Yas və toy mərasimlərindəki israfçılığı inzibati-administrativ yolla aradan qaldırmaq doğrudurmu?
Doğru olsa belə, mümkündürmü?
İndi ən çox müzakirə olunan məsələlərdən biri budur. Bu mövzuda narahatlıqlar uzun zamandır davam edirdi, amma gündəmin az qala bir nömrəli mövzusuna ölkədə olan-qalan azadlıq rüşeymlərinin də məhv edilməyə başlandığı günlərdə çevrildi. Türklər demiş, “zamanlama manidardır”. Üstəlik, büdcə talançılığına qarşı səssiz-təpkisiz qalanların ehsan israfçılığından narahatlığı səmimi görünmür. Hələ orası da var ki, məsələn, niyə banan inhisarda ola bilər, amma ehsanda ola bilməz?
Amma biz yenə də yazının əvvəlindəki həmin o iki suala qayıdaq. Beləliklə:
Yas və toy mərasimlərindəki israfçılığı inzibati-administrativ yollarla aradan qaldırmaq:
1. Doğrudurmu?
Bu sətirlərin müəllifinə görə, doğru deyil. Dövlət (əlbəttə, əgər o həqiqətən də varsa!) vətəndaşın şəxsi həyatında bu qədər yaxından iştirak etməməlidir. Onu az qala hər məsələdə istiqamətləndirməməlidir. Hər işdə onun başı üzərindən “Domokl qılıncı” kimi asılmamalıdır. Əgər söhbət doğrudan da israfçılığa qarşı mübarizədən, toy və ehsanların vətəndaşları soymasından gedirsə, məsələn, repetitorluq da vətəndaşı müflis edir. Məktəblər var, amma o bizim reallıqda yaxşı təhsilin ünvanına çevrilə bilmədiyindən vətəndaş övladının təhsilinə məktəbdən kənarda bir ətək pul xərcləməli olur. Bəs buna niyə əncam çəkmək haqqında danışılmır, düşünülmür? Dövlətin burada görəcəyi iş repetitorluğu ləğv etmək deyil, məktəbdə təhsilin səviyyəsini yüksəltməkdir. Beləcə, vətəndaşın övladına məktəbdən kənarda yaxşı təhsil axtarmasına, bunun üçün ətək-ətək pul xərcləməsinə ehtiyac qalmayacaqdır.
Toy və yas mərasimlərindəki israfçılıq da həmçinin. Öncə bunu yaradan səbəbləri – kütləvi savadsızlığı, total geridəqalmışlığı, ümummilli-mənəvi görməmişliyi, çağdaşlığa yabanı münasibəti, aqrar təfəkkürü, mental özünəvurğunluğu ləğv etmək lazımdır – həm də inzibati deyil, doğru, uyğar bir idarəetmə ilə. “Qapalı cəmiyyət” yaratmaq cəhdlərindən əl çəkib toplumun daha geniş üfüqlərə açılmasına kömək etmək, onun bilgi çağının imkanlarından yararlanmasına şərait yaratmaq, modern dünyanın bir parçasına çevrilməsini sürətləndirmək yolu ilə! Yoxsa “toylar kralı” Səməd Səmədova “xalq artisti”, ya da hansısa tamadaya “xalq şairi” adı verib niyə və nədən gileylənirsiniz ki?! Ya da kitabxanaları kababxanalarla əvəzləyəndə bunun hansı acı nəticələr doğuracağını bilmək o qədərmi çətin idi? Telekanalların qapısını hər cür fikir toqquşmalarına bağlayıb əvəzində topluma Rəqsanə ilə Nazənin saçyoldularını gen-bol təqdim edəndə sonuc başqa necə olmalı idi? Azad Fikir Universitetini (AFU), yaxud ölkənin yeganə müstəqil ODA Teatrının kirayə mənzilini qapadaraq şadlıq evlərindəki şitliyin önünə necə keçmək mümkündür? İnsanların siyasiləşməsini, sosiallaşmasını az qala suç elan etdikdən sonra onlar öz dar məişət həyatından necə kənara çıxacaq, daha geniş düşünməyə və davranmağa başlayacaqlar?
2. Mümkündürmü?
Yenə bu sətirlərin müəllifinə görə, mümkün deyil.
Sadə bir örnək: bir zamanlar Sovet hakimiyyəti də yasaqlarla insanların geriçi həyat və düşüncə tərzində bir çox şeyləri dəyişməyə çalışdı.
Tutaq ki, dinin əzici basqısını aradan qaldırmaq istədi. İnsanların ciblərinə “allahsızlar” bileti belə, qoydular.
Nəticə: Sovet hakimiyyətinin yoxoluşu ilə onun gətirdiyi ilk baxışda mütərəqqi yasaqlar da aradan qalxdı və dünənin “ateistləri” bir-birinin belinə minə-minə Həccin yolunu tutdular. Dünənəcən cibində “allahsızlar” bileti daşıyanlar bir anın içində Hacıya, Məşədiyə, Kərbəlayıya çevrildilər.
Ələmuçuranlar ildırım sürəti ilə qayıtdılar. Cinçıxaranlar bir göz qırpımında geri döndülər. Artıq Şeyx Nəsrullahlar da işbaşındadır, Molla İbrahimxəlil kimyagərlər də. Onların yüz il əvvəlki “qurbanları” da ki, öz yerində.
Başqa bir örnək. Keçən yüzilin 30-cu illərində, hələ Atatürkün sağlığında Türkiyənin layiq (dünyəvi) dövlət təməllərini gücləndirmək, onu şəriət idarəçiliyi təhlükəsindən uzaq tutmaq və “ərəbləşmək” meyllərindən sığortalamaq üçün yollar düşünülürdü, nəticədə 1941-ci ildə Türk Cəza Qanununa edilən əlavə ilə “ərəbcə azan” yasağı gətirildi. Həmin maddəyə görə, ərəbcə azan çəkməyə görə pul cəriməsi və həbs nəzərdə tutulurdu.
Sonuc göz önündədir: bu gün Türkiyənin yeni bir Səudiyyə Ərəbistanına çevrilmək qorxusu var, layiq Cümhuriyyətin artıq şəriət dövlətinə çevrilməyə başlamasından danışılır.
Dediyim odur ki, hətta niyyətin səmimidirsə belə, hətta səmimi-qəlbdən arzulasan belə, sadəcə rəsmi qadağalarla, inzibati yollarla bir toplumda mütərəqqi dəyərlərin bərqərar olmasına, geriçi vərdişlərin aradan qalxmasına ümid etmək gülməlidir. Filfilodur. Toplumları yüksəlişə daşıya biləcək zorun gücü deyil, zəkanın gücüdür.
Toplumlar bilək deyil, beyin gücü ilə gəlişir.
İndi bizim də edə biləcəyimiz budur: azad və açıq cəmiyyət qurmaq, bəşəri dəyərlərin önünü açmaq, siyasətdən, hüquqdan, təhsildən tutmuş elmə, mədəniyyətəcən bütün sahələrdə tərəqqipərvər dünyanın sınaqdan uğurla çıxan təcrübələrini yaymaq.
Əks halda nə edirsinizsə edin, bu qumdan ev tikməkdən başqa bir şey deyil. Hansı ki, ilk sərt rüzgardaca ovulub töküləcəyinə, uçulub gedəcəyinə heç bir şübhə yoxdur.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.