Qulluq stajına görə əlavələr alan pensiyaçılara maddi yardım veriləcək

Foto: Meydan TV

Bu məqsədlə dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq

Azərbaycanda qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək. Prezident İlham Əliyevin yeni imzaladığı sərəncamda belə deyilir. Əsasən hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və başqaları nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı press-relizdə deyilir ki, bu məqsədlə dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.

Nazirlik 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.

Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.

“Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına gorə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir”, – məlumatda vurğulanır.

Mənbə: ƏƏSMN

Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Nazirlik xatırladır ki, cari ilin əvvəlindən sosial ödənişlər növbəti dəfə artırılmaqla, minimum pensiya da 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

İqtisadçı Nemət Əliyev isə hesab edir ki, Azərbaycan hökumətinin pensiya siyasəti yanlışdır. Bahalaşma fonunda minimum pensiya məbləğlərinin artırılması, yaxud da, ümumi əmək pensiyalarının indeksləşdirilməsi istiqamətində atılan addımlar yetərli deyil.

Ana səhifəSosialQulluq stajına görə əlavələr alan pensiyaçılara maddi yardım veriləcək