Məhkəmə işi baxışa təyin edilib
Aprelin 8-də Yasamal rayon Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Q. Məhərrəmlinin vəkili Cavid Rzazadə çıxış edərək bildirib ki, ötən prosesdə Arif Alışanovun məhkəməyə gəlməsi ilə bağlı vəsatət veriblər və həmin vəsatəti məhkəmə təmin edib: “Buna baxmayaraq, Arif Alışanov bu gün də məhkəmə iclasında iştirak etmir. Hesab edirik ki, o gəlib iştirak etməlidir. Buna görə məhkəmə iclası təxirə salınmalıdır və iş baxışa qəbul edilməməlidir” . Daha sonra C. Rzazadə Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın fəaliyyətə başlamasının 60 illik yubileyi münasibəti ilə bağlı verdiyi müsahibə haqqında Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən Mövsüm Nağısoydan rəy alıqlarını deyib və həmin rəyi də məhkəməyə təqdim edib.
Arif Alışanovun hüquqlarını müdafiə edən vəkil Zaur Abbasov isə bildirib ki, vəsatət əsassızdır. Onun sözlərinə görə, Arif Alışanov nümayəndəsi vasitəsi ilə prosesdə təmsil olunur və bu, qanunvericiliyə zidd deyil: “Onların rəy aldığı şəxslə Qulu Məhərrəmli isə bir yerdə çalışırlar. Qulu Məhərrəmli həmin institutun şöbə müdiridir. Bu, düzgün deyil”.
Hakim isə bildirib ki prosesdə A. Alışanovun vəkili Zaur Abbasov iştirak edir və o, orderi məhkəməyə təqdim edib.
Prosesdə çıxış edən Q. Məhərrəmli isə deyib ki, o, müsahibəsində heç kimi təhqir etməyib, yalnız tənqidi fikirlər səsləndirib və buna görə məhkəməyə verilməsi onu məyus edib: “Mənim hüquqi biliyim o qədər dərin olmasa da, dilçiliyi və jurnalistikanı yaxşı bilirəm. Mənim 40 ilim televiziyada keçib. Mən bura məhkəməyə hörmət etdiyim üçün gəlmişəm. Biz demişik ki, dövlət televiziyaya gözəl münasibət göstərir, vəsait ayrılır. Lakin televiziyanın reytinqi yoxdur. Bu adam nədən zərər çəkib, harası uf olub? Mənim barəmdə televiziyada üç saatlıq video çəkib yayıblar. Mənim 30-yaxın kitabım var. İşim rəy verməkdir. Mənim kimisə təhqir etmək kimi fikrim olmayıb. Şərəf və ləyaqət ailə kimi bir şeydir. Özü gəlib hüquqlarını müdafiə etsin”.
Müşavirədən sonra hakim məhkəmənin qərarın elan edib. Qərara görə iş baxışa təyin edilib. Prosesin baxış iclası aprelin 15-də keçiriləcək.
Q.Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra A. Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılması istənilib. A.Alışanov eləcə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək Q.Məhərrəmlinin 100 min manat təzminat ödəməsini tələb edib. O, ərizəsində həmin pulu uşaq evinə köçürəcəyini qeyd edib.