Quduzluq ötən il 3, bu il 1 can aldı

Bu ilin 6 ayı ərzində 6500 heyvan dişləməsi qeydə alınıb

Source:


Bu ilin 6 ayı ərzində 6500 heyvan dişləməsi qeydə alınıb

5 yaşlı Zeynəb Elçin qızı Mikayılzadə it dişləməsi nəticəsində yaranmış quduzluqdan dünyasını dəyişib. Hadisə Sumqayıt şəhərində baş verib. Faktı APA-ya Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova təsdiqləyib. Onun sözlərinə görə, avqustun 17-də qoyulan diaqnoz öz təsdiqini tapıb. Şöbə müdiri onu da deyib ki, bu, cari ildə qeydə alınan ilk haldır.

Ötən il 3 nəfər dünyasını dəyişib

Analoji hadisələr ötən ilin yayında da qeydə alınmışdı. Belə ki, 2016-cı ilin aprelində sahibsiz itin dişlədiyi 47 yaşlı Zaqatalanın Faldarlı kənd sakini Pəri Qasım qızı Turacova 1 ay sonra dünyasını dəyişib.

Yayılan xəbərlərdə bildirilirdi ki, öncə it dişləməsinə əhəmiyyət verməyən 3 uşaq anası vəziyyəti ağırlaşandan sonra Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəni “Quduzluq xəstəliyinə şübhəli” diaqnozu ilə ətraflı müayinə və müalicə etmək üçün təcili mütəxəssis həkimlər çağrılıb və xəstə RMX-nın Yolxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. Lakin o, dünyasını dəyişib.

Həmin ilin avqustunda isə Şəkinin Daşbulaq kənd sakini 2008-ci il təvəllüdlü Nihad Samir oğlu Novruzov küçədə oynayarkən sahibsiz itin hücumuna məruz qalıb. Sağ ayağının sarğı nahiyəsinin it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən azyaşlıya dərhal quduzluq əleyhinə peyvənd vurulub və lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Rita İsmayılova deyir ki, Pəri Turacovadan fərqli olaraq Zeynəb Mikayılzadənin valideynləri həkimə vaxtında müraciət ediblər. Vaxtında müalicə tədbirləri görülüb və vaksinasiya həyata keçirilib:

“Buna baxmayaraq, dişləmə çox təhlükəli yerlərdən – baş nahiyəsindən olduğundan vaksin təsir etməyib. Dişləmələr üz, alın nahiyəsindən, əl və barmaqlardan olarsa, vaksin çox zaman təsir etmir, orqanizmdə vaxtında immunitet yaranmır. Ötən gün qeydə alınan halda da uşaqda immunitet və hemoqlobin aşağı olduğuna görə xəstəlik ölümlə nəticələnib. Bu xəstəliyin inkubasiya dövrü 12 gündən başlayaraq 1 ilə qədərdir. Lakin vaksinasiya getsə belə, ölüm halı baş verə bilər. Bu, dişləmə yerindən və insanın immunitetindən asılıdır”.

Nazirlik rəsmisi bildirib ki, ötən il ölkə üzrə 17 min insanı heyvan dişləyib. Onların arasında it dişləmələrinin üstünlük təşkil etdiyini (90%) söyləyən R. İsmayılova qeyd edib ki, pişik, çaqqal, siçovul və digər heyvanların dişləməsi halları da baş verir. Onun sözlərinə görə, ötən il it dişləməsi nəticəsində 3 nəfər quduzluq xəstəliyinə yoluxub və dünyasını dəyişib: “Bu ilin 6 ayı ərzində isə 6500 heyvan dişləməsi qeydə alınıb və onların arasında it dişləmələri əsas yer tutur”.

Maarifləndirilmə işi aparılmalıdır

Həkim Vaqif Qarayev hesab edir ki, problemin qarşısını vaxtında almaq üçün maarifləndirmə işi aparılmalıdır. O, bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb:

“Quduzluq törədicisi xüsusi viruslardi…İnfeksiya mənbəyi həm ev (it,pişik,iri və xirdabuynuzlular), həm də vəhşi heyvanlardi (tülkü,canavar və s.).Heyvanlar xəstəliyin başlanmasına 3-10 gün qalmış (həm də bütün xəstə olduqlari dövr) yoluxucu olurlar. Virus insana xəstə heyvanin seliyi vasitəsilə keçir və əsasən sinir sistemini zədələyir.

Xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər. Əgər zədə başda, üzdə, yuxarı ətraflarda olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə, xəstəlik çox ağır keçir və ölümlə nəticələnir.

Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı,qaşınma hissi olur. Hərarət 37,2-37,5 dərəcəyə qalxir. Halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur. Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlıq (ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq), udlaq və qırtlaq əzələlərinda spazm, tənəffüsün çətinləşməsi , güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir. Tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür.

“Nə etməli? Dişlənən nahiyəni sabunlu su ilə təkrar-təkrar yumalı və təcili həkimə müraciət etməli! Xəstəliyin qarşısını almaq üçün xüsusi vaksindən (müxtəlif sxemlərlə) istifadə olunur. Xəstəlik başlanmayibsa, vaksinin effekti var. Xəstəlik əlamətləri inkişaf edibsə, vaksin bir qayda olaraq faydasizdı”- deyə V.Qarayev yazır.

R. İsmayılova da hesab edir ki, heyvan dişləməsi zamanı dərhal iynə vurulmasının vacibliyi ilə bağlı insanları maarifləndirmək lazımdır. Onun sözlərinə görə, tibb müəssisələrinə müraciət edilərək vaxtında müalicə alınmalıdır:

“İnsanlar tərəfindən bəzən gecikmələr olur və bu da mənfi nəticələnir. Bəzən dişləmədən bir həftə sonra müraciət edirlər. Bu kimi halların qarşısını almaq üçün dişləmə günü müraciət etmək lazımdır, gecikmək olmaz. Sahibsiz heyvanlar insanlara qorxu törədir, onlar müxtəlif ərazilərdə gəzir və hər an insanlara hücum edə bilir. İnsanlar onlardan kənar gəzməlidir. Bəzən itə daş atma kimi hallar da baş verir ki, bunlar dişləməyə səbəb olur. Bu və ya digər hallardan kənar durmaq lazımdır”.

Sahibsiz itlərlə mübarizə aparılır

Son günlər sosial şəbəkələrdə və yerli mediada sahibsiz itlərin artması ilə bağlı xəbərlər yayılır. Daha çox Suraxanı, Xətai, Yasamal və Nizami rayonlarında yaşayan sakinlər itlərin artmasından gileylidirlər.

“Gecə saatlarında Xətai rayon ərazisində, xüsusilə Ukrayna meydanının ətrafında itlər sürü ilə gəzir”- oxuculardan biri Meydan TV-yə yazıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov isə APA-ya deyib ki, Bakıda sahibsiz itlər ən çox şəhərin giriş hissəsində olur. Onun sözlərinə görə, idarəyə Bayıl, Səbail, Mərdəkan, Xırdalan, Biləcəri ərazisindən daha çox müraciət daxil olur.

Sahə rəisi bildirib ki, bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək:

“Hazırda bu istiqamətdə işlər görülür. İnsanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar”.

İDEA İctimai Birliyi
İDEA İctimai Birliyi

Ə. Əmiraslanovun sözlərinə görə, idarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır və bu məsələdə İDEA İctimai Birliyi yaxından köməklik edir. O qeyd edib ki, sahibsiz itlərin saxlanması, yoxlanılması üçün xüsusi sığınacaqlar mövcuddur və bu gün həmin sığınacaqlarda 600-700 it var:

“Sahibsiz itlərlə bağlı idarə, təşkilat, vətəndaşlar telefon və ya yazılı şəkildə idarəyə müraciət edə bilər. Xüsusi ərizə və şikayətlər əsasında ünvanlara gedilir. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən – döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır. Sağlam itlər isə tərəfimizdən və heyvansevərlərin gətirdiyi yeməklərlə yemlənir, sulanır və saxlanılır. Bundan əlavə, idarə tərəfindən itlərin çoxalmasının qarşısı alınır. İtlər axtalanaraq sterilizasiya edilir ki, yenidən döl artıra bilməsin. Sonradan isə onlar rəqəmlənərək şəhərə buraxılır. Yalnız müraciət daxil olduğu halda itlər ərazilərdən götürülərək müayinə, müalicə edilir. Amma şəhərdə əgər maşın Səməd Vurğun küçəsinə gedirsə, Bakıxanovda sahibsiz it olarsa, o da götürülür. Hər bir vətəndaş sahibsiz heyvanların, itlərin götürülməsi ilə bağlı günün 24 saatı ərzində 5650926/27 nömrəsi ilə əlaqə saxlaya bilər”.

Sahə rəisi qeyd edib ki “İDEA təşkilatı tərəfindən sahibsiz itlərin yoxlanılması üçün Ukraynadan baytar həkimlər dəvət edilib. Bu gün bizdə 1 baytar olduğuna görə işlər sürətli getmir. Lakin Ukraynadan dəvət olunan 2 baytar həkim gəldikdən sonra işlər bir az da sürətlənəcək”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat üzrə sözçüsü Yolçu Xanvəlinin Meydan TV-yə verdiyi məlumata görəsə, bu ilin 7 ayı ərzində 245 minə yaxın qeydiyyatda olan itdə vaksinasiya aparılıb. Dövlət Proqramı çərçivəsində aparılan bu tədbirlər küçə itlərinə şamil edilmir.

Ana səhifəXəbərlərQuduzluq ötən il 3, bu il 1 can aldı