Qüdrət Həsənquliyev: ”Sərt olub nə edəcəksən?”

Azərbaycan-İran-Rusiya münasibətləri parlamentdə müzakirə edildi

Source:


Azərbaycan-İran-Rusiya münasibətləri parlamentdə müzakirə edildi

Dekabrın 30-da Milli Məclisin iclasında deputatlar son günlərdə Azərbaycanının İran və Rusiya ilə olan diplomatik münasibətlərindəki problemləri müzakirə ediblər.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, İran Şuşadakı tarixi məscidin bərpası ilə bağlı Ermənistana yardımlar göstərir. O qeyd edib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır.

“İranın müdafiə naziri Hüseyn Dehqan isə bildirdi ki, İsrailin baş naziri Benyanim Netanyahunun Azərbaycana səfərinə dözə bilməyəcəklər. Xalq arasında bir deyim var: “Sərt olub nə edəcəksən?” – deyən deputat vurğulayıb ki, Azərbaycan İsraillə əlaqələrini bundan sonra da davam etdirəcək.

Qüdrət Həsənquliyev foto sosial şəbəkə

“İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək, yerində 5 dövlət yaranacaq” – deyə deputat əlavə edib.

Spiker Oqtay Əsədov isə deyib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz:

“İran prezidenti də Ermənistana səfər etdi, məgər biz onlara qarşı bəyanat verdik?! Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir”.

“Cəbhədə baş verənlər Ermənistanın təxribatıdır və Rusiyanı da bu prosesə qoşmaq istəyirlər”

Qüdrət Həsənquliyev ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən insidentə də münasibət bildirərək, bunu Ermənistanın növbəti təxribatı adlandırıb. Deputat vurğulayıb ki, Ermənistan Rusiyanı da bu prosesə qoşmaq istəyir:

“Təxribatın ardınca Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bordyujanın Ermənistanı müdafiə edən bəyanatı bir daha təsdiq edir ki, bu adam Ermənistanın bir tütəyidir və o, artıq baş katiblikdən getməlidir. Əks halda, bu, getdikcə bizə problem yaradacaq”.

Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, Bordyujanın açıqlaması çox savadsız idi və onun fikri heç də Rusiyanın mövqeyi demək deyil. Onun baş katiblikdən getməsi ilə bağlı məsələ qaldırılmasına gəlincə, spiker belə cavab verib:

“İndi o gedəcək, məsələn, yerinə Koçaryan gələcək. Onun savadsız açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirdi, etiraz edildi. Ona görə də, məsələni çox da şişirtmək lazım deyil”.

Cavid Qurbanov foto sosial şəbəkə
Cavid Qurbanov foto sosial şəbəkə

Cavid Qurbanov İrana qarşı tənqidlərə cavab verir

Deputat Cavid Qurbanov həmkarı Qüdrət Həsənquliyevin İranla bağlı tənqidinə cavab verib. O bildirib ki, Azərbaycanla İran arasında əlaqələr yüksək səviyyədə inkişaf edir və hansısa bir şəxsin açıqlamasına belə həssaslıqla yanaşmaq doğru deyil. O vurğulayıb ki, üç gün öncə İran-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanda idi.

“O, istər ölkə başçısı ilə, istərsə də mətbuata açıqlamasında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha dilə gətirib. Bundan əlavə olaraq biz dünən Naxçıvandan Məşhədə sürət qatarını yola saldıq. Məhz İran tərəfinin təklifi ilə bu qatar “Dostluq” qatarı adlandırıldı. Qatarın yola düşməsi ilə bağlı Culfada qurbanlar kəsilib, şirniyyat paylanıb. Orada da bir daha iki ölkə arasında əlaqələrin inkişaf etməsi bir daha bəyan edildi və bu əlaqələrin inkiaf etməsində konkret əməlin göstəricisi idi. Hər bir dövlətin özünün daxili işi var və ölkələr sərbəst siyasət yürüdürlər. Amma söhbət ikitərəfli münasibətlərdən gedəndə bu məsələyə həssas yanaşmaq lazımdır. Hər kəs ikitərəfli münasibətlərimizin inkişafını görür və izləyir. Bunu hamılıqla qorumalıyıq. Siz görərdiniz ki, Mahmud Vaizi Naxçıvanda bizim Ulu Öndər haqqında necə gözəl məhəbbətlə danışırdı, onunla xatirələrini bölüşürdü və Azərbaycana sonsuz məhəbbətini ifadə edirdi. Ona görə də bir daha hamıdan xahiş edirəm ki, bu məsələrə həssas yanaşaq” – Cavid Qurbanov bildirib.

Ana səhifəXəbərlərQüdrət Həsənquliyev: ”Sərt olub nə edəcəksən?”