Professor “Multimedia və elektron kommunikasiya” kafedrasına rəhbərlik edəcək
Əməkdar jurnalist, publisist, professor Qulu Məhərrəmli Bakı Dövlət Univeristetinin (BDU) Jurnalistika fakültəsinin kafedra müdiri vəzifəsinə seçilib.
Qulu Məhərrəmli fakültənin “Multimedia və elektron kommunikasiya” kafedrasına rəhbərlik edəcək.
Qulu Məhərrəmli 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.
1991-ci ildən müntəzəm efirə çıxıb, “1000 saniyə” və “24 saat” xəbər verilişlərini aparıb.
1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib.
1993–1995-ci illər arasında “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub.
1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Eyni zamanda, həmin illin avqustundan hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət (1995–2007) bu qurumun baş redaktoru olub.
1995-ci ilin noyabrından 1996-cı ilin yanvarına kimi qısa müddətdə Xəbərlər baş redaksiyasına rəhbərlik edib.
2005-ci ildə AzTV şirkətdən Qapalı Səhmdar cəmiyyətə (QSC) çevrildikdən sonra “Səhər” proqramının baş redaktoru və teleradionun siyasi icmalçısı təyin edilib.
2007-ci ilin aprelində Azərbaycan televiziyasının “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin il oktyabrın 2-də AzTV ilə əmək müqaviləsi sona yetib.
2007-ci ilin oktyabrın 3-dən Xəzər TV-də jurnalist fəaliyyətini davam etdirib.
2007–2012-ci illər arasında həmin TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Eyni zamanda 2014-cü ilə kimi Xəzər TV-nin məsləhətçisi və siyasi icmalçısı olub.
Q.Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib.
Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.
1982-ci ildən elmi fəaliyyətlə məşğul olan Q. Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. Elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur.
Q. Məhərrəmli 1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
1998-ci ildə baş müəllim, 2002-ci ildə dosent vəzifələrini tutmuşdur. 2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının professorudur.
30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, populyar dərslik və dərs vəsaitlərinin, həmçinin izahlı lüğətlərin müəllifidir.
Avropa Şurasının MDB ölkələrində mətbuat azadlığı üzrə ekspertlərindən biridir.
2005–2008-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmub. “Şikayətlər üzrə komissiya”ya rəhbərlik edib.
Hazırda “Jurnalistikanın inkişafına yardım mərkəzi” adlı qeyri-hökumət təşkilatının rəhbəridir.
Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i fəxri adı verilib.
2017-ci ildən Ayna TV-nin “Aynada” verilişinin, 2019-cu ildən isə Pressklub TV “YouTube” kanalının “Mətbuat klubu” proqramının aparıcısıdır.