ekspert vurğulayıb.