Qulu Məhərrəmli: Teleradio Şurası Real TV ilə bağlı məsələyə sükutla yanaşa bilməz

Hüquqşünas qeyd edib ki, Azərbaycanda hansısa medianın telefon danışıqlarını izləmək imkanı olmadığını nəzərə almaq lazımdır.

Source:


Xalid Ağaliyev: “Media bilgilərin gizliliyinə məsuliyyət daşımırsa, onu niyə yaymasın ki?”

“İnanmıram ki, hər hansı bir jurnalist telefon danışığını özbaşına yaysın. Yəni yuxarıdan onlara verilir və onlar da yaymağa məcburdurlar. Sonra da təkzib, yaxud efirdən silməyə məcbur olurlar”.

Bunu Meydan TV-ə telejurnalist Qulu Məhərrəmli deyib.

Telejurnalist oktyabrın 20-də Real TV-də Mirşahin Ağayevin verilişində Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin ABŞ səfirliyinin və Avropa İttifaqının nümayəndəliyinin rəsmiləri ilə telefon danışıqlarının yayılmasına münasibət bildirib. Reportaj yayımlandıqdan bir gün sonra kanalın internet səhifəsindən silinib. Həmin reportaja istinad edib, bu barədə yazan mətbuat orqanları da eyni addımı atıblar.


“Diplomatın telefon danışığının efirə verilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurdu”

Qulu Məhərrəmli hesab edir ki, baş verənlər Azərbaycanda avtoritar inzibati qaydaların mövcudluğunu göstərir:

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

“Ölkə içində qanunsuzluq var. Amma beynəlxaq qaydalara, diplomatiya haqqında Cenevrə Konvensiyasının konkret maddələrinə əməl olunmalıdır”, – telejurnalist deyib.

Qulu Məhərrəmli qeyd edib ki, indiki halda Milli Televiziya və Radio Şurası hadisəyə sükutla baxa bilməz və ən azı formal cəhətdən münasibət bildirməlidir.

“Bunu ona görə etmək lazımdır ki, gələcəkdə belə hallar təkrarlanmasın. Əlbəttə, şuranın mövqeyinin heç bir əhəmiyyəti yoxdur. Bu siyasəti kim müəyyənləşdirir, məsuliyyət də onun üzərindədir. Amma hüququ baxımdan Milli Televiziya və Radio Şurası dövlətin yayım siyasətini tənzimləyən qurum kimi qanunlara əməl olunmasına nəzarət edir. Ona görə seyrçi qalmaq olmaq. Məsələ ondadır ki, sabiq deputatın diplomatla telefon danışığının efirə verilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinə böyük zərbə vurdu”, – Qulu Məhərrəmli deyib.


“Hər şeyi medianın üzərinə yıxmaq olmaz”

Hüquqşünas Xalid Ağaliyev isə məsələyə media, ifadə azadlığı prizmasından yanaşmağa üstünlük verdiyini deyib:

“Qanunvericilik teleradio yayımına azadlıq verir. Dövlət informasiyanın qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququnun təminatçısı olmalıdır. Yönündən, mövqeyindən asılı olmayaraq bütün yayımçıların yaradıcılıq, redaksiya azadlığı olmalıdır. Yəni, tənzimləyici qurumun istədiyi zaman yayımçının işinə qarışması mümkün olmamalıdır”, – Xalid Ağaliyev deyib.

O qeyd edib ki, qanunvericilik teleradio yayımçılarının üzərinə vəzifələr qoyur və yalnız həmin vəzifələr yerinə yetirilmədikdə tənzimləyici qurumun müdaxiləsi mümkündür. Xalid Ağaliyev hesab edir ki, hər hansı bir teleradio şirkətinin dövlət sirri məzmunlu informasiya yaymağı mümkündür və bunun məsuliyyəti telekanalların üzərində yox, həmin məlumatın gizliliyinə məsul olan şəxsin, qurumun üzərində olmalıdır. “İctimai diqqət çəkən belə bilgilər əlinə keçibsə, vazkeçilməz sosial tələbat varsa, üstəlik həmin bilgilərin gizliliyinə məsuliyyət daşımırsa, media onu niyə yaymasın ki? Belə durumlarda, medianın məsuliyyətini çək-çevir etməyin yolu məhkəmələr, hüquq-mühafizə orqanlarıdır. Tənzimləyici qurumun proqramların məzmununa, redaksiya azadlığına müdaxiləsi yolverilməzdir”.

Xalid Ağalıyev
Xalid Ağaliyev

Hüquqşünas qeyd edib ki, Azərbaycanda hansısa medianın telefon danışıqlarını izləmək imkanı olmadığını nəzərə almaq lazımdır. “Kompleks götürdükdə sözsüz ki, bu olayda şəxsi həyatdan tutmuş, beynəlxalq razılaşmalara qədər çox ciddi pozuntular silsiləsi mövcuddur. Ancaq bunun məsuliyyətini medianın, televiziyanın üzərinə qoymaq tamamilə yanlışdır”, – ekspert vurğulayıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson video müraciətində Milli Şuranın 19 oktyabr mitinqindən sonra bir sıra media orqanlarında və Real TV-də ölkəsinə qarşı yazılan yazıları və yayımlanan reportajları absurd və yalan adlandırıb:

“Son zamanlar mətbuatda ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olması barədə yayılan ittihamlar yalandır və absurddur. Bununla əlaqədar məqalələrin və verilişlərin geri çəkilməsini və qaldırılmasını təqdir edirik”.

Maykl Dikerson daha sonra Azərbaycanın müstəqillik qazandıqdan sonra ölkəsinin müstəqil, sabit, firavan və demokratik bir Azərbaycanı dəstəklədiyini səsləndirib.

Real TV-nin rəhbəri Mirşahin Ağayev isə “Facebook” səhifəsində tərəflərdən üzr istəmək niyyətinin olmadığını bildirib.

Ana səhifəSiyasətQulu Məhərrəmli: Teleradio Şurası Real TV ilə bağlı məsələyə sükutla yanaşa bilməz