Qüdrət Həsənquliyev: ”Dağlıq Qarabağla bağlı ilk mitinqi Mərkəzi Komitə təşkil edib”

“Kamran Bağırov həqiqətən də Moskvanın Dağlıq Qarabağı Ermənistana vermək niyyətini görürdü”

Source:
Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov
Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov
Azadlıq Meydanı
Azadlıq Meydanı


“Kamran Bağırov həqiqətən də Moskvanın Dağlıq Qarabağı Ermənistana vermək niyyətini görürdü”

 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin fikrincə, 28 il əvvəl, 1988-ci ilin 19 fevralında Dağlıq Qarabağla bağlı Bakıda ilk mitinq-yürüşün təşəbbüskarı Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi olub.

 BAXCP sədri bu barədə Meydan TV-yə açıqlamasında bildirib.

Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev deyir ki, həmin aksiyanın təşkilində Kommunist Partiyasının birinci katibi, mərhum Kamran Bağırovun müstəsna xidmətləri olub: “Fevralın 19-na bir gün qalmış axşamçağı komsomolun mərkəzi və rayon səviyyəsində rəsmiləri ali məktəblərin yataqxanalarına gəlib dedilər ki, görmürsünüz, Moskva Qarabağı ermənilərə vermək istəyir, niyə sakit oturmusunuz?! Səhərisi insanlar Bakı Dövlət Universitetinin qarşısından hərəkət edəndə onlara Politexnik, İnşaat Mühəndisləri və başqa ali məktəblərin tələbələri qoşuldu. Onda bunun təşkil olunduğunu hiss etdik. Birinci mitinq-yürüş belə başladı. Sonradan zavod və fabriklərin həmkarları, komsomolları özlərini vətənpərvər kimi göstərsələr də, onlara göstəriş olduğunu demirdlər. Çünki özlərini zərbə altında qoymaq istəmirdilər, ancaq camaatı mitinqə səsləyirdilər. Demək istəyirəm ki, ilk aksiyanı hökumət təşkil etdi”.

Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov
Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov

Ancaq Qüdrət Həsənquliyev düşünmür ki, birinci katib Kamran Bağırova Moskvadan camaatı meydanlara çıxarmaq göstərişi verilib: “Kamran Bağırov həqiqətən də Moskvanın Dağlıq Qarabağı Ermənistana vermək niyyətini görürdü. Ona görə də camaatı qaldırdı ki, Moskva bu addımı atmasın. Əks təqdirdə, Mərkəzi Komitə, yaxud Siyasi Büro Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul edə bilərdi. Necə ki, ötən əsrin 20-ci illərində oxşar qərar qəbul olunmuşdu. Demək istəyirəm ki, 1988-ci ilin fevralında Bakıda başlanan aksiyalar buna imkan vermədi. Düzdür, Kamran Bağırov zəif lider idi, amma vətənpərvər insan idi, insanları onun təşəbbüsü ayağa qaldırdı, buna görə onun ruhuna təşəkkür düşür”.



Haşiyə: Kamran Bağırov 1982-1988-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olub, 2000-ci ilin 27 oktyabrında Bakı şəhərində vəfat edib.

 “MEYDAN, 4 il, 4 ay (Azərbaycan Xalq Hərəkatı haqqında gündəlik – qeydlər)” kitabının müəllifi, professor Ədalət Tahirzadə bu barədə Meydan TV-nin sualını cavablandırarkən bildirib ki, o, Qüdrət Həsənquliyevin fikirlərini bölüşür: “Həsənquliyevin dedikləri inandırıcıdır, çünki o qədər insan birdən-birə qalxa bilməzdi. Yəqin ki, dövlət təşkil etmişdi”.

Həmin illərdə “Çənlibel” təşkilatının yaradıcılarından olmuş Vurğun Əyyub da hökumətdəki adamların təşkilatçılıq etməsi ilə bağlı fikirlərin səsləndiyini deyir: “Amma dəqiq heç nə deyə bilmərəm. Çünki heç bir qeyd götürməmişəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, o zamankı mitinqlərin aparıcılarından biri Sabir Rüstəmxanlı konkret heç nə deyə bilməyəcəyini söyləyir: “Mənim təşkilatçılardan xəbərim yox idi. Düzdür, fevral ayında tələbələr arasında həyəcan vardı. Mən universitetin hüquq, tarix, kitabxanaçılıq fakültələrində görüşlərdə olurdum, hər görüşümüz də bir mitinq idi. İnsanlar yürüş-mitinq haqda maraqlanırdı, sual edirdilər ki, aksiya olsa, adam çıxarmaq olacaqmı. Mən də cavab verirdim ki, özüm 5-6 min adam çıxardaram. Narahatlıq açıq sezilirdi. Mən “Yazıçı” nəşriyyatında baş redaktor idim, tələbələr hər mitinqdə gəlib “Sabir” deyə qışqırırdılar, düşüb onlara qoşulub gedirdim. Amma birinci mitinqin kimlər tərəfindən başladığını bilmirəm, sadəcə, aksiyada tələblər və müəyyən ziyalılar fəal idi”.

Ana səhifəXəbərlərQüdrət Həsənquliyev: ”Dağlıq Qarabağla bağlı ilk mitinqi Mərkəzi Komitə təşkil edib”