Qüdrət müəllimin internatı və sinifdə qalan məmurlar

Bu, yalnız bir rayona aid həyat hekayəsi deyil, ümummilli Azərbaycanın tarixi dərsidir…

Source:
Nazlı Ağayeva
Nazlı Ağayeva

Bu, yalnız bir rayona aid həyat hekayəsi deyil, ümummilli Azərbaycanın tarixi dərsidir…

Öhdəmdə bir tanışın Qəbələnin keçmiş icra başçısı Əlibala Məmmədova çatacaq salamı vardı. Bir axşam biri Türkiyədə, o biri Bakıda yaşayan iki nəfərə sürpriz etmək istədim.

Hərçənd ilk andaca “salam alanın” sürprizdən məmnun qalmadığını duydum. Amma daha iş-işdən keçmişdi. Başçılıq dövründə adamın qanını çox qaraltsam da, sonradan bir dəfə üz-üzə gələndə görüşmüşdük. Onda işarə vurmuşdu ki, “Deyəsən artıq Qəbələdə hər şey qaydasındadır, səsin çıxmır daha”.

Səsim çıxır, siz eşidə bilmirsiz”- demişdim.

Xoşməramlı zəngimin soyuq qarşılanma məqamında: “Yenə o işlərlə məşğulsan?” – deyə soruşdu. İstədim, “yox, sizin kimi dollar işinə baxıram” deyəm, amma yenə abrıma qısılıb susdum.

Onda müsahibim müxalif qəzetlərdən zəhləsi getdiyini və onları oxumadığını bildirdi. Çünki bu qəzetlər yalançı, böhtançı, təxribatçı və sairə imiş (oxumadan hardan bilib görəsən?). Əsasən özümə aid olan “sağlıq”ları vecimə almayıb sadəcə problemlərdən yazdığımızı dedim. Məsələn, hava limanı münasibətilə itirilmiş yüzlərlə hektar münbit torpaqdan ki, onun doğma kəndinin də əkin sahələri ora daxildi. Üstəlik rayon ərazisində heç bir bitki örtüyünə yaramayan o qədər daşlıq yerlər ola-ola…

Sözümü ağzımda qoyub adam özünə əl qatdı: “Bu, dünya əhəmiyyətli, analoqsuz hava limanını mənasız əkin sahələri bəhanəsilə qaralamağa yönlənən paxıllıqdır. Hökumətin simasında heydərovlara gecə-gündüz dua etməkdənsə, boş sözlərlə ürək bulandırmaqdır və sairə əxlaqa zidd(???) hərəkətlərdir…”

Nəfəsini dərər-dərməz qaldığı yerdən davam etdi:

Qüdrəti tanıyırdın da, internatın direktorunu.

Rəhmətlik Qüdrət müəllimi!, dedim.

Hə, bax sizin o Qüdrət müəlliminiz dilinin bəlasına düşdü.

Qüdrət Aslanovu Qəbələdə kim tanımırdı ki? Adına və soyadına layiq qürurlu, ləyaqətli şəxsiyyət idi. Cəsarətli mövqeyi, ədalətli davranışı, əyilməzliyi, haqqsevərliyi, isbatlı sözləri, təbii yumor hissi ona daim çoxalan böyük nüfuz qazandırmışdı. Uzun illər “internat uşaqları”nın ağır məsuliyyətini sevə-sevə, vicdanla daşımış, çətin, maneələrlə dolu bir yol qət edərək “yığma” internatı rayonun ən nümunəvi məktəbinə çevirmişdi. O üzdəndi ki, nə qədər pozurlar-pozsunlar 4 saylı məşhur məktəbdən hələ də Qüdrət müəllimin dəsti-xətti silinməyib.

İnişillərdə Qəbələnin tunelə bənzər məşhur “Qozlu yol”undan ağaclar kütləvi kəsilərkən “ANS” kanalı ondan bu məsələ ilə bağlı müsahibə götürmüşdü. O zaman Qüdrət müəllim tarixi kökləri ikinci yüz illiyi xırdalayan təbiət abidəsinin əvəzsiz mənəvi dəyərlərindən danışıbmış. Kəsilmiş qozların taleyi barədəki suala isə kəsəcə cavab verib: “Harda olacaqlar, qoz ağacları yuxarıların parketinə gediblər”.

Hərçənd indiyə qədər o süjetin hansı məqsəd və cəsarətlə çəkildiyini anlaya bilmədim, çünki nə ondan əvvəllər “qərəzsiz” kanal özəl Qəbələyə gələrdi, nə də o vaxtdan sonra “ANS”-i buralarda görən oldu.

“Anti pedaqoji” hərəkətə operativ cavab olaraq məktəbə “yoxlama” göndərilən gün Qüdrət müəllim ərizəsini verdi. Həm də onun heç bir halda heç bir şərtə təslim olmadığını yaxşı bilən hamını heyrətdə qoyaraq. Kollektivdə hər kəs bu istefaya qarşı çıxanda Qüdrət müəllim onlardan verdiyi qərara sayğı göstərmələrini istədi. Etiraz yürüşünə hazırlaşan şagirdləri bu addımdan daşındırdı:

“Sizin yeriniz siniflərinizdir, küçələr yox!”.

Bir sözlə, kimsəni bu məsələyə qarışdırmadan üstünə gələn qondarma ittihamları tək qarşıladı.

Bir dəfə rastlaşanda Qüdrət müəllimə şagirdləri haqlı ikən susdurmasına incikiliyimi çatdırdım:

– Axı, bu uşaqlar sizin simanızda haqqı qorumaq istəyirdilər. Həm də sizdən daim bunu öyrəndikləri üçün.

– Mən də onları qorumaq istədim, – dedi, – Uşaqların aksiyası heç bir nəticə verməyəcəkdi, bunu biz bilirik. Amma onlar bilmirlər. Ən azından bir müddət bilməyəcəklər. Qoy ədalətə, haqqa olan inamlarını itirməsinlər. Heç olmasa, hələlik itirməsinlər.

Çünki… “Çünki”sini Qüdrət müəllimin qorumağa çalışdığı həmin fidanlar zaman keçdikcə anlayacaqlar və onun ruhunu bir daha hörmət və ehtiramla yad edəcəklər.

Qaldı ki, özünü mövcud iqtidarın təəssübkeşi kimi göstərməyə çalışan sabiq başçıya:

– Baş alıb gedən zorakılıqlara baxmayaraq, ölkədə sınmayan Qüdrət müəllimlərin layiqli varisləri və onları təmənnasız sevib dəyərləndirən yüzlərlə sadə insan var… Əlinizə havayı keçən sərvətə görə bütləşdirdiyiniz adamlar hakimiyyəti itirsələr, ətraflarında neçə nəfər qalacaq? Bəs siz yenədəmi onların yanında olacaqsınız? Qüdrət müəllimdən sitat gətirərək mənə içinizdəki miskin qəzəbi püskürdünüz. Üstəlik heydərovlara məhəbbətiniz mənə səmimi gəlmədi. Hətta bu tip yazılarımla onlara qarşı mən sizdən daha dürüstəm.

Bilirəm, uydurduğunuz saxta mifin zərrəsi olaraq guya bizi heçə sayırsınız. Amma öz aramızdır, hələ Təhsil Şöbəsinin çoxillik müdiri və bütöv Qəbələnin başçısı olduğunuz zamanlarda siz Qüdrət Aslanovdan güclü deyildiniz. Hətta indi, Qüdrət müəllim həyatda olmayanda belə yenə sizdən güclüdür, Əlibala Məmmədov…

Ana səhifəMənim FikrimcəQüdrət müəllimin internatı və sinifdə qalan məmurlar