Qul qadın Harriet Tabman – Amerikanın azadlıq və cəsarət simvolu

1999-cu ildə Kanada hökuməti Harriet Tabmanla bağlılığına görə Sant-Katarinadakı Britaniya metodist kilsəsinə tarixi yer statusu verib.

Source: meydan.tv


(ikinci hissə)

Həyatını riskə atıb çoxillik qul həyatından xilas olan birinin başqasını azad etmək üçün yenidən o yerlərə qayıtması ağlasığmaz hərəkətiydi. Amma Harriet öz qohumunu özü xilas etmək istəyir və tezliklə Baltimora yola düşür.

Artıq Kizzi və iki övladını satmaq üçün qul bazarına aparmışdılar. Harriet qadın və uşaqlarının satın alındığı yazılmış saxta bir məktubu onun ərinə verərək həmin bazara göndərir. Auksionçunun nahar fasiləsinə çıxmasından istifadə edən Con məktubu mühafizəçiyə göstərib arvadını və övladlarını bazardan çıxarır. Bir neçə gün sonra ailə gizlicə Baltimora gedir, orda Harriet Kizzi və uşaqları götürüb Pensilvaniyaya yola düşür.

Onlar əsasən gecələr yol gedirlər. Bəzən qayığa, bəzən arabaya minsələr də, çox vaxt piyada olurlar. Harriet, adətən, qabaqda gedirdi, tapançası da vardı, qənaət edib yığdığı pulla almışdı.

Sonrakı 10 il ərzində o, daha 13 dəfə bu yolu gedib-gələcək, bir ay ərzində satışa çıxarılacaq üç qardaşı da daxil, “Yeraltı dəmiryolu” vasitəsilə daha 70 nəfəri quldarlardan qaçıracaqdı (Təxminən bu sayda qulun da onun vasitəçiliyilə azad edildiyi bildirilir). Bu çətin yolçuluğun bütün detallarını əvvəldən planlaşdıran, şəbəkə üzvləriylə əlaqə yaradıb hər məntəqə üçün yeni parollar təyin edən, təhlükə olub-olmadığını müəyyənləşdirmək üçün bəzən dini mahnılar oxuyaraq irəliləyən Harriet bəzən də sərt üsullara əl atmalı olacaq, qayıtmağa cəhd edən və bununla da qaçış əməliyyatını təhlükəyə atan qulları geri qaytarmaq üçün onları tapançasıyla hədələyəcək (Bir dəfə də səfər vaxtı ağrımağa başlayan dişindən qurtulmaq üçün onu elə həmin bu tapançanın dəstəyilə vurub çıxaracaqqdı), körpələrə laudanum (tiryək dəmləməsi) verib növbəti məntəqəyə çatana qədər ayılmamaları üçün allaha dua edəcəkdi.

**** 1850-ci ildə Şimalda yeni qanun qəbul edilir. Bu qanuna görə, qaçmış qullar tutulanda geri – sahiblərinə qaytarılmalıydılar. Onlara yardım edənləri ya cərimə, ya da həbs gözləyirdi.

Bundan sonra Şimalda da qul ovu başlayır, bu işdən qazanc götürməyə çalışan adamlar peyda olur. “Yeraltı dəmiryolu” şəbəkəsi qaçaq qulların qanunla qorunduğu Kanadaya doğru genişlənir.

Bundan bir il sonra Harriet ərini də Şimala keçməyə inandırmaq üçün Merilendə qayıdır. Amma Con Tabman artıq başqa bir qadınla yaşayırdı…

Geri dönəndə Harriet özüylə birlikdə 11 qul da aparır, onların arasında qardaşı Uilyam və onun rəfiqəsi Ketrin də vardı. Tutulacağı halda ağır cəzalarla üzləşəcək Harrietə və yanındakı qullara bu dəfə məşhur abolisionist Frederik Duqlas öz evində sığınacaq verir.

Abolisionizm hərəkatının başqa bir tanınmış nümayəndəsi Uilyam Lloyd Qarnizon bu azadetmə əməliyyatlarına görə Harrietə “Musa” ləqəbini verir – axı, Bibliyanın məşhur qəhrəmanı kimi, o da insanları xilas edirdi.

Elə Harriet özü də bu missiyanın ona allah tərəfindən verildiyinə inanır, deyirdi ki, bu iş üçün onu tanrı özü seçib.


Qaçış əməliyyatlarına maliyyə yardımı toplamaq üçün Harriet tez-tez abolisionistlərin yığıncaqlarına qatılır, gecələr təhlükəli meşə yollarında başına gələnlərdən danışıb onları bu işə yardım etməyə həvəsləndirir. Məhz o dönəmdə onu yaxalayana 40 000 min dollar mükafat vəd edildiyi haqda təsdiq olunmamış məlumatlar var.

Quldarlar və qul ovçuları onu tutmaq üçün böyük səy göstərirdilər, amma Harriet hər dəfə izini itirməyi bacarırdı. Bu haqda o, sonralar belə deyəcəkdi: “Mən heç vaxt öz “qatarımdan” qaçmadım və heç bir “sərnişini” yarı yolda qoymadım”. Həqiqətən də, quldarlar və qul ovçular təkcə onu yox, qaçırdığı qulları da ələ keçirə bilmirdilər.

Bir əməliyyat zamanı Harriet gözlənilmədən marşrutu dəyişib qullara heç nə demədən (qorxmasınlar deyə) onları başqa istiqamətə aparır. Qaçaq qullar sonralar biləcəkdillər ki, bir az irəlidə qul ovçuları dəstəyə tələ qurublarmış və təcrübəli qadın necəsə bundan duyuq düşdüyü üçün başqa yola keçibmiş. Başqa bir dəfə o, qulları bataqlıq ərazidə gizlətməklə onları qul ovçularından xilas edir. Son əməliyyatlarından birində isə Harriet yaşları 70-i keçmiş valideynlərini də qaçırmağa müvəffəq olur.

Zamanla Harrietin şöhrəti bütün Merilendə yayılır, qullar onu həqiqətən də “Musa” kimi görməyə başlayırlar.

****

Təqiblərdən yaxa qurtarmaq üçün Kanadaya yerləşən Harriet orda Con Braunla tanış olur (1858). Braun Cənubdakı quldarlığa son qoymaq istəyirdi və bir müddət sonra qulları üsyana qaldırmağa çalışacaqdı. Quldarlığa qarşı çoxillik mübarizədən sonra Braun belə qənaətə gəlmişdi ki, ona ancaq zorakılıqla qalib gəlmək mümkündür.

Harrieti özünün ən ən önəmli silahdaşlarından hesab edən Con Braun onu “general Braun” adlandırmışdı. Bütün qaçış marşrutları, o cümlədən, Merilend və Virciniyadakı əlaqələr barədə informasiyayla Braunu Harriet tanış etmiş, qaçan qulların onun dəstəsinə qoşulmasını və ona bəlli miqdarda maliyyə dəstəyini də məhz Harriet təmin etmişdi.

Amma Braun bir müddət sonra Harpers Ferri şəhərindəki federal arsenalı ələ keçirib üsyana qalxanda (1859) Harriet xəstələndiyi üçün onun yanında ola bilmir. Amerika dəniz piyadaları dəstələri Braunu ələ keçirib edam edirlər. Sonralar Harriet bu hadisəni belə şərh edəcəkdi: “Öz ölümüylə o, 100 adamın sağkən gördüyü işdən daha çox iş gördü”.

Həmin il Harriet və valideynləri Nyu-York ştatının Obern şəhərinə – “Yeraltı dəmiryolu” şəbəkəsinin mərkəzinə köçürlər, Harriet senator Uilyam Süardın evini satın alır.

Qulların artan narazılığı, o cümlədən, Braunun üsyan cəhdi sayəsində quldarlığa qarşı mübarizə mövzusu Şimalda getdikcə daha çox populyarlaşmağa başlayır. Respublikaçılar Partiyasının namizədi Avraam Linkolnun qalib gəldiyi yeni prezident seçkisi (1860) məhz bu ərəfəyə təsadüf edir. Linkoln da quldarlığa qarşıydı və bu Cənubun xoşuna gəlmirdi. 1861-ci ildə onlar Samter istehkamına (Fort Samter) hücum edirlər, ABŞ-da vətəndaş müharibəsi başlayır.

****

Harriet dərhal bu müharibədə iştirak etmək istəyir. İlk olaraq Virciniyadakı Monro istehkamına gedir, bacardığı hər işin qulpundan yapışır, aşbaz, paltaryuyan, tibb bacısı olur. Eyni zamanda, qaçıb Şimala keçmiş qulların yerləşdirilməsinə yardım edir. Həmin ərəfədə Konqres onların geri qaytarılmasını əngəlləyən qanunlar qəbul edir. Minlərlə qaçaq qul İttifaq Ordusuna (24 Şimal ştatının formalaşdırdığı Federal Ordu) qoşulub tikinti və təsərrüfat işlərində çalışmağa başlayır.

1862-ci ildə Harriet Cənubi Karolinadakı Royal limanına yollanır. Orda tibb bacısı kimi fəaliyyət göstərib əsgərləri təkcə yaralardan yox, həm də bitki kökləri və otlardan hazırladığı məlhəmlərlə yatalaq, çiçək, sarı qızdırma və malyariya kimi xəstəliklərdən müalicə edir.

Burda o öz hesabına camaşırxana açıb qul qadınları orda işə cəlb edir.

Bir ildən sonra Harriet İttifaq Ordusunda yeni işə keçir, qaçaq qulların və yerli bələdçilərin informasiyalarına əsasən kəşfiyyat şəbəkəsi yaradır. Gözə görünmədən yer dəyişmək, təbiətdə görünməz olmaq bacarığı bu sahədə onun ciddi uğurlar qazanmasına kömək edir. Öz casus qrupuyla birlikdə Harriet bölgənin xəritəsini hazırlayıb orduya verir. 1863-cü ildə onun kəşfiyyatçılarının topladığı informasiya sayəsində Fllorida ştatının Ceksonfil şəhərinə uğurlu reyd həyata keçirilir.

****

Həmin ilin yayında Harriet və kəşfiyyatçıları Kombahi (Cənubi Karolina) çayı sahilində çox sayda qul saxlandığı haqda məlumat alırlar. Harriet ora gedir, ərazidə hərbi kəşfiyyat qrupu olduğunu öyrənir və bura gələcək hərbi dəstələri önləmək məqsədilə əməliyyat üçün uyğun vaxt müəyyənləşdirir.

İyunun 2-də İttifaqın 3 paroxoda yerləşdirilmiş hərbi eskadrilyası onun rəhbərliyi altında yola çıxır. Harriet çaydakı minaların yerini əvvəldən müəyyən etdiyi üçün gəmiləri təyin olunmuş yerə salamat çatdıra bilir.

150 qaradərili əsgər sahilə çıxıb bir neçə plantasiyaya od vurur. Paroxodlar fit verib ərazidəki qullara durduqları yeri bəlli edir. Yüzlərlə qul saxlandıqları yerdən qaçıb gəmilərə minir. Qarşı tərəfin hərbi dəstələri hadisə yerinə gəlib çatmamış eskadrilya geri dönür.

750-yə yaxın qulun azad edilməsiylə nəticələnmiş bu uğurlu əməliyyat Harrietin şöhrətini artırır. Qaçaq qullar İttifaq Ordusuna qatılıb Cənuba qarşı müharibədə iştirak edirlər.

Uşaq vaxtı başından aldığı zərbə zaman-zaman səhhətində ciddi problemlər yaratsa da, müharibənin sonuna qədər (1865) Harriet tibb bacısı və casus olaraq fəaliyyət göstərir. O, quldarlığın sona çatdığını görə bilmək üçün İttifaq Ordusuna var gücüylə yardım göstərməkdə davam edir. Artıq onu ordu generalları və siyasətçilər də tanıyırdılar. Müharibə bitəndən bir neçə ay sonra – 1865-ci ilin payızında konstitusiyaya 13-cü dəyişikliklə Amerika Birləşmiş Ştatlarında quldarlıq ləğv olunur. Həyatının ən böyük missiyasının uğurla nəticələnməsi Harrieti xoşbəxt edir.

****

O, müharibədən sonra da İttifaq Ordusunda qalır. Azad olunmuş qulların yerləşdirildiyi düşərgələrin təchizatı zəifləyəndə vəziyyəti izah etmək və yardım istəmək üçün Vaşinqtona gedir. Siyasətçilər Harrieti çoxsaylı vədlərlə yola salırlar, amma düşərgələrin təchizatı yaxşılaşmır. Hökumət bürokratiyasının ləng fəaliyyətindən qəzəblənən Harriet Obernə qayıdıb yaşlı valideynlərinin qeydinə qalmaq qərarına gəlir.

O, ilk dəfə qatar azad adam kimi minir – gizlənmədən, komuflyajsız. Amma Nyu-Cersi ərazisində qatar bələdçisi ona sənədlərinin guya saxta olduğunu deyib qatardan düşməsini tələb edir. Harriet razılaşmır. Bir neçə kişi onu sürüyüb vaqondan çıxarır və baqaj yerinə atır. Harrietin qolu qırılır. O, qələbə üçün vuruşmuşdu və artıq qul deyildi, amma hələ də ağlarla birlikdə vaqona minə bilməzdi.

****

Amma Oberndə Harriet valideynlərinə qulluq etməklə kifayətlənmir. Şəhərdə xeyli sayda ac və kasıb adam vardı, bu böyük ürəkli qadın nəinki öz vəsaiti hesabına onlara yardım edirdi, bəzən hətta evinin qapılarını da onlara açırdı – müharibə əlilləri, gözdən əlillər və evsizlər ən çətin məqamlarda ona sığına bilirdilər. Harriet bundan sonrakı həyatının böyük hissəsini yoxsullara yardıma həsr edəcəkdi.

Harriet-Tubman3-960×340.jpg
Harriet Tubman

Həmin illərdə o, həm də ictimai fəaliyyətlə məşğul olur, qadın haqlarının müzakirə edildiyi toplantılara qatılıb bütün irqlərdən olan qadınlara səsvermə hüququnun verilməsi ideyasını təbliğ edir.

1867-ci ildə Harriet ərinin öldüyünü öyrənir (Con Tabmanla yolları çoxdan ayrılmış olsa da, buna qədər o özünü ərli qadın hesab edirdi) və iki il sonra Nelson Devislə ailə həyatı qurur. Harriet onunla vətəndaş müharibəsində tanış olmuşdu, onda bu gənc İttifaq Ordusunun “qara” alaylarından birində xidmət edirdi. 19 il çəkən bu evliliyi Nelsonunu ölümü bitirəcəkdi.

****

Həyatının geri qalan hissəsini Harriet Tabman kasıblıq içində keçirir. Təsadüfi işlərdən kiçik qazancı, mərhum ərinin 8 dollarlıq pensiyası və donorların yardımı hesabına yaşayır.

Bəzi rəfiqələri hərbi xidmətinə görə ona pensiya verilməsi məsələsini qaldırırlar. Harrietin buna tam haqqı vardı – uzun illər orduda tibb bacısı kimi xidmət göstərmişdi, İttifaq Ordusunun vətəndaş müharibəsindəki ən uğurlu reydlərindən birinə rəhbərlik etmişdi.

ABŞ Konqresi ilk müraciətlərə rədd cavabı verir. 1899-cu ildə buz, nəhayət, sınır – Harrietə verilən pensiyanın məbləği 20 dollara qaldırılır.

Sonrakı illərdə Sara Bredfordun onun haqqında yazdığı “Harriet Tabmanın həyatından səhnələr” və “Harriet – öz xalqının Musası” kitablarının dərcinə görə də o, müəyyən miqdar gəlir əldə edir.

O dönəmdə Harrietin baş ağrıları dözülməz həddə çatır və qadın, nəhayət ki, əməliyyata razılıq verir. Amma anesteziyadan imtina edir, müharibə dövründə əsgərlərin etdiyi kimi, ağrıya dözmək üçün dişləriylə güllə sıxır.

Artıq çox yaşlanmış və halsızlaşmış Harriet evini və torpağını Obern kilsəsinə vəsiyyət edir. Həmin binada tezliklə Harriet Tabman adına Yaşlılar evi yaradılır. 1911-ci ildə Harriet özü də bu evə qayıdır və iki il sonra orda vəfat edir.

Onu yarı-hərbi mərasimlə Oberndəki Fort-Hill qəbirstanlığında dəfn edirlər. 1999-cu ildə bu qəbir Milli tarixi yerlər reyestrinə daxil edilir. Həmin il Bostonda, 2008-ci ildə Manhettendə (Nyu-York) Harrietə heykəl qoyulur.

ABŞ-da Harriet Tabmanın adına məktəblər, küçələr var, Oberndəki evini ev muzeyinə çeviriblər, daha bir muzeyi Kembricdədir. İkinci dünya müharibəsi illərində (1944) ABŞ-ın Dəniz Komissiyası gəmilərdən birini onun şərəfinə “SS Harriet Tubman” adlandırıb (Harriet buna layiq görülən ilk qaradərili qadındır). 1973-cü ildə onun adı Milli Qadın Şöhrət Zalı siyahısına, 1985-ci ildə Merilend Qadın Şöhrət Zalı siyahısına daxil edilib. 1978-ci ildə ABŞ Poçt Xidməti onun şərəfinə marka buraxıb (Harriet bu məsələdə də birincidir).


1999-cu ildə Kanada hökuməti Harriet Tabmanla bağlılığına görə Sant-Katarinadakı Britaniya metodist kilsəsinə tarixi yer statusu verib.


2002-ci ildə Harrietin adı “100 görkəmli afroamerikalı” siyahısına daxil edilib.


2003-cü ildə Konqres Harriet Tabmanın almalı olduğu 11 750 dollarlıq pensiyanın dul qadınlara verilməsi haqda qərar şıxarıb.


2008-ci ildə Touson Universiteti tələbə şəhərciyinə Harriet Tabmanın adını verib.


2009-cu ildə Solsberi Universiteti tələbə şəhərciyinə onun heykəlini qoyub.


2013-cü ildə ozamankı prezident Barak Obama Harriet Tabman adına milli-tarixi “Yeraltı dəmir yolu” parkının salınması haqqında deklorasiya imzalayıb.


2014-cü ildə asteroidlərdən biri onun şərəfinə (241528) Tubman adlandırılıb.


Onun həyatı haqqında bir neçə opera, o cümlədən, “Musa adlı qadın” operası (1985) yazılıb.


2018-ci ildə Baltimordakı Vayman parkının bir hissəsi Harriet Tabman bağı adlandırılıb.

2016-cı ildə ABŞ-ın ozamankı maliyyə naziri Cek Lyu 20 dollarlıq əskinasa Harriet Tabmanın şəklinin vurulması (prezident Endrü Ceksonun şəklini arxa tərəfə keçirərək) üçün layihələndirmə işlərinin getdiyini və prosesinəskinasın 2020-ci ildə dövriyyəyə buraxılacağını açıqlayıb. Ondan sonrakı (indiki) maliyyə naziri Stiven Mnuçin “Bundan daha vacib işlərimizi var” deyərək prosesi dayandırıb.

4 iyul 2019-cu ildə – ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş mərasimdə Avraam Linkolnun abidəsi önündə çıxış edən prezident Donald Tramp Harriet Tabmanı Amerikanın tarixi şəxsiyyətlərindən biri adlandırıb.

Ana səhifəXəbərlərQul qadın Harriet Tabman – Amerikanın azadlıq və cəsarət simvolu