“Quranın təfsiri”nin qadağası ilə bağlı məhkəmə keçirilir

Rusiyada dini ədəbiyyatın qadağan olunması problemi yaşanır

Source:



Rusiyada dini ədəbiyyatın qadağan olunması problemi yaşanır

“Kavkazski Uzel”in

materialı

əsasında

Rusiyada Elmir Quliyevin – azərbaycanlı dini filosofun tərcüməsində “Müqəddəs Quranın təfsiri” kitabını qadağan edə bilərlər. İslamşünaslar hesab edirlər ki, islam dini üzrə klassik əsərlərin tərcümələri ekstremist sayıla bilməz, güc strukturlarının bununla bağlı yol verdikləri xətalarsa radikal ab-havanın artmasına gətirib çıxarar.


“İudeylər”, “xristianlar” və “dinsizlər” qruplarına münasibətdə nifrətin, düşmənçiliyin, ya da ədavətin oyandırılması

Samara məhkəməsi artıq üçüncü dəfədir ki, prokurorluğun bir neçə müsəlman kitabının, o cümlədən Elmir Quliyevin tərcümə etdiyi “Müqəddəs Quranın Təfsiri” əsərinin (tərtibatçısı Əbdürrəhman ibn Nəsir As-Saadidir) ekstremist material kimi tanınması ilə bağlı iddiası üzrə inzibati işə baxır.

Müsəlman kitabları, o cümlədən bir çox imamın masaüstü kitabı güc strukturlarının əməkdaşları tərəfindən Samara yaxınlığında yerləşən “Camaat Krasnıy Paxar” model evində aparılan xüsusi əməliyyat zamanı müsadirə edilib. Elə ordaca iki kiloqrama yaxın partlayıcı maddəyə oxşar maddə aşkarlayıblar. Model evi mədəniyyət müəssisəi kimi qeydiyyatdan keçirilməyib və Samara vilayətinin Müsəlman Ruhani İdarəsi tərəfindən nəzarət edilməyib.

Prokurorluq Samara vilayəti üzrə FTX idarəsinin linqvistik tədqiqatına əsaslanaraq qeyd edir ki, kitablarda “iudeylər”, “xristianlar” və “dinsizlər” qrupuna münasibətdə nifrətin, düşmənçiliyin, ya da ədavətin oyandırılmasına yönəldilmiş ekstremist xarakterli fikirlər var. Antiekstremist qanunvericiliyə əsaslanan prokurorluq məhkəmədən “Quran”dan olan sitatlar istisna olmaqla, kitabların ekstremist ədəbiyyat kimi tanınmasını xahiş edir.


“Dünyada elə bir din və ya ideologiya yoxdur ki, öz ardıcıllarını digər adamlara qarşı qoymasın”

Məhkəmədə baxılan kitabları buraxan nəşriyyatların vəkilləri prokurorun iddiasına cavab verərək israr ediblər ki, prokuror təfsir mətnində (Quranın izahı) digər konfessiyaların nümayəndələrinə “nifrət, düşmənçilik, ya da ədavətin oyandırılması”ilə bağlı fikirlərin olduğunu deyərkən təkallahlı dinlərin hər birinin digəri üzərində üstünlüyünü təbliğ etdiyini nəzərdən qaçırıb.

“Dünyada elə bir din və ya ideologiya yoxdur ki, öz ardıcıllarını digər adamlara qarşı qoymasın. Bir konfessiyanın adeptlərinin digər konfessiyanın adeptləri üzərində üstünlüyünün təsdiqi ekstremizm sayıla bilməz, – kitab nəşriyyatının vəkili Ruslan Nagiyev bəyan edib. – İudaizmin digər konfessiyalar qarşısında doğruluğunu sübut edən yəhudilər Tövrata və Zəbura əsaslanırlar, xristianlığın iudaizm və islam üzərində doğruluğunu sübut edən xristianlar Əhdi-Ətiq və Əhdi-Cədidə, həmçinin Ümumdünya Kilsə Məclisinə əsaslanırlar. Amma heç kəs az əvvəl adı çəkilən bu kitabların ekstremizmə çağırdığını söyləmir”.

Təfsirlərin qadağan olunması əleyhdarlarının daha bir arqumenti isə ondan ibarətdir ki, əslində bu cür yanaşma dini ədəbiyyatın qadağan olunması ilə bağlı məhkəmə təcrübəsinə ziddir. Məsələn, 2013-cü ildə müsəlman ictimaiyyəti Novorossiysk məhkəməsinin azərbaycanlı filosof Elmir Quliyevin müəllifi olduğu Quranın izahlı tərcüməsinin ekstremist ədəbiyyat olduğuna dair qərarın ləğvinə nail ola bilib. 2012-ci ildə Orenburqda Quliyevin daha bir əsəri – “Qurana gedən yolda” – ekstremist materiallar siyahısına salınmışdı.

Prokurorluğun iddiasında qadağanın xeyrinə yeganə arqument kimi ekspertizanın rəyi göstərilir ki, o da öz növbəsində zəif və əsassızdır, – nəşriyyatın vəkili Marat Aşimov hesab edir. “Ekspertizanın nəticələri çox qısadır… Olduqca subyektiv görünən linqvistik analiz və psixoloji nəticə var. Heç bir dini qiymətləndirmə yoxdur. Ümumiyyətlə, ekspertlərin üç təfsirin 15 cildi ilə tanış olduqlarına, diqqətlə oxuduqlarına şübhə var”.

Rusiya Müftilər Şurası kitabın xeyrinə çıxış edib. “Müqəddəs Quranın Təfsiri” kitabı on ildən çoxdur ki, müsəlman dini müəssisələrində əlavə ədəbiyyat qismində istifadə olunur, həmçinin bir çox imam və müəllimlərin masaüstü kitabıdır, özünü müsbət tərəfdən göstərib”, – Müftilər Şurasının bəyanatında deyilir. Bəyanatda o da bildirilir ki, “səriştəsiz mütəxəssislərin və ekspertlərin müsəlmançılıq mövzusuna cəlb edilməsi əks-effektə səbəb ola, cəmiyyətdə dinlərarası və millətlərarası zəmində münaqişələrin yetişməsinə aparıb çıxara bilər”.


“Hansısa orqanın düşünülməmiş qərarı ucbatından dövlət öz düşmənlərini artırır”

İslamşünas, Rusiya Dövlət Humanitar Universitetinin dosenti İqor Alekseyev hesab edir ki, kitabların qadağası prinsip etibarı ilə məqsədəuyğun deyil və yalnız radikallaşmaya səbəb ola bilər.

“Ədəbiyyatın qadağası təcrübəsi öz-özlüyündə absurddur və yalnız radikal ovqatın artmasına aparıb çıxarır. Bu, sonsuza qədər davam edə bilməz. Qadağaların bu sistemini dəyişmək vacibdir. İslam kitablarının qadağası məsələsində qanunla manipulyasiya edən güc strukturlarının özbaşınalığı göz qabağındadır. Üstəlik qanun da bunu etməyə icazə verir. İlk növbədə qadağan olan materialların siyahısını ləğv etmək lazımdır. Təkcə müsəlman deyil, istənilən ədəbiyyat qadağaya məruz qalmamalıdır”, – islamşünas hesab edir.

Bəzi ekspertlər, o cümlədən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Alikber Alikberov hesab edir ki, mətnlərdə ekstremizm problemi hər halda mövcuddur. “Xüsusilə də ekstremist materiallar siyahısında hazırda üstünlüyü faşist nəşrlər təşkil edir”, – Alikber Alikberov açıqlayır. – Düzdür, dini qrupların ədəbiyyatı da mövcuddur. Müsəlman nəşrlərdən başqa, rodnoverlərin, Yəhova şahidlərinin və digərlərinin də nəşrləri var”.

“Kunstkamera”nın direktor müavini, islamşünas və ərəbşünas, professor Yefim Rezvanın fikrincə, məhz dini ədəbiyyatın qadağası çox həssas mövzudur:“Kimlər üçün bu müəlliflər anlaşılmaz Şərq adlarıdır, kimlər üçünsə ruhani nüfuz sahibləridir və onların mətnlərində insanlar öz həyatlarının mənasını görürlər, – Rezvan izah edir, – və əgər dövlət çərçivəsində həmin nüfuz sahiblərindən hansınısa düşmən elan edərlərsə, elə bir vəziyyət yaranır ki, bu nüfuz sahiblərinə inanan insanlar dövlətin düşməninə çevrilirlər. Beləliklə, hansısa orqanın düşünülməmiş qərarı ucbatından dövlət öz düşmənlərini artırır. Ona görə də dini kitabların qadağası mövzusu daha yuxarı səviyyədə xüsusi diqqət tələb edir”.

O qeyd edib ki, təfsirlər ayrı-ayrı dövrlərin tarixi sənədləridir və onların mətninə münasibət digər dinlərin tarixi mətnlərinə olduğu kimi neytral qalmalıdır. “İslam ilahiyyatının klassik əsərləri ilə bağlı vəziyyət elədir ki, son on illər ərzində“cihadçı” qruplaşmalar öz əməllərinə haqq qazandırmaq üçün onlara müraciət edir, onlardan sitatlar gətirirlər. Bununla belə, islam alimləri, məsələn, Əl-Əzhər universitetində cihadçıların dəlillərini təkzib edərək, həmin yazılı abidələrin tarixi şərtiliyinə diqqət yönəldirlər. Beləcə, nəşrlərdən imtina problemin həlli deyil. Əksinə, islam bilicilərinin klassik əsərlərini çap etmək, ancaq onları savadlı ön sözlə və elmi şərhlərlə zənginləşdirmək lazımdır”, – Rezvan əmindir.

Ana səhifəXəbərlər“Quranın təfsiri”nin qadağası ilə bağlı məhkəmə keçirilir